01 Mart 2024

Mətbuat Şurasında tanınmış özbək yazarı Xasiyyət Rüstəmlə görüş keçirilib – Fotolar

Yanvarın 25-də Mətbuat Şurasında  Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmlə görüş keçirilib.

Musavat.com bildirir ki, tədbirdə MŞ-nın İdarə Heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri, tanınmış jurnalistlər, yazarlar iştirak edib.

İlk olaraq mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid Xasiyyət Rüstəmin bioqrafiyası haqda ətraflı məlumat verib:

“Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olub. Ali təhsilini Özbəkistan Milli Universitetinin jurnalistika fakültəsində, daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində alıb. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə “Dan ulduzu” qəzetində çalışıb. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir.

2021-ci ildə ABŞ-ın Ayova Universitetində Beynəlxalq Yazıçılar Proqramını bitirib.

İlk şeirlərini hələ tələbəlik illərində yazmağa başlayıb. Şeirləri bir neçə xarici dillərə tərcümə olunub. Onun “Qorxunc şeirlər”, “Leyli ağaclar kitabı” Azərbaycan dilində nəşr olunub.

Ümumən Azərbaycanla sıx bağlı olan Xasiyyət Rüstəmin təşəbbüsü ilə 2020-ci ilin oktyabr ayında dünyanın bir çox tanınmış yazar və tənqidçiləri İkinci Qarabağ müharibəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə həmrəylik məktubu ünvanlayıblar.

Xasiyyət Rüstəm 2020-ci ildə Qarabağ müharibəsinə dair “Adı Lalə idi o qızın” adlı poeması, həmçinin 44 günlük Vətən müharibəsinə həsr olunan “44 gün” adlı kitabı Azərbaycanda çap olunub”.

Rəşad Məcid daha sonra Mətbuat Şurası adından “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmi Azərbaycan və Özbəkistan arasında media sahəsindəki münasibətlərin və ədəbi-bədii əlaqələrin inkişafına yönələn xidmətlərinə görə diplomla təltif edib.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə çıxışında bildirib ki, Xasiyyət Rüstəm Özbəkistanda Türk dünyasını təmsil edən əsas ziyalılardan biridir:

“Xasiyyət Rüstəmlə Turan qurultaylarında, Türkiyədə, Daşkənddə görüşmüşəm, evində qonaq olmuşam. Evində qonaq olarkən həyat yoldaşı Qoşqar bəylə birgə tam turançı, azərbaycançı mühiti görmüşəm.

Özbəkistan Turan elimiz olsa da əslində, çox mürəkkəb ölkədir. Xasiyyət Rüstəm bu mürəkkəb ölkəni sadələşdirib, azərbaycanlaşdıran ziyalıların önündə duran şairə, ziyalı xanımdır. Buna görə hər fürsətimdə Xasiyyət xanıma öz təşəkkürümü bildirirəm”.

Tədbirdə digər iştirakçılar da qeyd ediblər ki, Xasiyyət Rüstəmin yaradıcılığında Azərbaycan, Qarabağ mövzusu qırmızı xətt kimi keçir. Onun imzasının Azərbaycan oxucusuna çox doğma olduğunu, bu kimi tədbirlərin Azərbaycan və özbək xalqı arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Sonda Özbəkistanın “Şöhrət” medalı laureatı, “Kitab dünyası” qəzetinin baş redaktoru, şair-publisist Xasiyyət Rüstəm çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini vurğulayıb, şeirlərindən nümunələr səsləndirib.

Xalidə Gəray,
Fotolar müəllifindir,
Musavat.com