19 May 2024

Milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var

Məlum olduğu kimi, Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının da milli-mənəvi dəyərləri arasında Novruz bayramının özünəməxsus yeri var. Baharın gəlişi, torpağın oyanması dövrünə təsadüf edən bu bayram xalqımız tərəfindən həmişə böyük sevgi ilə qeyd edilmiş, heç bir qadağa, məhdudiyyət bu bayramı unutdura bilməmiş, bir-birindən maraqlı Novruz adətləri, inancları nəsillərdən nəsillərə ötürülmüşdür. Qeyd etmək lazımdır ki, sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə ölkəmizdə hakimiyyətə gəlişi xalqımızın digər milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi.

Ulu öndər ölkəyə rəhbərliyinin ilk günlərindən hər cür ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirdi. Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdışından sonra da gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına da müstəsna diqqət yetirdi. Müstəqilliyimizin milli-ideoloji təməlini təşkil edən bu dəyərləri xüsusi qiymətləndirdi, daim diqqət mərkəzində saxladı.

Məlumdur ki, Novruz həm də xeyrin şər üzərində qələbəsini simvollaşdırır. Biz dörd il öncə bu simvolu həyatımızda, Zəfər tariximizdə yaşadıq. 44 günlük Vətən savaşımız nəticəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Hər zaman qəlbimizdə yaşayan ümid, qalibiyyət əzmi, yenilik ruhu, haqqa-ədalətə inam hesabına Azərbaycan ən böyük arzusuna çatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Bu gün sevindirici və qürurverici bir haldır ki, xalqımız Novruz bayramını işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda Bütöv Azərbaycanda qeyd edir. “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”, – deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir. Artıq bir neçə ildir ki. Ulu Öndər Heydər Əliyevin söylədiyi fikirlər bir həqiqətə çevrildi. Tonqallarımız əzəli torpaqlarımızda – Bütöv Azərbaycanda qalanır, el-obamız bayramı sevinclə Zəfər sevinci ilə qaşılayır.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı