25 Sentyabr 2022

Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq edib.

Nazirlikdən Media1.az-a bildirilib ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər.

“Təəssüf ki, belə şikayətlər xüsusilə, Dövlət proqramları, eyni zamanda, hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir. Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd sözügedən proqramlara seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Elm və Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Elm və Təhsil Nazirliyinin 146 – 6 “Çağrı Mərkəzi”nə məlumat versinlər”, – qeyd olunub.