09 Dekabr 2024

Mədəniyyət Nazirliyində İNANILMAZ TƏYİNATLAR: Aqronom, feldşer, ginekoloq…

Əbülfəs Qarayevin 2020-ci il may ayının 21-də Mədəniyyət naziri vəzifəsindən azad olmasından sonra bu qurum ətrafında yaranmış ajiotaj səngimək bilmir. 

Xatırladaq ki, ölkənin ən stajlı nazirlərindən biri olan Ə.Qarayev istefaya göndəriləndən sonra onu bir müddət keçmiş diplomat Anar Kərimov əvəz etdi. Amma A.Kərimovun sələfini əvəzləməsi çox da uzun çəkmədi. Ötən il dekabr ayının 22-də A.Kərimov da dövlət başçısının imzaladığı sərəncamla vəzifəsindən azad edildi. 

Sabiq Mədəniyyət nazirinin hansı səbəbdən “vurulduğu” bu günə kimi ictimaiyyətə qaranlıq qalır. Ə.Qarayevin xələfinin cəzalandırılmasıyla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, bu barədə heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, A.Kərimov gözlənilmədən işdən çıxarılandan sonra bu qurumun fəaliyyəti ən müxtəlif aspektlərdən təftiş olundu. Məlum oldu ki, A.Kərimovun çox da uzun çəkməyən fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verilib. Külli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı faktlar hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Başda Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev olmaqla, qurumun bir neçə vəzifəli şəxsi də DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum olub. “Sağ əli” E.Əliyevin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək rütbəli şəxsinin həbs olunmasına baxmayaraq, A.Kərimov yenə bəlli olmayan səbəblərdən bütün təhlükələrdən sığortalana bildi. 

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin bu gün verdiyi açıqlamalar isə göstərir ki, sələfinin başı hələ də dərddədir. Belə ki, A.Kərimli bu gün sələfinin dövrünə aid xeyli qanun pozuntusunun üstünü açıb. Hazırda nazir vəzifəsini icra edən birinci müavin sələfinin dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A.Kərimli deyib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 41 min nəfər çalışır. Onların cəmi 7%-i mədəniyyət sahəsi üzrə təhsil alıb. 

Nazir vəzifəsini icra edən Adil Kərimlinin sonrakı açıqlaması isə növbəti biabırçılığa işıq salıb. Məlum olub ki, Anar Kərimovun təxminən 2 il davam karyerası dövründə təkcə qeyri-ixtisas sahibləri deyil, hətta heç bir ixtisas sahibi olmayan adamlar da Mədəniyyət Nazirliyində müxtəlif postlara sahiblənə biliblər. Onların hansı yolla qurumun sıralarına yol tapması isə bəllidir. A.Kərimovun nazir işlədiyi dövrdə rüşvətlə, o cümlədən dostluq, şəxsi tanışlıq hesabına təyinatlar həyata keçirdiyi heç kimə sirr deyil.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, A.Kərimovun nazir işlədiyi dövrdə ən böyük qanunsuzluqlar regionlarda baş verib. A.Kərimovun “zəif damarı”nı tutan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onlar arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir. 

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu sektorda çalışanların 93%-nin qeyri-ixtisas sahibi olduğunu deməklə, əslində, bunu nəzərdə tutub. (yenisabah.az)