Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb – YENİLƏNİB
Rusiyanın paytaxtı Moskvada, Mərkəzi Kinematoqrafçılar Evində ssenarist və yazıçı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb.
Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.
Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək.
Dəfn tarixi barədə əlavə məlumat veriləcək.
14:45
Rusiyanın paytaxtı Moskvada, Mərkəzi Kinematoqrafçılar Evinin böyük zalında ssenarist və yazıçı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
Bu barədə “Report”un Rusiya bürosu məlumat yayıb.
Vida mərasimində Azərbaycanın və Rusiyanın tanınmış simaları iştirak edir.
Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib.
Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.