20 Aprel 2024

Laçın yolundakı hərəkat 2023-ə keçir: ilk qələbə ortada, bəs hədəfimizə nə qədər qaldı?

Laçın-Xankəndi yolundakı etiraz aksiyası 20 gündür davam edir. Separatçılar Qarabağdakı mədənlərdə qanunsuz fəaliyyətin dayandırıldığını bildirsələr də, sözsüz ki, bu kifayət deyil, ardınca məhz ərazinin qanuni sahibi kimi Azərbaycanın monitorinq qrupunun hərtərəfli yoxlaması üçün müvafiq şərait yaradılmalıdır, nəinki hansısa beynəlxalq ekspertləri əraziyə çağırmaq.

“Yeni Müsavat” bildirir ki, onsuz da həmin ekspertlər Bakının razılığı olmadan Qarabağa gedə bilməzlər. Özünə hörmət edən heç bir beynəlxalq təşkilat da Azərbaycanın mövqeyini ciddiyə almadan bu avantüraya qol qoymaz. Çünki bununla həm də oyuncaq rejimi öz prinsiplərinin ziddinə olaraq, beynəlxalq hüququn subyekti kimi tanımış olardı.            

Bu arada Qarabağdakı Rusiya sülhməramlı kontingentin komandanı, general Andrey Volkovun separatçıların təzyiqi ilə onlarla görüşdüyü haqda xəbər yayılıb. Məlumdur ki, eyni tələb uzun müddət azərbaycanlı etirazçılar tərəfindən də səslənib. O zaman rus general niyə məhz ermənilərin tələbini yerinə yetirdi? Bu “ikili standart”ın səbəbi nədir? Volkov yeni ilədək, Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bizim etirazçıların yanına gəlsə olmazmı?

Belə görünür ki, ermənilərin Rusiyaya təzyiqi daha güclüdür. Onlar hətta bir neçə günə (yəqin ki, təzə ilədək) Laçın yolu açılmazsa (hərçənd yol humanitar məqsədlər üçün heç vaxt bağlı olmayıb!), Gümrüdəki 102 saylı Rusiya hərbi bazasını mühasirəyə alacaqları ilə də hədələyirlər. Ermənilər buna cəsarət edərmi və qarşılığı nə olar Moskva tərəfdən?

Qərblə Rusiya arasında “ikili oyun” oynayan baş nazir Nikol Paşinyan isə bəyan edib ki, İrəvan Moskvadan Laçın yolunun “açılması planı”nı gözləyir. Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti və Rusiya vəziyyətlə bağlı aydın izahat verməlidir. “Rusiya vəziyyəti necə qiymətləndirir, Laçın dəhlizinin bərpası ilə bağlı plan və ya yol xəritəsi nədir”, – deyə sual edib.

Paşinyan hesab edir ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilmirsə, o zaman özünün sülhməramlı kontingenti üçün BMT mandatı əldə etmək və ya bölgəyə əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasında daimi üzv kimi təşəbbüs göstərməlidir.

Beləcə, Azərbaycanın suveren ərazisi ilə bağlı İrəvanın ənənəvi həyasızlığı və hiyləgərliyi davam edir. Bilə-bilə ki, Bakının razılığı olmadan heç kimə belə bir mandat verilə bilməz.

Bununla belə, Ermənistanda Azərbaycanın öz prinsipial mövqeyindən çəkilməyəcəyinin dərki güclənib.

“Gec-tez Laçın dəhlizi açılacaq, lakin o, Azərbaycanın tam nəzarəti altında fəaliyyət göstərəcək”.

Bu sözləri Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib. “Bəli, yolda Rusiya sülhməramlıları olacaq. Lakin Azərbaycan tərəfinin vətəndaşların yüklərini və sənədlərini yoxlamaq hüququ da olacaq”, – deyə o bildirib.

Baqratyana görə, madam Ermənistan 10 noyabr sənədinin 9-cu bənd üzrə (Zəngəzur dəhlizi haqda) öhdəliklərini yerinə yetirmək istəmir, Azərbaycan da üçlü bəyanatın nəzərdə tutduğu məntiqlə öz ərazisində dəhlizə icazə verməyəcək. “Üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən Ermənistan Azərbaycana onu Naxçıvanla birləşdirəcək tranzit yolu verməyi öhdəsinə götürüb. Həmin yol sənədə uyğun olaraq, Rusiya tərəfinin nəzarəti altında hər iki istiqamətdə vətəndaşların və şəxslərin maneəsiz hərəkətini təmin etməlidir. Yəni əslində, bu elə dəhliz olacaq, baxmayaraq ki, sənəddə belə bir termin işlədilmir”, – Baqratyan vurğulayıb.

Sabiq baş nazirin fikrincə, Paşinyan bu faktı və onun nəticələrini, o cümlədən 9-cu bəndlə bağlı tələbin yerinə yetirilməsinə ictimai reaksiyanı yaxşı bildiyi üçün həmin müddəanın icrasından yayınmaqdan ötrü Qərblə oyun oynamağa qərar verib.

