Milli xalça sənətimiz: Dünəndən bu günə
5 may – Xalçaçı Günüdür!
Milli dəyərlərimizin bir qolu olan xalçaçılığın yaranma tarixi də eradan əvvəllərə təsadüf edir.
Məlumdur ki, əsrlərlə yol gəlmiş, tarixin keçmə-keçli sınaqlarından heç bir dəyişikliyə uğramadan günümüzə qədər gəlib çatmışdır xalçaçılıq. Elə bu gün də dünən olduğu kimi, hətta ondan da artıq dəyər və qiymətdədir bu sənət. İstər dövlət, istərsə də xalq tərəfindən hər hansı bir sənət sahəsinin, o cümlədən xalçaçılığın yaranması üçün ilk öncə bu sahədə istifadə edilən xammal olmalıdır. Qoyunçuluğun geniş yayılması xalçaçılığın əsas xammalı olan yunun əldə edilməsinə şərait yaradır. Bir xalçanın toxunması bir neçə aya və bir neçə fərqli proseslərin həyata keçirilməsi ilə başa gəlir. Yazın sonunda qırxılan qoyunun yunu yay aylarında yuyulub qurudulur, didilib daranır, əyrilir, cəhrədə ipə çevrilir, kələflər şəklində boyanır və düyünçə şəklinə salınır.
Qurulan hanada yun, pambıq və ya bəzən də ipək saplardan əriş uzadılır və xalçanın toxunmasına başlanılır. Payızda başlanılan xalça təxminən yaz aylarında, əsasən də mart ayında başa çatır. Naxçıvan ərazisində hananın qurulması da, xalçanın kəsilməsi də toy-bayram kimi qarşılanır və təntənəylə qeyd edilirdi. Hana qurulan və xalça kəsilən evə qonum-qonşu tərəfindən xonçalar tutulub gətirilərdi. Samovar çayı dəmlənər və şirniyyatlarla içilərdi. Xalçanın ölçüsünə əsasən iməcələr təyin edilərdi. Qız-gəlinlər kömək üçün növbə ilə toxumağa gələrdi.
Xalçalarda istifadə olunan iplərin hamısı bu ərazinin flora və faunasından əldə olunan rənglərlə boyanardı. Naxçıvan ərazisində xeyli sayda boyaqxanalar olsa da əhalinin əksəriyyəti ipləri özləri boyamağa üstünlük verirdi. Səbəb isə xəyallarındakı rəngləri əldə etmək idi.
Xalçaçılığın ilkin inkişaf mərhələsini keçələr təşkil edir. Keçə ilmə atılmadan ərsəyə gələn yeganə döşənək növüdür. Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da keçəçilik sənəti vaxtilə geniş yayılmışdır. Naxçıvanda keçələr özünəməxsus formada hazırlanırmış. Didilmiş yunu ağ parçanın üzərinə sərir və yonulmuş, düz silindirik ağaca (bu ağac “ox” adlanırdı) büküb hər iki tərəfdən bərk bir şəkildə bağlayırdılar. Keçə yetişsin deyə onu ayaqlayır, sonra ayaqları ilə vura – vura fırladırdılar. Salınmış yunun üzərinə isə hərdən bir ilıq su və ya yumurta sarısı sərpirdilər ki, yun bir-birinə daha tez yapışsın. Yun yapışıb, keçə halına gələnədək bu proses davam edirdi. Yunun yapışması üçün küncləri toxmaqla döyülürdü.
İstifadə təyinatına görə keçələr müxtəlif qalınlıqlarda hazırlanırdı. Keçələrin qara keçə və ya qəlib keçəsi, yük keçəsi, yəhər keçəsi, dolaq keçəsi, at keçəsi, qapı keçəsi, namazlıq keçə, qundaq keçəsi, təpmə keçə kimi növləri mövcuddur. Keçələrə, eyni zamanda, qadın və kişi geyimlərində də rast gəlinir. Çoban yapıncığı buna bariz nümunədir ki, bu da məhz təpmə keçədən hazırlanırdı. Qara keçə və ya qəlib keçələrdən əsasən döşənək kimi istifadə edilirdi. Yük keçəsi köç zamanı yüklərin örtülməsində, yağışdan, tozdan qorumaq məqsədilə, yəhər keçəsi at belinə yəhərin altından qoyulmaq üçün, dolaq keçəsi xüsusən çobanların qış dövründə sürünü otararkən ayaqları donmasın deyə ensiz halda hazırlanmış keçələrdir. Qapı keçəsi adından da göründüyü kimi, pərdə rolunu oynayırdı ki, bu keçələrə basma üsulu ilə xüsusi bəzəklər vurulurdu, namazlıq keçələr isə bir müsəlmanın namaz qılarkən, ibadət edərkən istifadə etdiyi keçələrdir. Bu keçələrin üzərində də islamiyyəti ifadə edən müxtəlif elementlər (ay, ulduz, minarəbaşı və s.) təsvir edilirdi. Eləcə də sərt iqlimdə köçəri həyat tərzi sürən bəzi tayfalar ailənin körpə fərdini soyuqdan qorumaq məqsədilə qundaq keçəsindən istifadə edirdilər. Keçələr alaçıq və dəyələrin döşənməsində geniş şəkildə istifadə olunan əvəzolunmaz döşənək növü idi.
Zaman ötdükcə insan zəkası daha fərqli döşənək növlərini ərsəyə gətirir. Və bu zaman artıq daha fərqli üsullar və texnikalara üz tutulur. Belə ki, toxunma texnikasına görə xalçalar iki yerə ayrılır: xovsuz və xovlu xalçalar. Xovsuz xalçalar daha qədim olub, sadə keçirtmə, sadə dolama usulu ilə toxunurdu və aşağıdakı növləri var; həsir, palaz, cecim, kilim, zili, vərni, şəddə, və ladı. Xovsuz xalça nümunələrini yay döşənəyi, qapı pərdəsi, divar örtüyü, yük örtüyü, süfrə kimi, eləcə də müxtəlif xalça məmulatlarının hazırlanmasında istifadə edirdilər. Bunlara məfrəş, heybə, xurcun, duz torbası, xaral, çul eləcə də səccadələr və digər məişət əşyaları daxildir.
Xalçaçılığı inkişaf mərhələsinə görə dörd dövrə bölürlər. Onun birinci dövrü ibtidai dövrüdür və bu dövrdə palaz və cecimlər ərsəyə gəlmişdir. Hər iki döşənək növü yer hanalarında sadə keçirtmə üsulu ilə toxunurdu. Sadə və ensiz zolaqlar şəklində (50-60sm ölçüsündə) 50-60 m uzunluğunda toxunardı və lazım olan ölçüdə kəsilib birləşdirilib müxtəlif məqsədlər üçün istifadə olunardı. Palaz və cecimlərin zolaqları əvvələr rəngsiz və sadə, sonralar rəngli və müəyyən sadə elementlərlə bəzədilərdi. Toxuculuğun ikinci dövrünə kilimlər aid edilir. Bu döşənək növü mürəkkəb keçirtmə üsulu ilə ərsəyə gəlirdi. Toxunan kilimlər özlərində əlvan rəngli həndəsi elementləri ehtiva edirdi. Kilimlər hər iki üzünün istifadəsinə görə yeganə döşənək növüdür. Toxuculuğun üçüncü dövrü zili, vərni, ladı, şəddə kimi növlərinin meydana gəlməsi ilə bağlıdır. Onlar sadə dolama üsulu ilə toxunur və bir qədər mürəkkəb kompozisiyanı özlərində əks etdirirdilər. Artıq onlar həndəsi elementlərlə yanaşı, nəbati və zoomorf motivlərlə də süslənirdi. Naxçıvan ərazisi üçün səciyyəvi olan, məhz bu bölgədə toxunan şəddə özü də sadə və dəvəli olaraqdan iki yerə ayrılır. Naxçıvanın qədim ipək yolu üzərində yerləşməsi buradan karvan yollarının keçməsinə şərait yaratmışdır ki, elə şəddə üzərində dəvə karvanları tez-tez əks olunurdu. Zamanla xovsuz xalçalar öz yerlərini xovlu xalçalara vermişdir. Xovlu xalçalar mürəkkəb ilmə və qullabı ilmə üsulu ilə toxunur. Naxçıvan ərazisində toxunan xovlu xalçalar az ilmə sayına, qalın xova malik olur. Xovlu xalçalar əsasən qış döşənəyi kimi istifadə edilirdi.
Xalçalar toxunma texnikası ilə yanaşı, kompozisiya baxımından da əhəmiyyət kəsb edir. Bu baxımdan xalçalar üzərində təsvir edilən elementlər 4 qrupa bölünür; həndəsi, nəbati, zoomorf, antrapomorf. Bu elementlər də bir başa bu ərazilərin flora və faunasını özündə ehtiva edir. Buta, ulduz, qoç buynuzu, əjdaha başı, xətai və rumi elementləri, şamdan, minarə başı, çərxi fələk, qarmaq, həyat ağacı elementləri, müxtəlif stilizə edilmiş heyvan təsvirləri və adlarını sadalamadığımız onlarla digər elementlər Naxçıvan qrupu xalçalarında geniş istifadə edilmiş ornamentlərdəndir. Bu ornamentlərin hər biri ayrı-ayrılıqda dərin məna daşıyır və onu toxuyanın iç dünyasını, yaşam tərzini, dünyaya baxışını, xarakterini sərgiləyir.
