27 İyul 2024

Milli dövlətçiliyin bərpası

Uca yaradan Azərbaycan dövlətini yıxılmaqdan, Azərbaycan xalqını məhv olmaqdan qorumaq üçün xalqımıza Heydər Əliyev kimi dahi bir şəxsiyyəti bəxş etmişdir. Ulu öndər Heydər Əliyev mənsub olduğu xalqa xidmət etmək missiyasına ömrünün sonuna kimi sadiq qaldı. Bu müqəddəs yolda Heydər Əliyev çox əziyyət çəkdi, hətta ölümlə üz-üzə qaldı, lakin heç vaxt öz amalından dönmədi. Çünki Heydər Əliyev öz xalqını çox sevirdi, hər bir azərbaycanlının xoşbəxt, firavan yaşamasını arzulayırdı. Ulu öndər Heydər Əliyev öz xalqının tarixini, mədəniyyətini, adət ənənələrini gözəl bilirdi və hər zaman bu kökdən gələn mirası qoruyub saxlamışdır. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün  hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyə gəlməzdir.

Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrünü müstəqil Azərbaycan dövlətini qurmağa və gücləndirməyə, hər bir Azərbaycan vətəndaşının firavan, xoşbəxt həyat sürməsinə həsr etmişdir. Bütün çətinliklərə, hətta dəfələrlə həyatı təhlükədə olmasına baxmayaraq Heydər Əliyev bu müqəddəs amaldan geri çəkilmədi. 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra doğma yurdu olan Naxçıvana dönən ulu öndər Heydər Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi başa düşürdü ki, onları bu ağır vəziyyətdən dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər. 30 sentyabr 1990-cı ildə ulu öndər Azərbaycan SSR və NMSSR Ali Sovetinə deputat seçildi. Bu ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990- cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda Azərbaycanın qanunvericilik orqanına 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin – bayrağın, gerbinin, himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada NMSSR-nın adından “Sovet, Sosialist” sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Bu cür cəsarətli, qətiyyətli addımlar məhz Heydər Əliyev tərəfindən irəli sürülə bilərdi. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi.

Ulu öndər Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi. Bunun nəticəsində sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” Bəyannamə qəbul edildi. 1991-ci il oktyabr ayının 18- də isə Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Ulu öndər Heydər Əliyev AXC-nin yarandığı günü müstəqillik günü kimi dəyərləndirib və AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçiliyin, müstəqilliyin əsaslarının qoyulmasında əhəmiyyətini qeyd edirdi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında böyük işlər görməsinə şərait yarandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atılmasına səbəb oldu. Ulu öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı, iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda demokratiya, mətbuat və söz azadlığı bərqərar oldu. Tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi, müdrik dövlət başçısı Heydər Əliyev Azərbaycanda dövlətçiliyin prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini formalaşdırdı. Bu gün də Azərbaycan ulu öndər Heydər Əliyevin qoyduğu siyasi kursla irəliləyir və dünyada böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır.

Heydər Əliyev bu gün ən yüksək bir zirvədə, əlçatmaz bir yüksəklikdə dayanmışdır. Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev də qəlbimizdə, ürəyimizdə yaşayacaq.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi