17 Aprel 2024

İşıqlı, əvəzedilməz insan-Əvəz Həsənov

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənovun 26 noyabrda vəfatından 1 il keçdi. 50 yaşında qəfil ürək tutmasından dünyasını dəyişən Əvəz Həsənov 28 mart 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel ailəsində doğulmuşdu. Tələbəlik illərindən ölkənin ictimai-siyasi həyatında aktiv iştirakı ilə seçilən, ölkədə ilk vətəndaş cəmiyyəti təşkilatı qurucularından biri idi. Hüquq müdafiəçisi, konfliktoloq kimi Azərbaycanı bir sıra beynəlxalq təşkilatlarda uğurla təmsil edirdi.

Əvəz Həsənovun dünyadan köçməsi təkcə ailəsi, qohumları, dostları üçün dövlətimiz üçün böyük itki oldu.
26 noyabr 2022-ci ildə – vəfatının 1-ci ildönümündə ailə üzvləri, dostları,ictimaiyyət nümayəndələri Biləcəri qəbiristanlığında Əvəz Həsənovun məzarını ziyarət ediblər. Əvəz Həsənovun məzarı üzərinə əklil qoyulub, onun ruhuna dualar oxunub, haqqında xatirələr danışılıb.Əvəz Həsənovun bir il öncə vəfatı xəbəri nəinki ölkə ictimaiyyətində, həmçinin ölkəmizədən xaricdə də böyük təəssüf doğurmuşdu. Həmin vaxt müxtəlif sahələri təmsil edən yüzlərlə insan sosial şəbəkələrdə, saytlarda Əvəz Həsənovun ölümündən arsıldıqlarını bildirmiş, onun barəsində fikirlərini, xatirələrini paylaşmışdılar.
Əvəz Həsənovun xatirəsini bashlibel.az saytı olaraq həmin yazıların bəzilərini
təqdim etməklə yad edirik.

“Cıdır düzündən çıxanda bir foto çəkdirdik, növbəti fotonu Başlıbeldə
çəkdirmək ümidi ilə, qismət olmadı…”

Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov:

“Mən onu uşaqlıq illərimdən tanıdım. İllər bizi daha da doğmalaşdırdı. Ən çətin anlarda köməyimə çatırdı.
Bu gün mən xəbəri eşidib yanına çatanda sakitcə uzanmışdı. Amma əlimiz heç nəyə çatmadı, xilas etmək mümkün olmadı. Əllisində aldı əcəl əlimizdən…
Ömrünü münaqişənin həllinə həsr etdi, münaqişə bitməmiş ömür başa çatdı. İki ay öncə Şuşada idik. Cıdır düzündən çıxanda bir foto çəkdirdik, növbəti fotonu Başlıbeldə çəkdirmək ümidi ilə, qismət olmadı…
Daha neçə planlar, nə qədər arzular vardı. Gəncədən dönəndə çapa hazırlamağa illər öncə başladığı kitabını soruşdum. Hələ görüləsi işin çox olduğunu dedi…

Azərbaycan vətəndaş cəmiyyəti bir fədaisini, Başlıbel daha bir ziyalısını itirdi. Biz isə dağ havası qədər təmiz ürəkli, dağ boyda dostumuzu itirdik. Sənsiz həyat bir az mənasızlaşdı.
Ruhun şad olsun. Hələ yoxluğuna inanmaq olmur.
Hələ 13-14 yaşından 3 prinsipi özü üçün həyat devizi seçmişdi: xeyirxah iş, xeyirxah əməl, xeyirxah fikir. Onu tanıyan kimsə nə işindən, nə əməlindən narazı qalardı. Axına qarşı üzdüyündən fikirlərini bəziləri qəbul etməyə bilərdilər. Amma həmin fikirlər də cəmiyyətin faydasına idi. Əvəz bəy, çox az insanlardandır ki, mövqeyindən, statusundan, dünyaya baxışından asılı olmayaraq əksəriyyət tərəfindən sevilirdi. Bunu dünəndən bəri bir daha görmək, hiss etməkdəyəm. Doğrudur, sağlığında insanlara qiymət verə bilmirik, çox hallarda. Amma bir deyim də var ki, böyük insanların həyatı ölümündən sonra başlayır. Haqqında keçmiş zamanda danışmaq nə qədər ağrılıdır, nə qədər amansızdır, bir bilsəydi özü. Ən çətin anlarda belə yumor hissini itirməyən Əvəzə indi necə ehtiyacımız var. . .
Yeganə təsəlli nə yaxşı ki, səninlə az müddət olsa da, eyni yolu yürüməkdir. Sən deməli, nə yaxşı ki, bu həyatda sənin kimi dostum, qardaşım, sirdaşım, həmfikirim olub. Yoxluğunla bizləri elə sarsıtdın ki, qardaş, sözlə də ifadə etmək olmur acımızı…”.

“Əvəz bənzərsiz şəxsiyyət idi. İstedadla cəsarət bir arada olan necə
mükəmməl insan təsəvvür edilirsə bax, Əvəz o idi”

Jurnalist Etibar Seyidağa:

“Əvəz Həsənovun vəfatı xəbərini eşidəndə sandım ki, yuxu görürəm, oyanacam və Əvəzə zəng edib səsini eşidib özümə gələcəm. Yuxu deyildi-qanımı donduran acı, real, barışmağın mümkün olmadığı xəbər idi. Bir həmkəndli, bir əmioğlu kimi uşaq vaxtlarımdan Əvəzi tanıyırdım. Ancaq mən Əvəz Həsənovu onunla iki il bir yerdə
işləyən zaman tanıdım, onu kəşf etim. O qədər sadə, o qədər humanist, o qədər zəhmətkeş idi ki, ona heyran qalmamaq mümkün deyildi. Əvəz bənzərsiz şəxsiyyət idi. İstedadla cəsarət bir arada olan necə mükəmməl insan təsəvvür edilirsə bax, Əvəz o idi. Həqiqi vətənsevər idi, saxta deyildi, inanılmaz dərəcədə təvazökar idi. Bəzən bir böyük Nazirliyin dövlət üçün edə biləcəyi işi Əvəz Həsənov istedadı,
biliyi, diplomatik keyfiyyətləri ilə edə bilirdi. Lakin heç vaxt özünü tərifləməzdi, onu haqqına tərifləyəndə çöhrəsi qızarardı, gülümsəyib təvazökarlığını bir daha ortaya qoyardı. O, saxta adam deyildi, dürsüt idi. İkinci Qarabağ müharibəsi zamanı az qala hər gün yazışırdıq, danışırdıq. Mən ondan prosesin necə inkişaf
edəcəyi və necə nəticələnəcəyi haqda soruşurdum. Necə proqnoz vermişdisə, elə də oldu. Heyrətə gəlmişdim. Beynəlxalq siyasi münasibətlər sistemini mükəmməl bilirdi. Mən Əvəz Həsənovu belə tanıdım. Ruhun şad olsun, böyük ürəkli humanist
insan! Sən qəlbimizdə yaşayacaqsan!”.

“Əslində, üzündəki təbəssüm onun iç dünyasını xarakterizə edirdi”

QHT rəhbəri Fərman Nəbiyev:

“Əvəz Həsənovla məni və ailəmi uzun illərin telləri bağlayıb. Ərklə zəng vururdu ki, sabah səhər tədbirimiz var, Bərdədən, Qazaxdan, Gəncədən, Bakıdan QHT
nümayəndələri ilə birgə gəlirik sənin ofisinə… Ötən illər boyu o qədər xatırlanası günlərimiz olub ki… Dünən axşam və bu gün nahardan əvvəl də danışmışdıq.
Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı ilə bağlı müzakirə apardıq. Deyirdi li, Kəlbəcərə dönəcəyi zamana az qalıb. Həqiqətən az qalmışdı, amma əcəl
imkan vermədi. Sülh quruculuğuna bütün qüvvəsini sərf edən dostumuzun ürəyi bir neçə saat əvvəl dayandı. Heyf, Əvəz bəydən… Həmişə yeri görünəcək”.
Jurnalist Anar Yusifzadə:

