19 Mart 2024

Novruz adət-ənənələrimiz nə qədər unudulub, deformasiyaya uğrayıb?

Atəş Əhmədli: “Artıq novruzşünaslıq bir elm sahəsi kimi Folklor İnstitutunda öyrənilir”

Bu gün artıq İlaxır çərşənbədir. Bu o deməkdir ki, bir neçə gündən sonra Novruz bayramını qarşılayacağıq. Bəs Novruzla bağlı hansı adət-ənənələrimiz unudulub və yaxud deformasiyaya uğrayıb?

Mövzu ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Musavat.com-a danışıb.

16400945751432255033_1200x630.jpg (325 KB)

Folklorşünas qeyd edib ki, dövrümüzə qədər gəlib çatan Novruz adət və ənənələri o qədər çox deformasiyaya uğramayıb:

“Məsələn, görürük ki, əgər bir bölgədə hansısa adət unudulubsa, digər bölgədə onu icra edirlər. Ümumiyyətlə, zəncirvari şəkildə bir-birinə bağlı olan adət-ənənələri nəinki Azərbaycan, hətta Türkiyə və digər  arealları üzrə unudulmuş, itmiş, yaddan çıxmış məqamları bərpa etmək mümkündür. Əlbəttə ki, bütün bunları araşdırma aparan zaman bilmək olur. Artıq novruzşünaslıq bir elm sahəsi kimi bizim Folklor İnstitutunda öyrənilir. Doğrudur, ayrıca bir şöbə yoxdur, amma düşünürəm ki, gələcəkdə novruzşünaslıq ayrıca bir şöbə şəklində də fəaliyyət göstərəcək”.

Atəş Əhmədli bu sahədə çalışan kifayət qədər alimlərimizin olduğunu vurğulayıb:

“Hazırda Novruzla bağlı tədqiqat aparan bir neçə alimimiz var. Məsələn, Ağaverdi Xəlil – onun “Novruz” adlı kitabı var, Sevinc Qasımova – onun da novruzşünaslığa aid kitabı nəşr olunub, müasir, yeni  tədqiqatçı Şakir Ağabalıyev –  bu günlərdə onun da Novruzla bağlı yeni tədqiqatı işıq üzü gördü, Seyfəddin Rzasoy – bu alimimiz  hətta Gürcüstanda yaşayan  azərbaycanlıların adət-ənənələrini öyrənib. Məlum olur ki, Gürcüstanda yaşayan soydaşlarımız Novruzla bağlı elə adətləri icra edir ki, onlar bizdə yoxdur. Məsələn, Gürcüstanın Borçalı ərazisində yerləşən Muğanlı kəndində  libas dəyişmə mərasimi var. İlin son günündə, yəni bayramda yeni libaslarını geyinirlər.  Ümumiyyətlə, Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti çərşənbələri deyil, daha çox Novruz bayramını qeyd edirlər. Təkcə Gürcüstanda deyil, elə bölgələrimiz var ki, orada bir tək İlaxır çərşənbə xüsusi təmtəraqla qeyd olunur. Məsələn, Naxçıvanda. Amma digər bölgələrimizdə yalançı çərşənbələri də qeyd edənlər var”.

c7aed46f-f134-435c-a273-cba8fbe95f34_850.jpg (101 KB)

Folklorşünas hazırda ölkəmizdə unudulan bəzi Novruz adət-ənənələrindən də söz açıb:

“Qayıdaq Muğanlı kəndinə, burada əllərində dəyənək, xüsusi heyvan dərilərindən hazırlanmış maskalar taxıb, geyimlər geyinmiş adamlar qarşılarına çıxan insanları dəyənəklə döyür, qabaqlarına qatıb, aparırlar. Bu, çox maraqlı adətdir. Qarşısına çıxan adamı döyməmək üçün isə mütləq nəmər almalıdır. Bu nədir? Nəmərin verilməsi sanki ilin qurbanıdır. Yəni köhnə ilin sonuncu həmlələri, hücumlarıdır. Köhnə il sanki hücuma keçib yeni ilə, yeni ideyalara, yaşayışa, həyata qarşı amansız döyüş aparır, yenilik də köhnənin qarşısında acizlik göstərməmək üçün əlbəttə ki, mütləq müqavimət nümayiş etdirməlidir. Pay, nəmər almaq mənə elə gəlir bu anlamdadır. Məsələn, torba atma, hansı ki, sonralar qurşaqatdı, papaqatdı deyirik, orada yığılan pay qurban vermə aktı, ruhların payıdır. Adətə görə, atalarımız taxıl zəmilərinə gedib, əkini əkməmişdən əvvəl, taxılın müəyyən hissəsini səpər, “bu da qurd-quşun, yetim-yesirin payı olsun”, deyərlər. Hesab edirəm ki, qeyd etdiyim nəmər məsələsi də anlayışda qurban vermə aktlarının bir növüdür.

Zamanında dənli bitkiləri yığıb, “kasa saldı” mərasimi keçirərdilər. Həmin “kasa saldı” mərasimi indiki papaqatdı kimi icra olunurdu. Lakin o vaxtlar insanlar üzü bağlı şəkildə, zınqırovlarla gəlib, dəmir kasalarda ruhların payını aparardı. Üzü bağlı adam ruhu imitasiya edirdi, buna görə də mütləq şəkildə üzü görünməməli idi. O dövrlər şəkərbura, paxlava yox idi, ona görə də insan dənli bitkilərdən ruhlara, təbiətə qurban, pay verərdilər. İnsan ruhun canlı, mövcud olduğuna inanır, buna görə də itirdiyi yaxınlarının ruhlarını əziz tutub, onlar üçün törənlər keçirir, yeməklər bişirərdilər. Elə indi də yemək bişiriləndə ruhların xatirəsinə ithaf olaraq qazana duz atılır.

Qeyd edim ki, bu tədqiqatları aparmaq maraqlıdır, həm də həmin tədqiqatların aparılması üçün bugünkü adətlər bizə ipucu verir. Məsələn, torbaatdı, papaqatdı adətləri birbaşa mifoloji düşüncələrə gedib, çıxır və yaxud ruhun imitasiyasıdır.

329991.jpg (49 KB)

Və yaxud icra olunan fallara baxaq, insan öz taleyini, bəxtinin yeni ildə necə olması ilə maraqlanır. Çünki il təzələnir, həmçinin insanın da fikirləri, təfəkkürü, yenilənir, insan da təbiətin bir zərrəsidir. Diqqət etsəniz görərsiniz ki, xüsusən də yaradıcı insanlar yaz aylarında gözəl şeirlər, əsərlər yaradırlar. Bütün yaradıcı insanlar istəyirlər ki, yazda yeniliklər yaratsın. Yəni yazın gəlişi ilə insanın ruhu yeniləşir. Bu baxımdan ən qədim zamanlardan insanlar öz yeni talelərini, bəxtlərini, uğurlarını və yaxud uğursuzluqlarını öyrənmək üçün fallar icra edirdi. Məlum olduğu kimi, Novruzla əlaqədar xeyli sayda icra olunan fallar var. Onların arasında su ilə, odla, həmçinin digər vasitələr ilə icra olunan  fallar var. Məqsəd birdir – insan yeni ildə taleyinin necə olacağı ilə maraqlanır.

b882c8.jpg (71 KB)

Qulaq falı, qapıpusma kimi fallar da var ki, bu falların həm də digər məqsədi insanları tərbiyələndirmək, yaxşı sözlər deməsinə, bayram gecəsi sevincli, coşğulu olmağa, kədərli olmamağa vadar etməkdir. Əslində evdə gözəl sözlər danışmaq ilboyu lazımdır, yalnız bayramda deyil”.

Xalidə Gəray