04 Oktyabr 2024

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası HESABAT yaydı

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının 7 fevral növbədənkənar Prezident seçkisinin monitorinqi ilə bağlı “ARALIQ HESABAT”ını təqdim edib. 

Koalisiyadan Musavat.com-a bildirilib ki, 2023-cü ilin dekabr ayının 8-də, növbədənkənar Prezident seçkiləri keçiriləcəyi ilə bağlı məlumat verildikdən dərhal sonra D. Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyəti, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin  və  Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin təşəbbüsü ilə yaradılıb.

“Kaolisiyamızın  işində  tanınmış sosioloq Əhməd Qəşəmoğlu və siyasi ekspert Adəm İsmayıl Bakuvi da yaxından iştirak edir”,-deyə hesabatda bildirilir.

Media1.az “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının “ARALIQ HESABAT”ını təqdim edir:

“Qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri  də  seçki ilə bağlı ətraflı məlumat toplamaq, bu məlumatlardan həm müşahidə prosesində istifadə etmək, həm də onları dərindən təhlil edərək, gələcəkdə ölkəmizdə seçki mədəniyyətinin yüksəlməsinə, seçki mexanizmlərinin təkmilləşməsinə kömək etməkdir.

Azərbaycan ərazisini əhatə edən 63 Seçki Dairəsində müşahidələr aparmaq üçün 500 müşahidəçimiz seçilmiş, onlar üçün təlimatlandırıcı “Yaddaş”, üzərində koalisiyanın loqosu əks edilmiş döş nişanları hazırlanmışdır. Müşahidəçilik təlimləri keçmiş müşahidəçilər arasında qadınlar, gənclər və ziyalılar da vardır.

7 fevral növbədənkənar Prezident seçkilərinin elan edildiyi gündən seçki proseslərini müşahidə etməkdəyik. Seçkilərdə iştirak etmək istəyənlərin müxtəlif TV kanallarında öz mövqelərini bildirməsi, Mərkəzi Secki Komisiyasına müraciətləri, bu müraciətlərin araşdırılması, imza toplamaq vərəqlərin verilməsi, imza toplama kampaniyası, Mərkəzi Seçki Komisiyası tərəfindən toplanan sənədləri qəbuluna münasibəti və digər prosesləri daima izləməkdəyik.

2023 – cü ilin dekabr ayının 7 – də Azərbaycan Prezidenti İlham Əliyev 2024 – cü il fevral ayının 7- də ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Əslində, Azərbaycan Konstitutsiyasına uyğun olaraq növbəti prezident seçkisi 2025–ci ildə keçirilməli idi. Cəmiyyətdə seçkinin niyə növbədənkənar olaraq keçirilməsi ilə bağlı suallar yaranmışdır. Bir sıra rəsmi şəxslər və siyasətçilər tərəfindən bu növbədənkənar Prezident seçkisinin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad olunmasından sonra, bütün ölkə boyu seçki keçirməklə yeni bir inkişaf konsepsiyasının hazırlanması və islahatlar mərhələsinə başlanması kimi qiymətləndirilib. Bu mərhələdə eyni zamanda Ermənistan Respublikası ilə sülh şəraitində, düşmənçilikdən uzaq, mehriban qonşuluq prinsipləri əsasında münasibətlər qurmaq üçün fəaliyyətə başlanması da nəzərdə tutulur.

Beləliklə, 7 fevral növbədənkənar prezident seçkisinin yeni tarixi-siyasi bir şəraitdə, müasir dünyanın tələblərinə uyğun, demokratik prinsiplər əsasında yeni  keyfiyyətlərlə xarakterizə olunan  fəaliyyətə başlamaq üçün bir start olduğu deyilir. Ölkə əhalisinin əksəriyyəti bunun həqiqətən də belə olduğunu qəbul edir.

Ötən seçkilərdən sonra beynəlxalq missiyalar tərəfindən, Azərbaycanda seçki mexanizmlərini təkmilləşdirmək üçün bir sıra tövsiyələri olmuşdu. Təəssüf ki,  son vaxtlar Seçki Məcəlləsində edilən bir sıra dəyişikliklər zamanı müxtəlif səbəblər üzündən həmin tövsiyələr lazımi qədər nəzərə alınmayıb.

Qeyd etmək lazımdır ki, Mərkəzi Secki Komisiyası(MSK)  seçkilərin daha demokratik və şəffaf keçirilə bilməsi üçün şərait yaradan bir sıra müsbət dəyişikliklər etmiş, onları həyata keçirib.

Ölkənin bütün ərazilərində seçkilər kecirilməsi üçün 125 Seçki dairəsi, Dairə Seçki Komissiyası, 6319 Məntəqə Seçki Komisyası yaradılmışdır. Müşahidəçilərimizin topladığı məlumat əsasında deyə bilərik ki, bütün Dairələrdə, məntəqələrdə seçkiyə hazırlıq işləri yüksək səviyyədə getməkdədir.  Bu işə təcrübəli, seçki texnologiyaları barədə ətraflı məlumatı olan insanlar cəlb edilib.

Ölkə ərazisində seçki prosesini monitorinqini aparan müşahidəçilər bölgələrdə gedən prosesləri diqqətlə izləyir, məlumatlar toplayırlar. Koalisyanın yaratdığı işçi qrup öz növbəsində seçki prosesi ilə bağlı baş verən bütün prosesləri dərindən izləməkdə, müşahidələr aparmaqla, obyektiv və subyektiv cəhətləri ətraflı şəkildə təhlil etməkdədir.

Toplanan məlumatlara əsasən deyə bilərik ki, əhalinin əksəriyyəti növbədənkənar prezident seçkilərinin keçirilməsini ölkədə yeni bir inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirir. 30 ildən artıq bir dövrdə torpaqlarımızın işğal olunması ölkədə bir sıra problemlərin həllinə mane olmuşdur. Əhali ümid edir ki, bu prezident seçkilərindən sonra Azərbaycanda böyük quruculuq işləri aparılacaqdır. Ona görə də bu seçkinin keçirilməsinə böyük ümidlə baxır və rəğbətlə qarşılayır.

MSK məlumatına əsasən 7 fevral seçkisində 6320500 seçici qeydə alınıb. Çox maraqlı haldır ki, həmin seçicilərin əksəriyyətinin mobil telefonları müəyyən edilmiş və onlara MSK–nın məlumatları göndərilmişdir. Bu məlumatlandırma davam etməkdədir.

Prezident seçkilərində iştirak etmək üçün 17 nəfərinin müraciəti Mərkəzi Seçki Komisiyası tərəfindən müsbət qarşılanmış və onlara səs toplamaq üçün lazım olan qədər  imza vərəqələri verilmişdi. Onlardan 10 nəfər lazım olan qədər imza toplaya bilməmişdir. 7 nəfər isə MSK tərəfindən namizəd kimi qeydə alınmışdır. Bu namizədlərin lazım olan qədər imza toplaya bilməsində onların  ölkə ərazisində kifayət qədər nümayəndəliklərinin və şəbəkələrinin olması əsas rol oynayıb.

Müşahidəcilərin verdiyi məlumatlara əsasən deyə bilərik ki, respublikanın heç bir yerində imza toplama prosesində maneçilik törədilməmişdir. İmza toplaya bilməyənlərin özlərinin bizim Koalisiya üzvləri ilə görüşlərdə etiraf etdiklərinə görə onlara imza toplamaqda əsasən vaxt azlığı səbəb olmuşdur. Vaxt azlığı faktoru heç də həlledici səbəb olmayıb.

Təəssüflə qeyd edirik ki, bu seçkidə prezidentliyə namizədlər arasında qadın olmamışdır. Ancaq bu hər hansı süni səbəb və ya siyasi əngəllə bağlı deyil. Namizədlikləri qeydə alınanların bir qismi milli-azadlıq hərakatında yaxından iştirak edən fəal insanlardır.

Topladığımız informasiyalara əsasən deyə bilərik ki, əhali  tərəfindən bir sıra tanınmış partiyaların bu Prezident seçkilərində iştirak etməməsinə münasibət birmənalı deyil. Seçkilərə belə bir münasibət həmin partiyanın bir çox üzvlərini də məyus etmişdir. Çünki əksəriyyət düşünür ki, partiyalarının bu seçkilərdə  iştirak etməsi başqa seçkilər üçün xeyli təcrübə toplamalarına, əhali ilə daha yaxından təmasda olub özlərini onlara tanıtmağa, öz mövqelərini onlara çatdırmağa kömək edərdi. Bir çox insanlar həmin partiyaların seçkilərdə iştirak etməməsini  torpaqlarımız işğaldan azad edildikdən sonra müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə boyu keçiriləcək bu seçkini gözdən salmağa, beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirməyə xidmət edən addım kimi qiymətləndirərək neqativ münasibət bildiriblər.   

Prezidentliyə namizədlərin hər biri yanvar ayının 15-dən başlamış təşviqat kampaniyasında böyük fəallıq göstərirlər. Tez-tez müxtəlif ərazilərdə, bölgələrdə seçicilərlə görüşür, onların problemləri haqqında ətraflı məlumatlar toplayır, qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparırlar. Müşahidəçilər ölkənin müxtəlif ərazilərində prezidentliyə namizədlərin keçirdiyi görüşləri də müşahidə ediblər. Onların verdikləri məlumatlara görə, bu görüşlər xeyli maraqlı keçir. Görüşlərdə əhalinin bir sıra problemləri müzakirə olunmuş, faydalı, konstruktiv təkliflər formalaşdırılmışdır. Namizədlər bu təklifləri teledebatlarda səsləndirirlər. Namizədlərlə keçirilən bu görüşlər insanların fəallığını artırmağa, onları seçkidə fəal iştirak etməyə həvəsləndirir.

Koalisiya prezidentliyə namizədlər Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Elşad Musayev və Fuad Əliyev ilə görüşlər keçirib.

Bu görüşlər zamanı hər bir namizədlə və onların komanda üzvləri ilə çox obyektiv, səmimi fikir mübadilələri aparılmışdır. Beləliklə gəldiyimiz əsas nəticələr aşağıdakılardır:

Namizədlərin hər biri indiki beynəlxalq vəziyyəti dərindən təhlil edə bilən, dövlətçiliyimizi möhkəmlətmək baxımından qarşıda duran vəzifələri aydın təsəvvür edən, ölkəmizin tərəqqisi yolunda əllərindən gələni etmək istəyən insanlardır;

Namizədlərin hər biri, bu seçkilərdə iştirak etməklə əhali ilə daha yaxından təmasda olmaq, mövcud problemləri daha dərindən öyrənmək, öz mövqelərini insanlara daha aydın şəkildə bildirmək, ölkənin inkişaf strategiyalarının formaılaşmasında daha yaxından iştirak etmək məqsədlərini güdürlər.

Namizədlərin hər biri indiki prezidentin ölkənin taleyində, torpaqlarımızı işğaldan azad etməkdə oynadığı tarixi rolu yüksək qiymətləndirirlər. Eyni zamanda bütün namizədlər yekdil olaraq ölkədəki bir çox sosial, hüquqi, iqtisadi  problemlərin də olduğunu bildirirlər.  Əhalinin güzəranının yaxşılaşdırılması, sosial müdafiəsinin artırılması sahəsində də  olan problemlərin də tez bir zamanda həll edilməzinə təxirəsalınmaz işlər kimi baxırlar. Bu sahədə özlərinin, təmsil etdikləri siyasi qüvvələrin,  komandanın da yaxından iştirak etmək arzusunda olduğunu bildirirlər. Alimlərin, mütəxəssislərin də bu işlərə cəlb olunmasını vacib hesab edirlər.  Ümid edirlər ki, yaxın zamana ölkədə bu istiqamətdə ciddi addımlar aparılacaqdır.

Müşahidəcilər İctimai TV-də prezidentliyə namizədlərin keçirdiyi debatları da müntəzəm olaraq izləməkdədirlər. Əhalinin əksəriyyətinin maraqla izlədiyi bu  debatlarda namizədlər  ölkəmizdəki aktual problemlər barədə ciddi mövqe bildirir, aktual problemlərdən danışırlar. Əhali bu görüşlərdə daha aydın siyasi mövqenin, problemlərin həlli ilə bağlı  mexanizmlərin olmasının marağındadır.

Qeyd etmək lazımdır ki, həm namizədlər, həm də əhali debatlar üçün ayrılan vaxtın daha çox olmasını arzulayır.

Biz Prezidentliyə namizəd iddiasında olan, lakin buna nail ola bilməyənlərin müxtəli TV kanallarından, mətbuatdan olan şikayətləri ilə tanışıq. Onların vaxt azlığı ilə bağlı fikirləri ilə ümumən razıyıq. Amma bəziləri şikayət edirlər ki, topladıqları imza vərəqlərini MSK–ya təqdim edə bilməyiblər. Biz bununla əlaqədər MSK əməkdaşları ilə müzakirələr apardıq. MSK-nın bir neçə əməkdaşı bu iddiaların əsassız olduğunu bildirdilər. Bu istiqamətdə təhlillərimiz davam edir.

MSK – nın seçki şikayətlərini araşdırmaq üçün Ekspert Qrupu yaradıb. Hələlik həmin qrupa seçki prosesində baş vermiş hər hansı bir qanun pozuntusu barədə şikayət daxil omayıb. Namizəd olmağa çalışanların bəziləri şikayətlə apellyasiya məhkəməsinə müraciət ediblər.

Vətəndaş cəmiyyətinin seçki müşahidəçiliyində iştirak səviyyəsi 2013-cü il və 2018-ci il prezident seçkilərindən xeyli yüksəkdir. Respublika ərazisində müşahidə aparacaq QHT nümayəndələrinin sayı son prezident seçkiləri ilə müqayisədə 4 dəfə artıb. Müşahidə prosesinə qoşulacaq QHT-lərin sayı rekorda – 78-ə çatıb. Ölkədə fəaliyyət göstərən QHT-ləri, vətəndaş cəmiyyəti institutlarını, ictimai birlikləri təmsil edən 6045 nəfər seçki günü müşahidəçi olacaq. Onlardan təkcə 500-dən çoxu bizim Koalisiyanın müşahidəçiləri olacaq;

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB-nun) indi ölkəmizə seçki prosesini izləmək üçün dəvət olunmuş nümayəndələri ilə iki dəfə görüşümüz olub. Hər iki görüşdə geniş fikir mübadiləsi olub. Onların verdiyi bütün suallara Koalisiyamızın liderləri və ekspertlərimiz tərəfindən əhatəli cavablar verilib.

Daha bir görüşümüzsə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərləri ilə olub. Bu görüşdə də ətraflı fikir mübadiləsi aparılıb”.