“Əvəz Həsənovla 1994-cü ildə sosial-demokratların qərargahında tanış olmuşdum. “Eynəkli oğlan” deyə tanış olduğum müsahibim maraqlı adam idi. Mövqeyinə görə arada sataşırdım da, “eynəyin arxasından baxma” deyirdim. “Hərdən eynəyi çıxar, reallığı gör” sözümdən sonra üzündə təbəssüm yaranırdı. Əslində, üzündəki
təbəssüm onun iç dünyasını xarakterizə edirdi. Təmiz qəlbi vardı. Paxıllıqdan uzaq, peşəkar biriydi. Sahəsində az adamla müqayisə oluna bilərdi. Bir ara onu çox təklədilər. Ermənistan səfəri başında qaxınca dönmüşdü. Az qala “vətən xaini” kimi təqdim edənlər də oldu. Amma o, susmaqla çoxunun cavabını verdi. 44 günlük müharibə dövründə demək olar hər həftə görüşürdük. O, 44 gün çoxunun iç üzünü göstərdi. Əvəzin o dövrdəki fəaliyyətini unutmaq olmaz. Üzündən qəlbinə sızan təbəssüm Vətən sevgisinin təzahürü idi. Mən onda gördüm ki, Əvəz özü böyüklükdə bir Vətəndir. Vətənin bir daşı, əsl vətənpərvərdir. Uşaq kimi hər qələbə xəbərinə sevinirdi, üzündəki təbəssüm daha qabarıq görünürdü. O təbəssümü gözündən axan sevinc yaşı belə kölgədə qoya bilmirdi. Belə adamlar azdı.
Şuşaya bərabər getdik. Yol boyu üzündəki təbəssüm gözündə qələbə çalırdı. Qalib ölkənin vətəndaşı olmağın qürurunu hiss etdirirdi. Onun gözündə parlayan sevinc işığı yolumuza nərdivan olmuşdu. Eynəyinin altında yaşaran gözünü belə gizlədə bilmirdi. Yol boyu təzyiqinin yüksək olmasından çox şikayət edirdi. Onu heç zaman şikayət edən görməmişdim. Hətta maddi vəziyyətinin ağır günlərində belə. Amma təzyiq onun qamətini əyirdi. Bununla yanaşı, çantasından dərman əskik olmazdı, hətta o dərman mənim də dadıma çatdı. Sonda ürəyi yüksək təzyiqə dözmədi. Əvəz ailə adamıydı. Görüşlərimiz evdən gələn bir zənglə bitərdi. “Qızım zəng edib, getməliyəm” deyirdi. Görəsən son dəfə ona zəng edən qızı olmayıb ki?
Əvəz yaxşı dost idi. Ədalətsizliklə barışmazdı. Prinsipiallığını və əqidəsini nəinki
kimsə, illər də dəyişə bilmədi.
Əvəz kövrək adamdı. Bir söz belə onu ağlada bilirdi, amma mən nədənsə ağlayanda belə onun gözündəki təbəssümü görürdüm. Bu gün onu son mənzilə yola salanda, Əvəzin gözümün önündəki simasını xatırlarayaq ağladım. Hər zaman bizim inciməyimizdən və küsməyimizdən qorxan adam bizi ancaq ölümüyləincitdi.
Əvəz barış adamıydı. İllərlə bu sahədə yığdığı təcrübə dadımıza çatacaqdı ki… o, ölümüylə dadımızı qaçırdı. Amma
Əvəz öz yeri olan, unudulmayacaq adam idi. Yeri daim görünəcək. İllər keçsə də, mən sülh və vətəndaş cəmiyyəti barədə danışanda gözümün önündə Əvəzin çöhrəsindəki təbəssümü xatırlayacam, həm də əvəzsiz dostumu. Dost itirmək isə ağırdı, ağrıdı, ağrıdır…”.

“Əvəz gerçək bir Azərbaycan sevdalısıydı…”

Hüquq müdafəçisi Əlməmməd Nuriyev:
“Dünən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Açıq Hökumət Platformasının fəal üzvlərindən, hər birimiz üçün doğma olan Əvəz Həsənovun vəfatı xəbəri bütün cəmiyyətimizi sarsıtdı. Əvəz Həsənov Azərbaycan vətəndaş cəmiyyətinin önəmli, ona çəki verən,
nüfuz gətirən təmsilçisi idi. Əvəz gerçək bir Azərbaycan sevdalısıydı, bütün beynəlxalq tribunarlardan haqq səsimizi hayqırıdı, çox prinsipial, doğru bildiklərini sona qədər müdafiə edən şəxsiyyətlərdən idi. Çox zaman əvvəlki dövrdə cəmiyyətimiz onun ideyalarını bəzən başa düşməkdə çətinlik çəkirdi, yaxud tam
anlaşılmırdı, zaman onun bir çox məsələlərdə haqlı olduğunu göstərdi. Onun vəfatı ilə bağlı verilən reaksiyalar da göstərir ki, cəmiyyət bunun fərqinə varıb və sanki, halallaşmaq istəyir. Bundan sonra onun əziz xatirəsini yaşatmaq vətəndaş cəmiyyəti üçün bir borc olacaq. Əlimizdən gələni etməliyi ki, bu işıqlı insanın xatirəsi yaşasın. Doğmalarına və yaxınlarına özüm və Açıq Hökumət Platforması adından dərin hüznlə başsağlığı verirəm!”.

“Əvəz işıqlı adam idi…”

Əməkdar jurnalist Taleh Sahsuvarov:

“Azərbaycanın ən önəmli fikir adamlarından olan, konfliktoloq, mədəni və səmimi insan Əvəz Həsənovu bu gün son mənzilə yola saldıq. Qəfil ölümü ilə hər birimizi dərindən sarsıtmış Əvəz Biləcəri qəbiristanlığında dəfn olundu. Azərbaycan cəmiyyəti və dövləti öz dəyərli aydınını ilə layiq olduğu yüksək ehtiramla vidalaşdı. Evinin önündəki cənazə namazında və məzarıstandakı dəfn törənində prezidentin
köməkçisi Hikmət Hacıyev, PA-nın QHT-lər üzrə məsul əməkdaşı Vüsal Quliyev, millət vəkili Azay Quliyev, DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Novella Cəfəroğlu, Mehriban Zeynalova. Arzu Abdullayeva, Səidə Qocamanlı, Dilarə Əfəndiyeva, Hafiz Həsənov, Mirəli Hüseynov, Zaur İbrahimov
və digər çox sayda QHT təmsilçiləri, tanınmış jurnalistlər Anar Yusifoğlu, Eldəniz Elgün, Elşad Eyvazlı, Asəf Quliyev, Əvəzin mənim tanıdığım qohumlarından Xalid Vahidoğlu, Etibar Seyidağa, Səbuhi İsayev iştirak edirdi. Əvəz işıqlı adam idi, payızın son vədəsi olmasına baxmayaraq, günəşli bir gündə də torpağa tapşırıldı.
Onun xatirəsi qəlbimizdə hər zaman yaşayacaq. Allah rəhmət etsin!”.

“Onun varlığı özü cəmiyyətimiz üçün böyük və əvəzsiz bir dəyər idi.”

Dossent Osman Mirzəyev:
“Əzizimiz, Əvəz müəllim! Sənin haqqında keçmişdə danışmaq çox ağırdır. Çox kiçik yaşlarında talehinə yazılmış ağır yükün altında mətn dayanmağı bacardın. Kiçik zərif çiyinlərin el-oba, vətən yükünü çəkməyə dözdü. Vətən qarşısında
üzərinə çox ağır yük götürdün və bu yükü çəkməyi bacardın. 30 illik vətən həsrətinə dözdün. Vətənimiz, torpağımız düşmən tapdağından azad olundu. Sən bunu nə qədər arzulayırdın. Bunun üçün nələr etmirdin. Quruculuq işlərinin başladığı bir dövrdə əzrayıla necə təslim ola bildin? Axı sənin hələ çox arzuların var idi.
Allah Sənə rəhmət eləsin. Səni tanıyanlara çox böyük nisgil qoyub, ürək yarası vurub getdin. Ruhun şad olsun əziz qardaş”.
Deputat Cavanşir Feyziyev:
“Bu gün vətənpərvər bir ziyalımız, tanınmış ictimai xadim, gözəl insan Əvəz Həsənovun vaxtsız vəfatı çox üzücü bir xəbər oldu. Xoş məramı, xeyirxah əməlləri, təmənnasız dostluğu və səmimiyyəti ilə hər kəsi sehrləyən Əvəz Həsənovun qəfil və vaxtsız vəfatı bütün onu tanıyanlar kimi məni də çox sarsıtdı.
Onunla görüşmək, saatlarla söhbətləşmək ruhumuza xoş ovqat, zehnimizə sakitlik, düşüncələrimizə aydınlıq gətirərdi. Aydındır ki, dostlarının, yoldaşlarının, həmkarlarının və xüsusilə doğmalarının –
bir sözlə, onu sevən hər bir kəsin Əvəz istəyini heç vaxt heç nə və heç kimlə əvəzləmək mümkün olmayacaq. O öz şəxsiyyətində, öz mənliyində, öz mövqeyində və həyata baxışlarında təkrarsız və əvəzsiz bir insan idi. Onun varlığı özü cəmiyyətimiz üçün böyük və əvəzsiz bir dəyər idi. Dəyərli bir insanı itirmək
isə çox ağırdır. Amma o özündən sonra elə bir xatirə saxlayıb ki, doğmaları və yaxınları, dostları və tanışları həmişə onunla fəxr edəcəklər. Xatirəsini hər zaman böyük ehtiramla anacağım əziz insan Əvəz Həsənova Allah Rəhmət eləsin!”.

“Əvəz ölümü ilə təkcə dünyadan getmədi – Dünya Əvəzin itirdi”

Bakı Mühəndislik Universitetinin dekanı Hüseyn Mirzə:
“Həyat vəfasız, dünya fani, görüləcək işlər həmişə həddindən artıq çox, ömür isə beləcə qısadır – yuxu kimi! Qaşla göz arasındadır dediyimiz ölüm, ən yaxın dostumuz və düşmənimizdir! Bizi onun qədər bu dünyanın qayğılarından, dərdlərindən hansı dost ayıra bilər?! Hansı düşmən vaxtlı-vaxtız başmızın üstünü
kəsdirib, aman vermədən əzizlərimizi gözüyaşlı, balalarımızı başsız qoya bilər!? Ölüm əslində insanın yarıdır, yarısıdır! Gözəgörünməyən kölgəmizdir, ölüm! Biz onunla cütük, əkizik – bizimlə doğulur, bizimlə ölür, ölüm! Ölürmü yəni? Bəlkə də elə ruhumuzdur, ölməsə qara torpağın altında qalarmı heç?! Kiminin ruhu göylərə yüksəlir – Allahına çatır, kimininki sərgərdan dolanır – qəbiristanlıqla ev arasında!
Deyirlər, Allah sevdiyi insanları öz dərgahına daha tez aparır – onların ömürlərinin ən gözəl, işıqlı, parlayan vaxtında! Bəlkə də ona görə ki, onlar əbədiyyət aləmində daima həmin yaşlarında, görkəmlərində qalsınlar!
Əvəz Həsənov təkcə eldən getmədi, millətdən, dövlətdən getdi. Hər ölənə deyərlər – dünyadan getdi, Əvəz ölümü ilə təkcə dünyadan getmədi – Dünya Əvəzin itirdi!
Kiçik yaşlarından “xeyirxah iş, xeyirxah əməl, xeyirxah düşüncə” fəlsəfəsi ilə yaşayaraq bu haqsız dünyada haqqı bərqərar etməyə çalışan bir fədaisini itirdi, Dünya! Onun ölümü onu tanıyanların hamısını iliyinə-sümüyünə qədər yandırdı. Allah onun üzünə nur, ruhuna gözəllik vermişdi, bəlkə də aldıqlarının əvəzində!
Çoxumuz qisas gününü gözlədiyimiz vaxtı, O, əsir və girovlarımızı axtarmaq və azad etmək üçün əsil vətəndaş kimi beynəlxalq təşkilatlarla iş görürdü, çəkinmədən düşmənin içərisinə – qan çanağının mərkəzinə gedirdi. Onun fəaliyyətinin sayəsində onlarla günahsız insan girovluqdan azad olundu! Bu əməlin savabı insanı cənnətə qovuşduracaq qədər çoxdur! Cənnət-məkanın mübarək olsun, qardaşım! Yəqin ruhun bu cansıxıcı dünyada bizi tənha buraxmaz”.

“O mənim üçün həm müəllim, həm həmkar, həm də möhtəşəm insan və dost
idi”

2016-2019-cu illərdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsinin məsləhətçi hüquq müdafiəçisi Coanna Ketola:

“Bakıda işləyəndə professionallıq baxımından Əvəz mənim əsas həmsöhbətlərimdən biriydi. O mənim üçün həm müəllim, həm həmkar, həm də möhtəşəm insan və dost idi”

Britaniyalı hüquq müdafiəçisi Lorens Broers:
“Xeyirxahlığı, müdrikliyi və diplomatik bacarıqları Əvəzi vətəndaş cəmiyyətinin bütün qrupları ilə dostlaşdırmışdı”.

Gürcü hüquq müdafiəçisi Paata Zakareyşvili:

“O, eyni zamanda məmurlarla da dil tapa bilir,hakimiyyət dəhlizlərində hərəkət etmək kimi çətin bir işin öhdəsindən gəlirdi. Çünki onun amalı insanlara kömək
etmək idi”

“Berghof Foundation” qeyri-hökumət təşkilatının (Almaniya) Azərbaycan şöbəsinin rəhbəri Bəxtiyar Aslanov:
“Üç uşaq atası olan Əvəz həmişə sonrakı nəsillər haqqında düşünür, həm ölkə, həm də dünya haqqında daha çox şey bilmələri üçün gənclərə kömək etməyə şalışırdı.
Əvəz Həsənov xeyli gəncin, o cümlədən də mənim şəxsi və professional inkişafımız üçün çox iş görüb. Onunla bir yerdə olmaq fürsəti qazananlar çox şanslıdırlar. Əvəz bəy görüşdüyü insanların həyatına çox müsbət təsir edirdi vəmən inanıram ki, onun ideyaları sonrakı nəsillərə də təsir edəcək”.

Etibar Ağayev