23 Noyabr 2024

Ombudsman Gəncədə azyaşlı qızın hamilə qalması faktını nəzarətə götürüb

Bakı şəhərinin Suraxanı rayonunda yaşayan və Gəncə şəhərində azyaşlı qızın evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.

Ombudsman Aparatından “İki sahil”ə bildirilib ki, evliliyə cəlb olunmuş azyaşlı qızın hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Məsələ ilə bağlı müvafiq qurumlarla, həmçinin uşağın xalası ilə əlaqə saxlanılıb, onun səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib.

Məsələnin araşdırılması və azyaşlının hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət olunub.