Mədəniyyət paytaxtımız, müqəddəs şəhər
Şuşa. 30 ildən sonra düşmən tapdağından azad olan müqəddəs şəhər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan olunması milyonları heyran edən hüsnünə daha bir gözəlik qatdı. İndi doğma Azərbaycanın hər bir guşəsində Şuşanı vəsf edən tədbirlərin sayı bilinmir. Lənkəran Regional Mədəniyyət İdarəsinin, Lerik rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət Mərkəzinin birgə dağlar diyarının Piran kəndində təşkil etdikləri, Şuşanı ürəklərə köçürən tədbir üzün müddət yaddaşlara yazıldı.
Lerik Rayon İcra Hakimiyyətinin məsul şəxslərin, mədəniyyət işçilərin, adı çəkilən kəndin müəllim və şagirdlərin, ictimaiyyət nümayəndələrin qatıldığı tədbir İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda canından keçən oğlanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunmaqla başlandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında məlumat verən Lerik rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi Ş.Əliyev həmçinin , təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan, bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin yaranma tarixindən söhbət açdı və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan danışdı.
Digər çıxışçılar isə bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərli altında müzəffər ordumuz haqq savaşımızda tarixi ədaləti bərpa etməklə 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Şəhərə, onun tarixi-mədəni irsinə, təbiətinə vurulmuş zərərin qısa müddətdə inventarizasiyası aparılmış, hazırda burada bərpa işləri görülür. Çox keçməz ki, qüdrətli bir xalqın qüdrətli şəhəri öz qədim tarixini qorumaqla möhtəşəmliyi, gözəlliyi hesabına dünyaya səs salar.
Tədbirin bədii hissəsi də ürəklərə özgə bir ovqat gətirdi. Rayon incəsənət ustalarının, şagirdlərin ifasında vətənpərvərlikdən bəhs edən musiqi nömrələri, şerlər səsləndi, Piran kənd folklor, eləcə də Cəngəmiran kənd diyarşünaslıq evlərinin uşaq rəqs qrupunun çıxışları oldu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü