22 Aprel 2024

Kəndlilərin su dərdi – oliqarxlar “əjdaha” rolunda

Azərbaycanda iqtisadiyyatın prioritet sahələri arasında kənd təsərrüfatı ilk yerlərdən birini tutur. Qlobal ərzaq bazarındakı tendensiyalar hər bir ölkənin öz ərzaq təchizatında yerli istehsalın payını artırmasını zərurətə çevrilir. Azərbaycanda son onilliklər ərzində kənd təsərrüfatı istehsalının artırılması üçün çoxsaylı dəstək mexanizmləri işə salınsa da, hələlik onların ölkənin ərzaq təminatında dönüşə gətirəcək təsirləri hiss olunmur. Bunun əsas səbəbi isə kənd təsərrüfatında istehsal artımına əkin sahələrinin genişləndirilməsi yolu ilə nail olunması yolunun tutulmasıdır.

Rəsmi statistikadan aydın olur ki, 2003-cü ildə 1 milyon 219 min 523 hektar olan əkin sahələri 2021-ci ildə 1 milyon 644 min 450 hektara çatdırılıb. Yenə də rəsmi statistika bu sahələrin 1,5 milyon hektarının suvarıldığını bəyan edir. 2022-ci ildə rəsmilərin verdiyi məlumatdan aydın olur ki, 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib.

Son illərdə qlobal iqlim dəyişikliyinin ölkə ərazisinə mənfi təsiri olaraq yağıntıların miqdarının azalması müşahidə olunur. Rəsmilər ölkənin su ehtiyatlarının 15 faiz azaldığını, 2040-cı ilədək daha 15 faiz də azalacağını bildirirlər. Bu göstəricilər yetər ki, hökumətin bütün diqqəti istehsalı əkin sahələrini genişləndirməklə deyil, mövcud sahələrdə torpağın keyfiyyətini artırmaq, suvarma sistemlərini müasirləşdirməklə artırmağa yönəlsin. Amma təəssüflər olsun ki, Azərbaycanda biz bunu müşahidə etmirik. Hər il müvafiq qurumlar əkinə cəlb edilən torpaqların sahəsi ilə öyünürlər, nəinki müasir suvarmanın tətbiq dairəsinin genişlənməsi ilə. Nəticə isə budur ki, 2022-ci ildə Azərbaycanda suvarıldığı deyilən 1,6 milyon hektar sahənin heç 5 faizində belə müasir suvarma sistemləri tətbiq olunmur. Rəsmi məlumata görə, indiyə qədər Azərbaycanda 56 min hektar sahədə pivot suvarma sistemləri quraşdırılıb, bu il daha 23 min hektarda müasir suvarma sisteminin tətbiqi gözlənilir. Hətta ən böyük istehsalçı şirkətlər belə sahibi olduqları yüz min hektarlarla əkin sahələrində belə sistemlərin tətbiqini təmin etmirlər. Nəticədə torpaq kanallarla onların sahələrinin suvarılması milyonlarla kubmetr su itkisi hesabına başa gəlir. Hansı ki, həmin su ilə yüz minlərlə kiçik təsərrüfatların torpaqlarını suvarmaq mümkündür.

Və hər il yaz-payız aylarında kəndlilərin, kiçik fermerlərin fəryadı medianı, sosial şəbəkələri başına götürür. Çoxsaylı şikayətlərdən, videomüraciətlərdən aydın olur ki, əksər bölgələrdə su kanallarından yalnız böyük əkin sahələri olan oliqarxlar, məmurlar yararlanır, 2-3 hektarlıq fərdi əkin sahəsi olan kəndlilər, kiçik fermerlərin əkin sahələri isə susuzluqdan yanır. Jurnalistlərin apardığı araşdırmalar da sübut edir ki, eyni kənddə hansısa məmur-oliqarxın əkin sahəsinə su verilir, ancaq onun paralelindəki kəndlilərə məxsus əkin sahələrinə su “tapılmır”…

Bu isə haqlı olaraq kəndliləri narazı salır. Faktiki olaraq suyu kəsən “əjdahalar” vətəndaşları hökumətdən, iqtidardan narazı salır. Bu problem kifayət qədər ciddidir. Suyun təbii azalması halı var, ancaq o da var ki, suyu Kürdə, digər su mənbələrində kortəbii suvarmalarla yoxa çıxaran həm də “əjdaha” oliqarxların min hektarlarla əkin sahələridir.     

Son həftələrdə Aran rayonlarında əhalinin narazılığının artması fonunda vəziyyətin ciddiliyini rəsmilər də qəbul etməyə başlayıb. Azərbaycan Meliorasiya və Su Təsərrtüfatı ASC su təminatı ilə bağlı rayonlarda görüşlərə başlayıb. Martın 29-da ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri İmişli rayonu ərazisində Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında əkin sahələri əsasən Araz çayından su ilə təmin edilən İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının və aidiyyəti təşkilatların mütəxəssislərinin iştirakı ilə görüş keçirib.

Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında, hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun olaraq bölüşdürülməsi barədə qərar qəbul edilib.

Ancaq qərar qəbul etmək hələ vəziyyətdən çıxış yolu deyil. Bu məsələnin həlli üçün ciddi işlər görülməli və nəzarət mexanizmi, təsərrüfatlar arasında konkret qrafik formalaşdırılmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi və Melioarsiya və Su Təsərrüfatı ASC-nin yerlərdə suyun ədalətli bölüşdürülməsini təmin etmək üçün son illərdə tətbiq etdikləri birgə suvarma qrafikinə əməl olunmur. Yerlərdə su əsasən yerli məmurlar, oliqarxlara məxsus inhisarçı şirkətlərin torpaqlarına axıdılır. Buna görə də əhali bu məsələdə daha çox yerli icra strukturları və su idarələrini günahlandırır. Nəzərə alsaq ki, ölkədə mövcud olan su ehtiyatlarının 94,5 faizi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən paylanılır, onda əhalinin yerli narazılıq obyektini doğru seçdiyini deyə bilərik.

Əkin sahələrinin suvarılması diqqət mərkəzində saxlanılır | Aran qəzeti

Kənd təsərrüfatı sahəsində çalışan iş adamı Şahin Hacıyevin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda su probleminin bu qədər kəskinləşməsində əsas pay iqlim dəyişikliklərinin deyil, hökumət qurumları arasında koordinasiyanın olmamasındadır: “Ölkənin əsas su arteriyası Kür çayıdır. Gürcüstan və Türkiyənin bu çayın suyundan istifadə imkanı 8 faiz ətrafındadır. Qalan istifadə Azərbaycanın payına düşür. Bu çayın qurudulması, suyunun kəskin azalması böyük ekoloji fəlakətə səbəb olacaq. Bu, təkcə suvarma suyunun azalması deyil, çay boyu ekosistemin məhv olması deməkdir. Buna nə gətirib çıxarıb? Əlbəttə, Kür boyu ərazilərdə on min hektarlarla otlaq-örüş yerlərinin heyvandarlıqdan alınıb bitkiçiliyə verilməsi. Azərbaycanın əkin torpaqlarının heç 30-40 faizi belə normal suvarma imkanlarına malik deyildi. Bunu nəzərə almadan son illərdə otlaq-örüş yerlərini sürətlə əkinə-suvarmaya cəlb edirlər. Ceyrançöl ərazisi ta qədimdən qışlaq yeridir – sovet hökumətindən əvvəl də, onun dövründə də həmin ərazilər kiçikbuynuzlu heyvandarlıq üçün qışlaq yeri kimi istifadə olunub. Çünki torpaqları duzludur, əkin əkmək üçün çox böyük su tələb edir. İndi həmin ərazilərdə oliqarxlar üçün aqroparklar yaradıb, Kürdən ora su çəkiblər. Ceyrançöldə qışlaqlar ləğv olunandan sonra o bölgədə qoyun-keçi sayı 250 min baş azalıb. Bunun sonrasını niyə fikirləşmirlər: bir azdan ətin qiyməti daha da bahalaşanda səbəblərini axtaracaqlar. Bütün bunlar ona görə baş verir ki, hökumət qurumları arasında koordinasiya yoxdur: aqropark yaradan qurum Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elmlər Akademiyası ilə məsləhətləşmə aparmır, nəticələri proqnozlaşdırmır. Hər yerdə su anbarları tikirlər. Çox yaxşı, amma bu anbarlar tikiləndən sonra kiçik fermerlərin, ailə təsərrüfatlarının suya əli çatmır axı. Şəmkir çayı ən bolsulu çaylardan biridir. Onun üzərində bənd tikənə qədər kiçik fermerlər, ailə təsərrüfatları ərazilərini rahat suvarırdılar. Lakin bənd tikiləndən sonra oradan suyu oliqarxların sahələrinə verirlər, kiçik fermerlər, digər təsərrüfatlar isə su üzünə həsrət qalıb. Bu ölkənin əhalisinin 42 faizi regionlarda yaşayır, kənd təsərrüfatı ilə dolanır. Bu imkanı onların əlindən almaq çox böyük mənfi nəticələrə səbəb olmaqdadır”.

Zərdabda 42 min hektar əkin sahəsinin suvarılması yaxşılaşdırılıb VİDEO -  AZƏRTAC

İş adamı Şahin Hacıyev: “Kiçik fermer və ailə təsərrüfatları susuzluqdan məhv olmaq üzrədir”

Ş.Hacıyev meşə ərazilərində meyvə bağlarının salınmasının da ekoloji tarazlığa təhdid yaratdığını deyir: “Meşə talalarını veriblər oliqarxlara, meyvə əkirlər. Həmin meyvə bağları mövsüm dövründə həftədə iki dəfə dərmanlanır. Bu isə meyvəni qorusa da, həmin ərazilərdəki canlı orqanizmləri məhv edir: arılar, quşlar, təbii tarazlığı təmin edən həşəratlar – hamısı məhv olur. Bir neçə müddətdən sonra biz bunun ən acı nəticələri ilə üz-üzə qalacağıq”.

Martda Almaniyada iş adamları ilə görüşündə Prezident İlham Əliyev ölkənin su təminatı sistemində olan problemlərdən danışaraq, bu sahədə ciddi islahatların olacağını anons edib: “Suyun paylanması ilə bağlı görülməli çox iş olacaq. Hazırda biz su təchizatı və sanitariya şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyduğumuz bir çox şəhərdə layihələr həyata keçiririk. Hədəfimiz bütün ölkə ərazisində içməli su təchizatının 100 faiz təmin edilməsidir. Sözsüz ki, bunu etmək çətin olacaq, çünki görülməli işin həcmi böyükdür. Lakin bizim, həmçinin su ehtiyatlarının idarə olunması sahəsində bəzi struktur islahatlarının həyata keçirilməsi ilə bağlı planlarımız var. Bunun vaxtı gəlib çatıb. Hazırda hökumət müxtəlif variantları və xüsusilə indi suyun ildən-ilə azaldığını gördüyümüz bir vaxtda, suyun paylaşdırılması ilə bağlı müasir texnologiyaların tətbiqini dəyərləndirir. Qeyd etdiyim kimi, Xəzər dənizi dayazlaşır, həmçinin çaylarımızda, transsərhəd çaylarında və mənbəyini Azərbaycandan götürən çaylarda sululuq azalıb. Əfsuslar olsun ki, biz bunu görürük. Beləliklə, su ehtiyatlarının idarə olunması, su ehtiyatlarından səmərəli istifadə sözsüz ki, qarşıdakı illər üçün prioritetlərdən biri olacaq. Bizə müasir sistemlər lazımdır ki, suya qənaət etsin. Bundan əlavə, sovet dövründə inşa edilmiş kanallar beton deyil, torpaq kanallardır. Əlbəttə ki, su torpağa sızır, itkilərimiz çoxdur. Bundan əlavə, torpaq da münbitliyini itirir. Yəni indi biz həmin kanalların müasirləşdirilməsi, ən səmərəli texnologiyanın seçimi və suvarma məsələləri kimi çağırışla üzləşmişik”.

Cibinizi boşaldan inflyasiya – Rövşən Ağayev – Qərb Xəbər

Rövşən Ağayev: “Kənd təsərrüfatı suyunun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır”

İqtisadçı-ekspert in fikrincə, çox qısa müddətdə suyu istehlakçılara çatdıran nəql şəbəkəsi ilə su ehtiyatlarına sahiblik və idarəetməni həyata keçirən struktur bir-birindən ayrılmasa, ölkənin bütün meliorasiya və içməli su şəbəkəsinin vahid, həm də nəhəng bir qurumda mərkəzləşdirilməsi çox uğursuz bir addım olacaq: “Kənd təsərrüfatı suyunun alınması və fermerlərə ötürülməsi Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmalıdır. Əhalinin içməli su təchizatı isə ya bələdiyyələrə, ya da konsessiya əsasında özəl investorlara həvalə edilməlidir.

Hazırda formalaşan agentlik yalnız su ehtiyatları və ölkə miqyaslı magistral su infrastrukturu üzərində dövlət adından sahibliyi həyata keçirməli, mövcud ehtiyatlar üzərində nəzarəti təmin etməli, sudan səmərəli istifadə sahəsində strategiya və hüquqi mexanizmlər hazırlamalı, su nəqlini həyata keçirən operatorlarla suyun topdansatış alışına dair müqavilələr bağlamalıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”