27 İyul 2024

Noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi tarixi hadisə idi

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu.

Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malikdir: “Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir. Rayon ərazisi qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngindir. Eyni zamanda Kəlbəcərə çox gözəl və əsrarəngiz təbiətə malik rayonlarımızdan biridir. Eyni zamanda Kəlbəcər zəngin tarixə malik ərazilərimizdən biri kimi ən qədim insan məskənlərindən hesab olunur. Bu mənada “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” adlanır. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər həmçinin Azərbaycanın ən yüksək dağ rayonlarından biridir. İnzibati rayon kimi 1930-cu ildə yaradılan Kəlbəcər 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən işğal edilib. Ermənistanın işğalı nəticəsində rayonun bütün tarixi, dini, mədəni abidələri, yaşayış məntəqələri, infrastrukturu dağıdılıb, məhv edilib. Erməni barbarlığı nəticəsində Kəlbəcərdə demək olar ki, azərbaycanlıların izi itirilməsi üçün bütün vandallıqlara əl atılıb. Eyni zamanda rəsmi İrəvan hərbi cinayətləri ilə yanaşı BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanılıb.

Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli və tutarlı cavabdır.

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Şəhər Gününün işğaldan azad olunmuş bütün ərazilərdə keçirilməsi Qarabağ Azərbaycandır reallığının təntənəsidir. Noyabrın 25-i “Kəlbəcər Şəhəri Günü” ilə əlaqədar ilk dəfə keçiriləcək tədbir də qürur doğurur və Kəlbəcər öz tarixinin ən parlaq, qürurverici günlərinə şahidlik edir. Və bu gün işğaldan azad olunan torpaqlarımız, o cümlədən Kəlbəcər Prezidentimizin rəhbərliyi ilə yenidən bərpa edilərək Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcək və həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri