27 İyul 2024

İnformasiya və kommunikasiya texnologiyaları ilə bağlı güzəştlər: 2023-cü il yanvarın 1-dən …

Milli Məclisdə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirib ki, ölkə əhalisinin 82 faizi internet istifadəçisidir: “Bu gün Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan qanun layihələrini müzakirə etdik. Qanun layihələri İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan işçilərə, xarici vətəndaşlara 01 yanvar 2023-cü il tarixdən 10 il müddətinə mühüm vergi, sosial və miqrasiya güzəştləri təklif edir”.

T.Mirkişili dəyişikliklərin aşağıdakılardan ibarət olduğunu vurğulayıb: “1. Texnologiyalar parkından kənarda fəaliyyət göstərən İT sahibkarlıq subyektləri də parkın rezidentləri sayılacaq;

2. Rezident şəhadətnaməsi alan “sistem inteqrasiyası, proqram təminatının hazırlanması, inkişaf etdirilməsi, onlara dəstək göstərilməsi və təlim verilməsi” fəaliyyəti ilə məşğul olan sahibkarlar mənfəət(20%) və gəlir(14%) vergisindən tam azad ediləcəklər.

3. Bu sahibkarlar üçün mənfəətin bölgüsü zamanı ödəmə mənbəyində tutulan divident vergisi (10%) ləğv ediləcək.

4. Bu sahibkarlıq subyektlərində çalışan muzdlu işçilərin gəlir vergisi 01.01.2026-cı ilə qədər – 8000 manatadək 0%, 8000 manatdan çox olan hissəsi 5% (hazırda 14%), 01.01.2026-cı ildən isə 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək;

5. İşçilər məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ya minimum aylıq əmək haqqı məbləğinin dörd misli (1200 man) miqdarından ya da muzdlu işdən əldə edilən gəlirlərdən indiki qaydada davam edərək ödəyə biləcəklər.

6. Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq;

7. Əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər”.

T.Mirkişili qeyd etdi ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) mütəxəssislərinə tələbat təxminən 20 min nəfərə yaxındır. Bu baxımdan qəbul olunacaq qanun yeni mütəxəssislərin yetişdirilməsi, mütəxəssislərin ölkədə qalması və yaxud əcnəbi mütəxəssislərin cəlb edilməsi üçün geniş imkanlar yaradacaq: “Təklif edilən dəyişikliklər İKT sahəsində digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadi mühitini ən cəlbedici edəcəkdir. Hesab edirik ki, bu yeni mühit ölkəmizdə İKT sahibkarlığını inkişaf etdirəcək, İT mütəxəssislərin isə inkişafına dəstək olacaq”.