27 May 2024

İran Azərbaycanla münasibətlərə “Çin səddi” çəkir

“Bu terror aktı son nöqtə sayıla bilər. İsraildə səfirliyin açılması, bu kontekstdə İranın məsələyə terror vasitəsilə reaksiyası real versiyalardan biridir”.

Bunu Musavat.com-a açıqlamasında millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Deputat xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra İranın Azərbaycana qarşı fasiləsiz hərbi təhdidləri, dini təmsilçilərinin hücumları olub. Millət vəkili hesab edir ki, iki il yarım ərzində İranın dini-siyasi rejiminin Azərbaycana qarşı apardığı sistemli təbliğatın artıq hərəkətə keçməsinin göstəricisi olduğunu deməyə ixtiyarımız var: “İran Ermənistanın müharibədə məğlubiyyətini öz məğlubiyyəti kimi qəbul edir. Buna qarşı da müəyyən tədbirlər görürlər. Azərbaycanın regionda nüfuzunun artması, xalqımızın yeni milli kimlik qazanması, özünün tarixi kodlarını, şüurunu dərk edərək yeni statusda bölgədə az qazanması İrandakı hakimiyyət təmsilçilərini narahat edir. Cənab Prezidentin açıqlamalarını xatırlatmaq yerinə düşər. Ölkə rəhbəri vurğulamışdı ki, biz qələbəmizi bir neçə dövləti qarşımıza alaraq əldə etdik. Buna baxmayaraq, mübarizə davam edir. Əminəm ki, bölgədə gedən təhlükəsizlik, əks-kəşfiyyat və s. prosesləri peşəkarlıqla bilən ölkə rəhbəri hansı hədəflərə işarə etdiyini yaxşı bilir. İranın Ocaq Necat (Xameneyinin Azərbaycandakı nümayəndəsi – red.) adlı dini ideoloji rəhbər kimi təyin etdiyi adam daxil, mühüm şəxslərin zərərsizləşdirilməsi ciddi dayaqlardan məhrum etdi”.

Zahid Oruc qeyd edib ki, Azərbaycan xalqının hiddəti pik həddə çatıb: “Yaxın Şərqdə və dünyada terroru özünün beynəlxalq siyasətini, mənafelərini gücləndirmək üçün istifadə edən qüvvə bu hadisəni məişət zəmininə bağlamaq istəyir. Əgər həqiqətən şəxsi məsələ olsa idi, həmin şəxs hesabını səfirlikdən kənarda çəkərdi. Məhsa Əmininin qətli ilə Orxan Əsgərovun şəhid olması eyni hadisədir. Buna görə də hesab edirəm ki, Azərbaycanı qələbə kursundan, torpaqlarımıza böyük qayıdışdan təhdidlər, qətllərlə çəkindirmək qeyri-mümkündür. Fransa daxil, bir çox dövlətləri nəzərə alaraq torpaqlarımızı azad etdiksə, səfirliyimizin İrandan tam tərkibdə çıxması şəraitində də itkimiz yoxdur. Daha çox zərbə İranın özünə dəyib. Terror aktı İran-Azərbaycan münasibətlərinə ciddi təsir edəcək. Sanksiyalar, embarqoların hədəfində olan dövlətə dünyanın hiddəti və nifrəti artacaq. Ölkəmizdə hələ də iranpərəst dairələr varsa, onlar da nəticə çıxaracaqlar”.

Millət vəkilinin fikrincə, ölkəmizin üzərinə gəlməyə çalışan qüvvələr sabah başqa dövlətlərə də zərbə vura bilərlər: “Hər zaman bir hakimiyyət süquta uğrayanda onun dağıdıcılıq miqyası genişlənir. Qərbdən və digər dairələrdən bu məsələdə Azərbaycanla həmrəylik tələb edirik. İran “təcrübəsinə” sığınıb gizlənmək istəyərsə, nəticəsini görəcək. Bizim İrana hücum planımız yoxdur, amma Azərbaycanı itirmək, əlaqələrimizə “Çin səddi çəkmək” İran üçün ağır nəticələnə bilər. Səfirliklərimizə hücumlar sübut edir ki, qalib Azərbaycan təhlükə kimi görünür. Müəyyən qüvvələrin İranla Azərbaycanı toqquşdurmaq niyyəti ilə hibrid savaşı aparması versiyası da ehtimallardan biridir. Hər bir versiyanı təhlil etmək lazımdır. Bu məsələdə İran hakimiyyətinin davranışları ayrı olmalı idi. Azərbaycandan üzr istənməli, dövlətimizə baş sağlığı verilməli, rəsmi hakimiyyət orqanları hadisə yerinə gəlməli idi. Bəlkə də açıqlamanı verən orta ranqlı hüquq-mühafizə orqanı təmsilçisinə hazır mətn bir gün öncədən verilib. Terror aktının lokal səviyyədə qiymətləndirilməsi iz azdırmağa xidmət edir”.

Nigar HƏSƏNLİ