19 Mart 2024

“Laçın yolundakı aksiya dayansın” çağırışına Bakıdan sərt reaksiya

Qarabağ separatçılarının məqsədi qarşıdurma xəttini davam etdirməkdir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 94 gündür davam edir. “Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan dövlət himninin səsləndirilməsi ilə açıblar. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Bereqite prirodu!”, “Ekotidu net! Monitorinqu da!” şüarlarını səsləndirirlər.

Bu arada-martın 14-də Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib. Separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib. İddia ediblər ki, “Qarabağ münaqişəsi” hələ də mövcuddur və erməni əhalisinin “hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar olduğu halda mümkün ola bilər”.

“Hraparak” nəşrinin bu barədə yazıdığına görə, Xankəndidəki separatçı rejim şərtlər irəli sürüb. Separatçı ermənilər Laçın yolundakı aksiyanın dayandırılmasını müzakirə edə biləcəklərini (onu da Bakıda yox) bildiriblər, hətta aksiyanın dayandırılması və Xankəndinin tərəf kimi rəsmi tanınması şərti ilə danışıqları mümkün saydıqlarını bildiriblər.

Bəs ermənilərin arzu-istəyi və ya şərti ilə Laçın yolundakı aksiyanın dayandırılması mümkündürmü? Yoxsa, əslində Bakıya dəvətə verilən bu cavab vəziyyəti daha da gərginləşdiririr və aksiyanın vacibliyini bir daha ortaya çıxarır?

Ceyhun Məmmədov medalla təltif edilib - FOTO

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövləti ermənilərə növbəti bir şans vermişdi, lakin yenə də şansı dəyərləndirmədilər: “Ermənilərin Bakıya verdikləri cavab onların müharibəni davam etdirmək yolunu seçdiklərini daha bir təsdiqidir. Azərbaycana şərtlər irəli sürmələri, hətta Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların aksiyasının dayandırılması və Qarabağdakı separatçı quldur rejimin tərəf kimi tanınması şərti təbii ki, qəbul edilə bilməz. Bunu separatçı ermənilər də bilirlər. Lakin bilə-bilə qəsdən həmin şərtləri ortaya atırlar. Məqsəd qarşıdurma xəttini davam etdirməkdir. Quldur rejimin cavabındakı şərtlər bir daha onu göstərmiş oldu ki, Laçın yolundakı dinc aksiya davam etməlidir. Azərbaycan öz erməni əhalisi ilə danışıqlarda maraqlı olduğunu nümayiş etdirdi. Ancaq ermənilər düşmənçiliyi davam etdirmək niyyətlərini ortaya qoydular. Aksiyalar davam etməlidir və Azərbaycan öz məqsədinə nail olmaq üçün gərəkən bütün qanuni addımları atmalıdır. Ermənilər onlara verilən şansdan düzgün istifadə etmədilərsə, özləri sonda peşman olacaqlar. Onları qarşıda daha ağır günlər gözləyir. Çalışmalıdırlar ki, Azərbaycanın onlara uzanan əlini geri çevirməsinlər. Çünki o əlin dəmir yumruğa çevrilə bildiyini unutmamalıdırlar. Azərbaycan bundan sonra da 30 il gözləmək niyyətində deyil”.

Çingiz Qənizadə Hacı Qalib Salahzadəyə qarşı şikayətini geri götürüb |  Kaspi.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, separatçılar Qarabağdakı erməni əhalini girov saxlamaqda davam etmək niyyətində olduqlarını Bakıya verdikləri cavab və irəli sürdükləri şərtlə növbəti dəfə dünyaya göstərdilər: “Separatçı rejim Azərbaycanın konstitusiya və qanunlarına qarşı çıxmaqda davam edir. O cür şərtləri irəli sürməklə ermənilər Azərbaycanın onlara qarşı sərt tədbirlər fazasına keçmək üçün yeni əsaslar yaradırlar. Xankəndinin tərəf kimi tanınması şərti ermənilərin sülh deyil, güc yolunu seçdiklərini isbatladı. Separatçıların tələb və şərtlərinə Azərbaycan təbii ki, məhəl qoyası deyil. Laçın yolundakı aksiyanın davam etməsi bölgədə sabitliyə, sülhə xidmət edən amillərdən biridir. Aksiya davam edir və edəcək. Bu aksiya hüquqa söykənir və ermənilərin blokadaya alınması niyyəti daşımır. Bunu biz dəfələrlə sübut etmişik. Ermənilərin bizə şərtlə cavab verməsi antiterror əməliyyatının labüdlüyünü meydana gətirir”.

Etibar SEYİDAĞA