19 Aprel 2024

“Kənddən şəhərə” yarmarkaları başlayır – Ucuzluq gözləyəkmi?

İqtisadçı ekspert: “İstanbul təcrübəsindən niyə də istifadə etməyək…”

Kənd Təsərrüfatı Nazirliyi dekabrın 3-4-də Bakı və Abşeronda “Kənddən şəhərə” yarmarkaları təşkil edəcək. Bu barədə nazirlikdən məlumat verilib.

Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. Məlumata görə, fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə logistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.

Qeyd olunub ki, budəfəki “Kənddən şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 80-ə yaxın fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yaxınlığı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Aparıcı valyutalar və qızıl ucuzlaşır, ölkələr borc böhranı və devalvasiya  ilə üz-üzə

Vüsalə Əhmədova

İqtisadçı Vüsalə Əhmədova “Yeni Müsavat”a bildirdi ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiymətləri həddindən çox bahadır. Onun qənaətincə, bunun da tək səbəbi yerli kənd təsərrüfatı istehsalçılarının bazara çıxışında olduqca böyük məhdudiyyətlərin olmasıdır: “Yerli fermerlər istehsal etdikləri məhsulları çox ucuz qiymətə tədarükçülərə satmaq məcburiyyətində qalırlar. Həmin məhsullar daha sonra paytaxtda dəfələrlə baha qiymətə satılır. İldə bir dəfə təşkil olunan yarmarkalarda hansı qiymət ucuzluğundan bəhs etmək olar? Həm də bu yarmarkaların sayı çox azdır. Səhv etmirəmsə, 3-4 ünvanda təşkil olunur.

Məsələn, İstanbul şəhərində bütün il boyu həftədə bir gün hər məhəllədə “semt pazarları” təşkil olunur. Bu bazarlarda qiymətlər marketlərdən kifayət qədər ucuz olur. Səhər saatlarından axsam saat 8-9-a kimi fəaliyyət göstərən bu yarmarkalar daha sonra toplanılır və bələdiyyə işçiləri tərəfində ərazi süpürülərək yuyulur. Bu cür bazarların ölkəmizdə də təşkilindən qorxmaq lazım deyil. Kənd təsərrüfatı məhsulları istehlakçılar üçün əl çatan olmalıdır, o cümlədən fermerlərə məhsullarını satması üçün alternativ satış kanalı olmalıdır”.

Nigar HƏSƏNLİ