Xalçalar kompozisiya baxımından iki yerə ayrılır: ornametli və süjetli xalçalar. Naxçıvan üçün spesifik olan ornamentli xalçalarla yanaşı, burada zaman-zaman süjetli xalçalar da toxunmuşdur. Belə xalçalar əsasən ədəbiyyata və tarixə marağı olan insanlar tərəfindən toxunurdu və ya sifarişə əsasən ərsəyə gəlirdi. Bu xalcalar evlərin divarlarına asılaraq süs məqsədilə istifadə olunurdu. Xalçaların üzərində ad və ya tarix həkk edilirdi ki, bu da kətəbə hissə adlanırdı. Kətəbələr əsasən xalçanın toxunduğu tarixi, bəzən də övladın doğum tarixini və ya hər hansısa bir əlamətdar tarixi ifadə edirdi.
Xalçanın bədii tərtibatı hələ onu toxumağa başlamazdan müəyyən olunurdu. Belə ki, xalçalar ev üçün, oğul və ya qız övladına hədiyyə verilmək üçün və sairə təyinatlar kimi nəzərdə tutular və ona görə kompozisiya seçilərdi. Ev üçün nəzərdə tutulan xalçalar evin digər döşənəklərinə uyğun tərtib olunardı. Əgər xalça oğul övladı üçün nəzərdə tutulurdusa onda həmin xalçaya daha kəskin elementlər vurulardı. Bu elementlərə əsasən həndəsi elementlər daxildir. Müdafiə rəmzi hesab olunan “ox”, “qarmaq”, güc qüvvət rəmzi olan “əjdaha”, bolluq bərəkəti ifadə edən “qoç buynuzu”, “dəvə”, “maral”, kişi cinsini rəmzləndirən “üçbucaq”, ailə işarə olan “kvadrat”, soy kökü bildirən “həyat ağacı”, bəd nəzərdən qorunmaq üçün “pıtraq”, ailə və dövləti rəmzləndirən “damğa” və sairə kimi motivlər daha geniş istifadə olunur.
Qız övladına cehiz veriləcək xalça əsasən nəbati motivlər əsasında və daha əlvan rənglərlə toxunurdu. Belə xalçalarda su damlası və alov dilimini ifadə edən, milli simvolumuz olan “buta” tez-tez müraciət olunan motivlərdəndir. El arasında “odla su bir arada olmaz” ifadəsi məhz bu ornamentdə özünü ifadə edir. Bununla yanaşı qadına və artıma işarə olan “romb”, həddi buluğa çatmış qız övladına işarə olan “əlibelində”, cənnəti rəmzləndirən “qızılgül”, yerlə göy arasında əlaqəni ifadə edən “quş” təsvirləri, sonsuzluq rəmzi olan “ulduz”, saflığa işarə olan “su” və digər sadalamadığımız ornamentlər bu xalçaların təyinatını düzgün vurğulayır.
XVI əsrdə Təbriz miniatür məktəbinin yaranmasından sonra bütün xalça məktəblərində kompozisiyalı xalçalara müraciət olundu. Naxçıvan xalça məktəbi də zaman-zaman biri-birindən gözəl xalçalar ərsəyə gətirmişdir. Onların əsas süjet xəttini sevgi səhnələri, qəhrəmanlıq dastanlarından parçalar, dövrünün tanınmış şəxsiyyətlərinin portretləri, gündəlik həyat təzlərini özündə etiva edən səhnələr təşkil edirdi.
Azərbaycanın zəngin flora və faunası təbii boyaq vasitələrinin çoxluğuna səbəb olmuşdur. Elə buna görə də təbii boyaqlardan istifadə olunaraq boyanan bu xalçalar əsrlər keçsə də öz təravətini itirməmiş, rənglərini ilk gündə olduğu kimi saxlamışdır. Keçmişi bu gün də özündə saxlayan xalçalar böyük bir ürəyin isti məhəbbətinin, bitməz səbrinin, incə zövqünün, zəngin dünya görüşünün və tükənməz təxəyyülünün bəhrəsidir. Sakit dayanaraq, sükut içində hər seyi anladan qədim yun kitabə.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı Günü” peşə bayramı kimi qeyd edilir.
Bu əlamətdar gün münasibəti ilə xalçaçı xanımlarımızı təbrik edir, onlara bu şərəfli işdə uğurlar diləyirik. Qoy onların ərsəyə gətirdikləri sənət əsərləri bütün dünyada xalqımıza və onun mədəniyyətinə uğur qazandırsın.
Sevinc Səbzəliyeva,
Naxçıvan Dövlət Xalça Muzeyinin baş elmi işçisi