“Lakin Qərb belə sövdələşmələrə getməyəcəyini, Ermənistana hərbi yardım göndərməyəcəyini açıq şəkildə bildirib. Azərbaycan isə Ermənistana təzyiq etmək üçün Laçın dəhlizini bağlayıb. Öz növbəsində Rusiya dəhlizin açılması istiqamətində çalışsa da, Ermənistan hakimiyyətinin Qərblə oynadığını görüb tələsmir”.

Üzeyir Cəfərov: Hesab edirəm ki, Xocalı da, Xocavənd də, Xankəndi də təhvil  veriləcək

Üzeyir Cəfərov: “Gələn il üçün dəhlizə tam nəzarət etməliyik, yoxsa…”

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, Laçın yolunda etirazlar mədənlərin işinin müvəqqəti dayandırılması ilə nəticələnsə də, Azərbaycanın gələn il üçün əsas hədəfi dəhlizə tam nəzarət olmalıdır. Ekspertin sözlərinə görə, bu yolda Azərbaycan sərhəd və gömrük xidmətini yaratmalıdır.

“Əgər bu problemləri həll etməsək, getdikcə dərinləşib daha ciddi fəsadlar verə bilər. Azərbaycan son iki ildə baş verənlərin yenidən yaşanmasını istəmir Ona görə yola nəzarət təmin olunmasa, qanunsuz daşımalar və səfərlər təkrarlanacaq”, – deyə Ü.Cəfərov vurğuladı.

Polkovnik təklif edir ki, daha ciddi və təsirli addımlar atmalıyıq: “Ermənistan da rus hərbçilərindən narazıdır, biz də. Amma yanaşmalar fərqlidir. Bizim tutarlı arqumentlərimiz var. Bu günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Ceyhun Şadlinski rəsmi səviyyədə açıqladı ki, Laçın dəhlizi vasitəsi ilə Qarabağa ağır hərbi texnika daşınır. Bu açıqlama bizə əsas verir ki, ermənilərin özbaşınalıqlarının qarşısını alaq, yola tam nəzarət edək. Çünki biz humanistlik göstərdikcə ciddi problemlər qarşımıza çıxacaq”.

Ü.Cəfərov hesab edir ki, Azərbaycan beynəlxalq ekspertlərin qızıl yataqlarında monitorinqinə imkan verməyəcək: “Ermənilərin nazı ilə oynamalı deyilik. Qalib tərəfik və diktə edən Azərbaycan olmalıdır. Bəzən özümüzü elə aparırıq ki, hansısa asılılığımız var. Əksinə, Ermənistan bizdən asılıdır və Azərbaycan tələblərini kəskin şəkildə qoymalı, addımlarını sürətləndirməlidir”.

Zaur Məmmədov: Azərbaycanın növbəti peykinin orbitə buraxılması ölkəmizə  mühüm üstünlüklər verəcək - AZƏRTAC

Zaur Məmmədov: “Azərbaycandan bir kilo qızıl belə çıxara bilməyəcəklər”

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun dediyinə görə, Azərbaycan bundan sonra Laçın yolunda yüklərin gediş-gəlişinə məntəqədə nəzarət edəcək: “Separatçılar bundan sonra məlum yol vasitəsilə qanunsuz nəsə daşıya bilməyəcəklər. Qızıl yatağından bir kilo qızıl belə ermənilər çıxara bilməyəcəklər. İstismarla bizim hökumətin müqavilə bağladığı şirkət məşğul olacaq. Şərtlərimizi qəbul edən işçi ermənilər işlərinə davam edə bilərlər.

Qızılyatağda “VTB bank”la qanunsuz müqavilə nəticəsində İsveçrədə qeydiyyata alınan şirkətin rus bankına 300 milyon dollar borcu 2019-cu ildən yaranmışdı. Ermənilər faktiki olaraq pulu ödəməkdən imtina etmişdilər. Laçın dəhlizini bağlayan Paşinyanın özüdür. O, Zəngəzur dəhlizini açmayaraq Laçın dəhlizində süni böhran yaratmaqla həm Qarabağ ermənilərindən, həm də Rusiyadan uzaqlaşmaq istəyir”.

Politoloqun sözlərinə görə, Paşinyanın və Qriqoryanın Rusiyanı tənqid edən son açıqlamalarının səbəbi Kremlin onları fakt qarşısında qoymasıdır: “Nikol Zəngəzur dəhlizinin açılması ilə bağlı təklifdən imtina etdi. Rusiya 2023-cü ildə Ermənistanı Belarus kimi ”ittifaq dövlət” sənədinə imza atmağa vadar etmək üçün əlindən gələni edəcək. Əgər Paşinyanla alınmasa, bu missiyanı Ruben Vardanyana həvalə edəcəklər. 2023-cü ildə Azərbaycan bayrağı qədim torpaqlarımızın bəzi nöqtələrində sancılacaq. Bir neçə onillikdən sonra coğrafiyamızda su problemi olduqca əhəmiyyətli olacaq. Azərbaycanın hədəfi Göyçə gölünə çıxmaq olmalıdır”.

Emil SALAMOĞLU