22 Noyabr 2024

Meyxana Azərbaycan folkloruna aiddir, yoxsa… – fikirlər haçalandı

Folklorşünas: “Meyxana Azərbaycan folkloruna aid deyil, çünki… “

Meyxanaçı Vüqar: “Əgər “meyxana bizim deyil” deyəcəyiksə, başqası sahib çıxıb, onlara məxsus olduğunu iddia edəcək”

Baba Vəziroğlu: “İndi meyxananı sadəcə kinoda da deyildiyi kimi, “abıra salmaq” lazımdır”

Son vaxtlar meyxana ilə bağlı mübahisələr yaranıb. Kimi deyir ki, meyxana Azərbaycan folkloruna aid deyil, digərləri isə əksini – “meyxana Azərbaycan folklorunun bir parçasıdır” söyləyir. Xüsusilə də yazıçı, jurnalist Qan Turalı, müğənni Əli Mirəliyev və iki meyxanaçının efirdəki debatından sonra bu məsələ ətrafında müzakirələr qızışmaqdadır.

Qan Turala görə meyxananın Azərbaycan ədəbiyyatına ümumiyyətlə yaxından uzaqdan aidiyyəti yoxdur. Onun sözlərinə görə meyxana fars-ərəb mədəniyyətinin Azərbaycan ədəbiyyatı üzərində sonuncu qalasıdır:

“Folklorumuzun onlarla növünün heç birində əruz vəznindən istifadə edilməyib. Hər dilin öz strukturu, öz quruluşu var. Bizim dilin də ahəng qanunu var, özünəməxsus semantikası var. Əruz Azərbaycan dilinə uyğun deyil, məhz bu səbəbdən də divan ədəbiyyatında çoxlu sayda ərəb və fars sözləri işlədilir.

Meyxananı Azərbaycan folkloru adlandıranlar nəyə görə Füzuli və Qurbani ilə bir dövrdə yaşamış bir meyxanaçı adı çəkə bilmirlər? Milli mətbuatımızın tarixində hətta XIX əsrdə yaşamış bir meyxanaçının da adı çəkilmir? Meyxanalarda bu qədər “oğru dünyası” mövzusu olmağı təsadüfdürmü? Əlbəttə ki, yox. Çünki meyxananın özü cinayətdir. Və o öz “xiridar”larını da cinayətə sürükləyir. Necə? Həyat haqqında yanlış təsəvvürlər yaratmaqla… Bəsitliyi və bayağılığı ilə… Məhdudluğu və lokallığı ilə… “

Bunun əksini söyləyən müğənni Əli Mirəliyev, meyxanaçılar isə bildirir ki, “meyxana məhz Azərbaycana məxsus sənətdir və xalqımız bununla fəxr etməlidir”.

Təkcə Qan Turalı deyil, bir çoxları iddia edir ki, meyxana hind-fars mədəniyyətinin Azərbaycana yeridilmiş janrıdır. Bəs bu nə dərəcədə realdır?

Bir çox folklorşünaslar meyxananı şifahi sənət növü, folklora yaxın janr adlandırır. Aydındır ki, meyxana qafiyələri bədahət yaranır, bu səbəbdən şifahi ədəbiyyata aid edilsə də, eyni zamanda fərqlənir. Çünki meyxananın müəllifi olur. Meyxana demək üçün çevik təfəkkürə, sərrast zəkaya sahib, hazırcavab olmaq lazımdır.

Sovet dövründə meyxana janrının qadağan edilməsi hər kəsə məlumdur. Bununla belə də toy və digər məclislərdə yenə də meyxana deyilir, təbliğ olunurdu. Hətta filmlərdə də meyxanalara rast gəlmək olurdu. Məsələn, “Onu bağışlamaq olarmı?” və “Bizim Cəbiş müəllim” kimi retro filmlərimizdə də bədihə janrına yer verilib. Həsən Seyidbəylinin “Bizim Cəbiş müəllim” filmindəki meyxana bu günə kimi məşhurluğunu qoruyub, saxlayıb.

Artıq müstəqillik dövründə meyxana yenidən və yeni formada ortalığa çıxmağa başladı. Məsələn, əgər əvvəllər meyxana yalnız çırtma vurmaqla ya da nağaranın müşayiəti ilə deyilirdisə, artıq müasir meyxanada bir neçə alətlər istifadə olunur. Bəzən onu rusların “çastuşkasına” və yaxud repə bənzədib, çox primitiv və cılız formaya salırlar. Ən pisi isə meyxanaçılar əksər hallarda deyişərkən söyüş və təhqiredici ifadələrdən istifadə edir, ucuz sevgidən bəhs edirlər ki, bu da cəmiyyətdə qıcıqla qarşılanır.

Tanınmış folklorşünas Atəş Əhmədli “Yeni Müsavat”a danışaraq bildirdi ki, meyxananın Azərbaycan folkloruna aidiyyəti yoxdur. Folklorşünas məsələni bu cür əsaslandırdı:

“Ümumiyyətlə tarixi köklərinə görə Azərbaycan folklorunun öz ənənəsi var. Folklor necə yaranır? Xalq sosial məişətində, həyatında müəyyən hadisələri yaşayır, təbiətdə müşahidələr aparır, görür və bütün bunların hamısı onun düşüncəsindən keçərək, folklorlaşır. Yəni, folklor birdən-birə yaranmır. Onun etno mədəni mühiti, çevrəsi, sosial həyatı, yaşayış tərzi var. Amma meyxana belə deyil. Yəni, mən meyxananı folklor hesab etmirəm. Meyxananın yaranma şərtləri ilə folklorun yaranma ənənəsi, şərtləri arasında qətiyyən heç bir əlaqə yoxdur. Meyxana klassik ənənədən gəlib, “mey” sözündən götürülüb. “Mey” əslində içki mənasında işlənir. Lakin bunu başqa mənada da təqdim edirlər, deyirlər ki, “bu əslində bizim gördüyümüz maddi, yəni içki “mey” deyil, ilahi bir meydir”. Yəni, bəziləri bu meyi tanrıya, ilahi eşq məsələlərinə bağlayır.

Əlbəttə ki, meyxana hər adamın biləcəyi məsələ deyil, hər kəs meyxana deyə bilmir. Bu da fitri istedad, bədahətən şer söyləmək qabiliyyətinə malik olan insanların keyfiyyətidir. Lakin onun yaranması, ölçüləri klassik ənənədən, yəni, klassik şer, qəzəliyyatdan gəlir. Klassik şer ölçüsündə olduğuna görə, xüsusən də qəzəl janrına aid məsələlər ilə bağlı olduğundan əlbəttə ki, meyxananı folklor hesab etmək olmaz.

Daha bir məsələ, folklorun bütün janrları daim variantlaşır. Hər hansı bayatının və yaxud bir nağılın, əfsanənin mindən artıq variantı var. Məzmun, məna qalır, amma ölçüsündə və sairə dəyişikliklər olur. Amma baxaq görək meyxanada variantlaşma varmı? Və bu proses gedirmi? Əlbəttə getmir. Yəni, meyxana deyilir və olduğu kimi də qalır, heç bir dəyişikliyə uğramır. Bəs niyə mütəxəssislər meyxananı folklor adlandırır? Bu, onun şifahi söylənilməsi, bədahətən deyilməsi ilə bağlıdır. Məlum olduğu kimi əvvəllər meyxana şifahi şəkildə deyilib, lakin sonralar meyxanaçılar bədahətən dedikləri itib-batmasın deyə onu yazıya köçürməyə başlayıb. Amma şifahi şəkildə deyilsə də variantlaşması yoxdur, ona görə folklora aid deyil”.

Meyxananın tarixi haradan başlayır?

Folklorşünasa görə meyxananın yaranması təxminən 8-ci əsrə təsadüf edir:

“Bildiyiniz kimi 7-ci əsrdə İslam dini yaranıb. 8-ci əsrdə isə qəzəl janrının ilk yaradıcılarından olan məşhur ərəb filoloqu və musiqişünası Xəlil ibn Əhməd ortaya çıxdı. O, ilk dəfə əruz vəznini sistemləşdirib. Hesab edirəm ki, meyxana janrının da yaranması məhz əruz vəzninin yaranmasından sonrakı vaxta təsadüf edir”.

Tanınmış meyxanaçı Vüqar Əbdülov isə bildirir ki, meyxananı “mey” adı ilə bağlamaq doğru deyil:

“Yəni, meyxana sözü bu mənada deyil. Araşdırmaçılar da illərlə deyirlər ki, bu mey sözü “şərabxana” sözünü izah etmir”.

Vüqar Əbdülov meyxananın yaşadılmasının vacib olduğunu vurğuladı:

“Əgər meyxana Azərbaycan dilində söylənilirsə, bu günə qədər gəlib çatıbsa, deməli burada nəsə var. Amma əgər meyxanaçıların buna yanaşmasından söhbət gedirsə, bəli, bəziləri təhrif edir, müəyyən nələrisə, yad musiqiləri əlavə edir, formasını dəyişir və şəxsən mənim üçün də bunlar yaddır, doğma deyil.

Hər halda meyxana bir şerlik, şairlikdir. Sadəcə onun deyilməsi, təqdim olunması bəzilərində alınır, bəzilərində isə alınmır. Hətta meyxananın iflasa uğrayan və yaxud yaxşı məqamları ortaya çıxan vaxtları da olub. Məsələn, mən Azərbaycan rəqslərini meyxanaya gətirmişdim və fikrimcə hamı bunu bəyənmişdi, o cümlədən savadlısı, ədəbiyyatçısı, tamaşaçısı da. İndi “bizim deyil” deyib, meyxananın üstündən keçmək nəyə lazımdır? Əgər “bizim deyil” deyəcəyiksə, başqası sahib çıxıb, onlara məxsus olduğunu iddia edəcək. Sadəcə qeyd etdiyim kimi, bəziləri meyxananın dramaturgiyasını, süjet xəttini, formasını itirir ki, nəticədə qəbul olunmur.

Meyxana demək çox çətindir. Yəni, bədahətən sözləri düzüb-qoşmaq, zamanında, anında demək heç də asan deyil. Bəzən fikirləşməyə heç saniyə belə vaxt olmur. Bunu etmək əslində peşəkarlıq, hünər istəyir. Ona görə də meyxananı hər adam bacara bilməz”.
“Meyxananın ərəb-fars, yoxsa Azərbaycan ədəbiyyatına aid olması haqda konkret fikir demək mümkün deyil”

Şair Baba Vəziroğlu isə mövzuya bu cür mövqe bildirdi:

“Meyxana Azərbaycan folkloruna aid deyil? Yox bir, alman folkloruna aiddir… İşin əslinə, dərinliyinə varanda Şərq ədəbiyyatı, incəsənəti, mədəniyyəti, janrları, formaları bir-biri ilə o qədər zərif tellərlə bağlıdır ki, onları ətlə dırnağı ayırmaq qədər çətin və ağrılı məsələdir. Ona görə də meyxananın ərəb-fars, yoxsa Azərbaycan ədəbiyyatına aid olması haqda seçim qarşısında qalanda konkret olaraq cavab vermək mümkün deyil. Onda gərək ayırd edək ki, qəzəl janrı hansı dövlətə məxsusdur. Tarix boyu fars da, Azərbaycan da qəzəl yazıb.

Hesab edirəm ki, meyxanaya milli mənsub, pasport verməkdənsə, onu inkişaf etdirmək gözəldir. Axı bu artıq yaranıb, yaranmış uşağı öldürməzlər ki. İndi meyxananı sadəcə kinoda da deyildiyi kimi, “abıra salmaq” lazımdır. Adından da göründüyü kimi meyxana mey məkanında, kişi məclisində yaranıb. Yəni, qadın məclisində, qadınlar olan yerdə meyxana deyilə, qəbul edilə bilməz. Ümumiyyətlə isə, heç kişilər də özlərinə rəva görməzdilər ki, o cür leksikonla olan meyxananı qadınlar olan məclisdə desinlər.

Deyərdim ki, meyxanada rep əlamətləri də var. Bildiyiniz kimi ritm üzərində bədahətən deyilir. Amma burada böyük fəlsəfə yoxdur. Yəni, bədahət deyilən şerdə necə böyük fəlsəfə ola bilər. Amma bu da bir sənətdir, onu öldürmək nəyə lazımdır? İndi onda gərək biz muğamın da kökünü araşdıraq ki, haradan gəlib? Muğamın qədim kökləri Hindistandan başlayıb, ərəb yarımadasını adlayıb, fars imperiyasına gəlib və sairə. Bir sözlə, muğam dünyanın, xüsusən də Şərqin sərvətidir. Sadəcə hər kəs onu götürüb inkişaf etdirib, qayğısına qalıb, təkmilləşdirib. Bizdə də Üzeyir Hacıbəyov onu nota salıb, mükəmməlləşdirib.Əgər hazırda meyxana televiziyaya, geniş sosial şəbəkələrə ayaq açıbsa, onu artıq yeni formada təqdim etmək lazımdır.

Musiqili meyxana gözəldir, amma onu ərəb-fars, hind musiqləri ritmində təqdim etməyə nə ehtiyac var? Əgər musiqili etmək istəyirlərsə bunu Azərbaycan musiqisi ritmində etmək daha gözəl olardı”.