15 İyun 2024

Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib

Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib

07.03.2024

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay keçirilən görüşlərdə sakinlərin problem və təklifləri dinlənilir.

2024-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 7-də Zaqatala şəhərində vətəndaşların qəbulu keçirilib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Zaqatala şəhərindəki abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib. Sonra nazir qəbulun keçirildiyi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından sakinlər iştirak ediblər.

Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, mövcud problemlər, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və digər məsələlərlə bağlı olub.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qeydiyyata götürülüb, araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.