19 May 2024

Ölkəmizin xarici siyasəti uğurla inkişaf etdirilir

Azərbaycanın xarici siyasəti dünyada gedən proseslərə təsir imkanları olan hər bir beynəlxalq təşkilatla əməkdaşlığı, qarşılıqlı münasibətlərin qurulmasını və inkişafını özündə ehtiva edir. Azərbaycan üzvü olduğu və ya tərəfdaşlıq etdiyi hər bir təşkilatın ümdə prinsiplərinə daim sadiq qalıb, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. NATO da öz növbəsində Azərbaycana bölgədə mühüm rol oynayan tərəfdaş ölkə kimi yanaşır.

Azərbaycanın regiondakı rolunun və mövqeyinin güclənməsi NATO-nun ölkəmizə olan marağını daim artırır. Azərbaycan Prezidenti NATO-nun dünyadakı rolunu belə xarakterizə etmişdir: “Biz dünyada sülhün və sabitliyin təmin olunmasında NATO-nun böyük rolunu yüksək qiymətləndirir, onu Ümumavropa təhlükəsizliyinin olduqca mühüm vasitəsi hesab edirik.” 1999-cu ildə Azərbaycan NATO-nun rəhbərliyi altında Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. Möhtərəm Prezident İlham Əliyev cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bidirdi ki, NATO ilə aparılan dialoq uğurla davam edir.

Azərbaycan – NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub.2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatların yaxşı nəticələr verdiyini söyləyən Möhtərəm Prezidentimiz onu da vurğuladı ki, biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk. Uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Ölkəmizin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək münaqişəni hərbi-siyasi yolla həll edib. Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyirik. Dövlət Başçımız bildirdi ki, sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Möhtərəm Prezidentimiz vurğuladı ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir.Qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaqdır.

Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir. Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu amil Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olan Azərbaycan öz tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırımaqda davam edir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı