25 Aprel 2024

Kanada Ukraynaya 1,5 milyard dollar kredit ayırdı

Ukrayna Kanadadan 1,5 milyard dollar kredit alıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ukraynanın maliyyə naziri Sergey Marçenko sosial şəbəkədə açıqlayıb: “2022-ci ilin fevral ayından büdcə yardımı 5,1 milyard dollara çatıb”.

Nazirin sözlərinə görə, vəsait 2022-ci ilin avqustunda imzalanmış sənədə üçüncü əlavə saziş çərçivəsində əldə edilib. Kredit 10 il müddətinə verilir. Faiz dərəcəsi illik 1,5 faiz, güzəşt müddəti vəsaitin daxil olduğu tarixdən 4,5 ildir.

Martın 20-də Ukraynanın dövlət büdcəsinə “Ukraine Facility” proqramı çərçivəsində Avropa İttifaqından 4,5 milyard avroluq birinci tranş daxil olub. Buna qədər ilin əvvəlindən bütün xarici daxilolmalar cəmi 1,2 milyard dollar təşkil edib.

Ukrayna Milli Bankı ölkənin martın ortalarından aprelin sonuna kimi 10 milyard dollar və ya daha çox xarici maliyyə ala biləcəyini və bu il üçün ümumi ehtiyacın 37 milyard dollardan çox olacağını gözləyir.

Xatırladaq ki, Aİ Şurası və Avropa Parlamenti 2024-cü ilin fevral ayının əvvəlində Ukraynaya 2024-2027-ci illər üçün 50 milyard avroluq dəstək üçün yeni mexanizm – “Ukrayna Mexanizmi” aləti üzərində razılaşdıqlarını açıqladı. Söhbət “Ukraynanın Aİ-yə daxil olmaq yolunda islahatların aparılması səylərini təşviq etməklə, onun bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək üçün yeni, vahid, xüsusi alətin yaradılmasından” gedir”, – Aİ Şurasının kommünikesində qeyd olunub. Ümumi büdcə 33 milyard avro kredit şəklində, 17 milyard avro isə qrant şəklində formalaşacaq.

Avropa Parlamenti fevralın sonunda “Ukrayna Mexanizmi” qaydalarını təsdiqləyib. Martın 12-də Ukrayna və Avropa İttifaqı arasında 2024-2027-ci illər üçün “Ukrayna Mexanizmi” çərçivəsində Ukrayna üçün keçid dövrünün maliyyələşdirilməsinə dair kredit sazişi və memorandum imzalanıb.