Novruz arzuların, duaların dilə gətirildiyi bayramdır
Xalqımızın ən qədim bayramlarından biri olan Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran el bayramıdır.
Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.
Bahar bayramının bu gün ölkəmizdə ümumxalq bayram kimi qeyd edilməsi dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.
Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz bayramı uzun illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni adət-ənənələr əmələ gəlib və nəsildən-nəslə ötürülüb. Novruz bayramının zəngin tarixini və rəngarəng folklorunu özündə ehtiva edən papaq atmaq, tonqaldan tullanmaq, səməni əkmək, milli şirniyyatlar hazırlmaq, yumurta döyüşdürmək kimi adətlər bu bayramın əsas simvollarındandır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.
Novruz həm də arzuların, duaların dilə gətirildiyi bayramdır. Uzun illər xalqımız bu bayram günlərində işğal altında olan torpaqlarımızın azadlığını, bayram şənliklərini öz doğma yurd yuvalarında keçirməyi arzulamışdır. Xalqımızın gücü, dövlətimizin qüdrəti nəhayət ki, bu arzunu gerçəkləşdirdi. 30 ildən sonra ilk dəfə olaraq Xankəndidə tarixi qələbəmizin memarı Prezident İlham Əliyev tərəfindən Novruz tonqalı alovlandı. Xankəndidəki bayram tonqalı həm dövlətimizin bütövlüyünün, həm də xalqımızın dünyaya Novruzun mahiyyətindən irəli gələn işıq və sülhün bəyanı idi. Prezident çıxışında qədim Xankəndinin tarixi haqda dəqiq faktlarla danışaraq dünyaya bu qədim yurd yerimizin Azərbaycan şəhəri olduğunu sübut etdi. Regionun lider dövlətinin rəhbəri kimi Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbrik hər bir vətəndaş üçün böyük sevinc və xoşbəxtlik təntənəsinə çevrildi. Bir zamanlar göz yaşı, niskillə baxdığımız və gəzmək, yaşamaq xəyalı qurduğumuz Xankəndidə bu gün Azərbaycan bayrağı dalğalanır və qalib xalqın qalib lideri burada Novruz tonqalını alovlandırır, xalqı təbrik edir! Ümumxalq xoşbəxtliyi dediyimiz, bax budur. Azərbaycanlı olmağın böyüklüyünü, qüdrətini, qürurunu yaşayan xalqımız tarixində ilk dəfə olaraq bütövləşən Azərbaycanın hər yerində səməni ətirli bayram əhval-ruhiyyəsində, sevinc içində el şənlikləri keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu il Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yurdumuza bahar gəlir. Milli dərdlərini, problemlərini tam həll etmiş Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq Novruz bayramını niskilsiz, sevinc və qürurla keçirir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri