22 Noyabr 2024

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib.

Media1.az-ın verdiyi xəbərə görə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova mədəniyyət müəssisələrində ardıcıl olaraq mədəni fəaliyyətlərin təşkilinə önəm verdiyindən Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Şuşa İli”nə həsr edilmiş “Qarabağın tacı Şuşa” adlı tədbirin işinə qatılıb.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə xanım Möhsümova, regional idarənin əhatə etdiyi Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri iştirak edib.

Mərasimdə əvvəlcə , torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçıları “Şuşa İli” ilə bağlı təşkil olunmuş sərgiyə baxış keçirməklə Heydər Əliyev Mərkəzinin əməkdaşı, gənc şair Emil Xanlarovun “Xalqın Xidmətçisi” və “Böyük Qayıdış” kitabları ilə yaxından tanış olublar.

Daha sonra tədbir Bərdə Regional Mədəniyyət idarəsinin əhatə etdiyi musiqi məktəblərinin müəllim və şagirdlərindən ibarət ansambl və orkestrların çıxışlarıyla davam edib.

Onu da qeyd edək ki, tədbirin sonunda Şuşanın tarixi və mədəni həyatından bəhs edən videoçarx nümayiş olunub.