Navalnı hər kəsi seçkilərdə Putinin əleyhinə səs verməyə çağırdı
Rusiya müxalifətinin lideri, hazırda Vladimir vilayətində həbsxanada cəza çəkən Aleksey Navalnı rusiyalıları prezident seçkilərində iştirak etməyə və Vladimir Putinin əleyhinə səs verməyə çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mesaj onun sosial şəbəkələrində yayılıb.
“İstənilən seçkilər, hətta ən saxta olanları belə, şübhə dövrüdür. İnsanlar kimin hakimiyyətdə olduğunu və nə üçün orada olduğunu düşünürlər. Rusiya müxalifətinin əsas vəzifəsi, bütün vicdanlı vətəndaşların vəzifəsi bu şübhələrə cavab verməkdir. İnsanlara başa salmaq lazımdır ki, 24 il hakimiyyətdə olan Putin daha 6 il qalsa, Rusiyaya pislik gətirəcək. Getməlidir”, – deyə müxalif siyasətçinin mesajında bildirilib.
Xatırladaq ki, Rusiya Federasiya Şurası cümə axşamı keçirilən iclasında Rusiya prezident seçkilərinin tarixini 2024-cü il martın 17-nə təyin edib.