25 Aprel 2024

Metsamor AES-in fəaliyyəti region üçün ciddi təhlükədir – RƏY

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin region üçün ciddi təhlükə olduğunu bildirib.

QHT sədri “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktubla müraciət etməklə Ermənistandakı Metsamor AES-in region ölkələri üçün təhlükə mənbəyi olaraq qaldığını elmi sübut və dəlillərlə bir daha onların diqqətə çatdırıblar.

Onun sözlərinə görə, Metsamor AES-in yaratdığı təhlükə ilə əlaqədar aşkar dəlillərə baxmayaraq, Ermənistan yalan hesabatlar verir:

“QHT nümayəndələrinin məktubunda artıq istismar müddəti bitmiş, müasir təhlükəsizlik standartlarına cavab verməyən, köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor AES-in potensial nüvə qəzası mənbəyi olaraq qalması, eyni zamanda hər gün bölgənin ekologiyasına vurduğu ziyan, bölgənin içməli su mənbələrini zəhərləməsi və insanların sağlamlığına, təbiətə ciddi fəsadlar verməsi Nüvə Enerjisi Sammitinin iştirakçılarına xatırladılıb”.


O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti dəfələrlə Metsamor AES-lə bağlı problemləri, region və bütün dünya üçün potensial təhlükə mənbəyi kimi qalmasını beynəlxalq birliyin diqqətinə çatdırıb.

“Hesab edirik ki, bütün dünyanın ətraf mühit problemlərinin həlli üçün həmrəylik nümayiş etdirdiyi, səylərini artırdığı bir zamanda COP29-un Azərbaycanda keçiriləcəyi ərəfədə bu problem kölgədə qala bilməz və qalmamalıdır. Xüsusən yaxın keçmişdə nüvə qəzaları ilə əlaqədar əldə edilmiş acı təcrübə beynəlxalq birliyə bu məsələyə daha diqqətlə yanaşmağa vadar etməlidir. Bu qəzalar Avropa İttifaqında və bütün dünyada AES-lərin tikilməsi və istismarına baxışı dəyişmiş, təhlükəsizlik, ətraf mühitin qorunması ilə əlaqədar standartların daha da sərtləşdirilməsinə səbəb olub. Bu baxımdan Metsamor AES-in fəaliyyəti real olaraq böyük risk daşıyır və Ermənistanın məsuliyyətsiz siyasəti, beynəlxalq qurumların, ixtisaslaşmış təşkilatların laqeyd münasibəti region ölkələrini təhlükəyə atır”,- Z.İbrahimli qeyd edib.