27 İyul 2024

Novruz bayramı ölkəmizin bütün ərazilərində sevinc və qürurla qeyd olunur

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Ölkə rəhbərimiz bildirmişdir ki, dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb.

Ölkə rəhbərimiz bildirmişdir ki, biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.

30 ildən sonra ilk dəfə olaraq Xankəndidə tarixi qələbəmizin memarı Prezident İlham Əliyev tərəfindən Novruz tonqalı alovlandı. Xankəndidəki bayram tonqalı həm dövlətimizin bütövlüyünün, həm də xalqımızın dünyaya Novruzun mahiyyətindən irəli gələn işıq və sülhün bəyanı idi. Prezident çıxışında qədim Xankəndinin tarixi haqda dəqiq faktlarla danışaraq dünyaya bu qədim yurd yerimizin Azərbaycan şəhəri olduğunu sübut etdi. Regionun lider dövlətinin rəhbəri kimi Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbrik hər bir vətəndaş üçün böyük sevinc və xoşbəxtlik təntənəsinə çevrildi. Bir zamanlar göz yaşı, niskillə baxdığımız və gəzmək, yaşamaq xəyalı qurduğumuz Xankəndidə bu gün Azərbaycan bayrağı dalğalanır və qalib xalqın qalib lideri burada Novruz tonqalını alovlandırır, xalqı təbrik edir! Ümumxalq xoşbəxtliyi dediyimiz, bax budur.

Azərbaycanlı olmağın böyüklüyünü, qüdrətini, qürurunu yaşayan xalqımız tarixində ilk dəfə olaraq bütövləşən Azərbaycanın hər yerində səməni ətirli bayram əhval-ruhiyyəsində, sevinc içində el şənlikləri keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yurdumuza bahar gəlir. Milli dərdlərini, problemlərini tam həll etmiş Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq Novruz bayramını niskilsiz, sevinc və qürurla keçirir. Bayramınız mübarək, dostlar. Hər günümüz bayram, süfrələrimiz bərəkətli olsun. Tanrı xalqımızı və dövlətimizi qorusun.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı