19 Mart 2024

Muxtar Babayev BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Musavat.com xəbər verir ki, ikili görüşdə maraq doğuran bir çox məsələlər müzakirə olunub.

M.Babayev görüşdə Azərbaycanın BMT-nin ali orqanları, o cümlədən Baş Assambleya ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib.

Nazir deyib ki, Azərbaycan BMT-nin 2022-ci il Davamlı İnkişaf Hesabatında ilk 50 ölkə sırasında yer alıb və dörd qruplaşdırılmış kateqoriya üzrə 97,3 faizlə ən yüksək performans nümayiş etdirərək regionda birinci yerdə qərarlaşıb.

BMT-nin su konfransında iştirakından məmnunluğunu ifadə edən M.Babayev bildirib ki, Azərbaycan su ehtiyatlarının ölkə üzrə qeyri-bərabər paylanmasından əziyyət çəkir və su təchizatının 70%-dən çoxu sərhədlərdən kənar mənbələrdən gəlir:

“Azərbaycan BMT-nin müvafiq sənədlərinin, o cümlədən Su Konvensiyasının həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla işi davam etdirir. Təəssüf ki, regionun əksər ölkələri hələ də Su Konvensiyasına qoşulmayıb, bu da transsərhəd çayların davamlı idarə olunması üçün əməkdaşlıq imkanlarını məhdudlaşdırır. Azad edilmiş ərazilərdə Dayanıqlı İnkişafın Məqsədlərinin (DİM) icrası hazırda Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biridir. Bu kontekstdə biz məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin etmək məqsədilə ekoloji risklərin, o cümlədən su ehtiyatları ilə bağlı risklərin aradan qaldırılması üçün BMT təşkilatları ilə fəal işləyirik. Bu yaxınlarda işğaldan azad edilmiş Ağdam rayonunda BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə keçirilən yüksək səviyyəli illik strateji məsləhətləşmə də ikitərəfli əməkdaşlığı bir daha təsdiqlədi. O görüşdə də su əsas prioritet məsələlərdən biri idi”.

2ab96136-50f9-3fe8-9a13-6f94ed4a4b0d.jpg (104 KB)

Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin minalarla çirklənməsi bölgədə monitorinq və reabilitasiya işlərini məhdudlaşdırır: “Çirklənmiş ərazilər bölgədə yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri qayıtmasını ləngidir. Bununla yanaşı, iqlim dəyişikliyinin su ehtiyatlarına mənfi təsirləri ilə yanaşı, Azərbaycan transsərhəd suların idarə edilməsi və çirklənmə ilə bağlı artan problemlərlə üzləşir. Oxçuçay kimi transsərhəd çaylar təkcə Azərbaycan üçün deyil, həmin çayların keçdiyi bütün dövlətlər üçün vacibdir. Ortaq su ehtiyatlarını qorumaq üçün dövlətlər arasında sıx əməkdaşlıq lazımdır”.

M.Babayev Azərbaycanın BMT-nin Su Fəaliyyəti gündəliyinə töhfə olaraq reallaşdırdığı layihələr barəsində də K.Korosiyə məlumat verib.

K.Korosi öz növbəsində Azərbaycanın BMT-nin əsas orqanları ilə sıx əməkdaşlığından və BMT-yə verdiyi töhfələrdən məmnunluğunu qeyd edib. O, mövcud problemlərin həlli istiqamətində addımlar atılacağını söyləyib.