25 İyun 2024

Müsəlman Şərqində yaradılmış ilk demokratik Cümhuriyyət

Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması xalqımızın milli kimliyinin, hansı ideyalarla yaşamasının son dərəcə parlaq təcəssümü idi. Bu, həm də o deməkdir ki, bu gün özünü demokratiyanın keşikçisi kimi göstərən xalqlardan fərqli olaraq Şərqdə demokratiyanın əsası məhz, Azərbaycan xalqı tərəfindən qoyulub. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirmişdir. Milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, teatr və kitabxanaların fəaliyyətə başlaması AXC-nin dövlətçilik baxımından çox qısa bir müddətdə reallaşdırdığı mühüm məsələlərdən idi.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızın dünyaya tanıdılması kimi mühüm bir tarixi missiyanı həyata keçirmişdir. O dövrdə yürüdülən xarici siyasətin ən önəmli uğurlarından biri Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınması oldu. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə nümunə olmuşdur. AXC bu inqilabi qərarı verərkən hələ Qərbdə bir çox dövlətlər bu barədə heç düşünməmişdilər. Ümummilli Lider Heydər Əliyev bu haqda belə demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində xıx əsrin sonunda və xx əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri , mütəfəkkir adamları , ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval – ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.”

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaqsəhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühümaddımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Azərbaycan Xalq Cümhuriyyəti çoxəsrlik tariximizin böyük dəyərlərindəndir. Onun ən layiqli qiymətini Ümummilli Lider Heydər Əliyev vermişdir. Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə uğurla həyata keçirdiyi inkişaf siyasəti xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytarmış, milli mənlik şüurunu yüksəltmiş, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır. Cümhuriyyətin üçrəngli bayrağının ilk dəfə olaraq Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırılması da Azərbaycan Xalq Cümhuriyyəti ideyalarına sadiqliyin, müstəqilliyə gedən yolu bütün şəraitlərdə uğurla davam etdirərək yeni mərhələlərə çatdırmaq əzminin təzahürü idi.

Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əsaslı tədbirlər görülür. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada, Xankəndidə, Xocalıda və bütün ərazilərimizdə dalğalanması Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı