08 Dekabr 2024

Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Toğrul Ələkbərov və Tural Abdullazadə ilə Mentorluq proqramının ilk görüşünü keçirib.

Nazir qalibləri müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək karyera inkişaflarında uğurlar arzu edib. Mədəniyyət naziri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibləri ilə bundan sonra da sıx əməkdaşlıq edərək onlarla təcrübəsini bölüşəcəyini və beləliklə qaliblərin potensiallarını üzə çıxarmağa köməklik göstərəcəyini diqqətə çatdırıb.

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə Mentorluq proqramı çərçivəsində Adil Kərimliyə yaradılan imkana və səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan olduğunu vurğulayıblar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.