29 Mart 2024

İlham Əliyevdən “3 meymun” oynayanlara ŞİLLƏ KİMİ CAVAB – Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Tədbirdə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı da iştirak edib.

qerbi.jpg (131 KB)

T.Pənahqızı görüşlə bağlı təəssüratlarını Musavat.com-la bölüşüb.

Əməkdar mədəniyyət işçisinin sözlərinə görə, dünənki görüşdə cənab Prezident bir daha dünyaya bəyan etdi ki, o, nəyi, necə və nə vaxt edəcəyini çox gözəl bilir:

“Prezident İlham Əliyev son 100 ildə insani hüquqları erməni şovinistləri və onların havadarları tərəfindən dəfələrlə pozulan Qərbi Azərbaycan kökənli milyonlarla soydaşımızın üzləşdiyi problemləri görməyənlərin və görmək istəməyənlərin, “3 meymun” oyunu oynayanların hiyləsinin üstündən pərdəni birdəfəlik götürdü. İnamla “Qərbi Azərbaycan bizim dədə-baba torpaqlarımız, əzəli yurd yerlərimizdir və biz o yerlərə mütləq qayıtmalıyıq! Ermənilər bilməlidirlər ki, adını dəyişdirdikləri yaşayış məskənlərinə, məhv etdikləri tarixi abidələrə, dağıtdıqları qəbiristanlıqlara, oğurlayıb özününküləşdirdikləri maddi-mədəniyyət abidələrinə yenidən sahib çıxmaq üçün indi Azərbaycan yetərincə gücə və haqqa sahibdir!” – deyə bəyan etdi.

telli.jpg (180 KB)

Bu gün də hansısa amilə görə (əslində hər kəsə bəlli olan məsələ) susqunluğunu qoruyan və ermənilərin cinayətlərini görməzdən gələnlər bilməmiş deyillər ki, 1918-ci ildən üzü bu yana bizim xalq ən azı 5 dəfə deportasiyaya məruz qalıb. Hər dəfə də yüzlərlə dinc sakin vəhşicəsinə qətlə yetirilib, uşaqlar öldürülüb, əhalinin var-dövləti talan edilib, evləri yandırılıb. Ermənilərin ayağı Cənubi Qafqaza dəyən gündən onların “başbilənləri” özgə torpaqlarından özlərinə vətən düzəltmək üçün hər cür alçaqlığa və vəhşiliyə əl atıblar. Üçmüədzin kilsəsinə toplaşmış qatil din xadimləri dinə yox, şeytana qulluq ediblər, illər boyu hazırladıqları gizli planlarını həyata keçirməklə bu yerlərin aborigen sakinlərini – azərbaycanlıları sıxışdırıb çıxarmağa nail olublar. Bu proses son 100 ildə daha geniş vüsət alaraq 1988-ci ildə soydaşlarımızın son nəfərinədək qovulması ilə nəticələnib və bu azmış kimi ermənilər həm də Qarabağı və ona bitişik rayonlarımızı da qəsb etməyə nail oldular. Dünya 30 il susdu. İlham Əliyev cənablarının qətiyyəti, uzaqgörən siyasəti, dəmir iradəsi ilə Qarabağ torpaqları mənfur düşməndən azad edildi”.

Telli Pənahqızı vurğulayıb ki, dövlətimizin başçısı dünənki görüşdə bir daha vurğuladı ki, biz öz gücümüzlə torpaqlarımızı azad etdik:

“Ali Baş Komandan bildirdi ki, ermənilərin dağıtdığı, yandırdığı, viran qoyduğu ərazilərimizi heç kimin köməyi olmadan bərpa etməyə başlamışıq. O yerlərdə həyat yenidən başlayacaq, gün gələcək ki, Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımız da öz doğma yurdlarına dönəcəklər. Mən düşünürəm ki, bizim yüz illər boyu yaşadığımız Qərbi Azərbaycan torpaqlarına qayıdışın təməli Ali Baş Komandanımız hələ 44 günlük müharibə zamanı – döyüşün ən qızğın günlərində düşmənin dağıtdığı bir evdə söylədiyi bu sözlərdən qaynaqlanıb: “O torpaqlar bizimdir, mənim babalarımın yaşadığı yerlərdir və biz bir gün bizə aid olan məkanlara da qayıdacağıq, mütləq qayıdacağıq, qayıtmalıyıq!” 

telli son.jpg (255 KB)

Bu gün erməniləri qorxuya salan bu əzəmətli və haqlı çağırışı müdafiə edən milyonlarla insan var ki, o günün gələcəyi anı səbirsizliklə və böyük ümidlə gözləyir. Dekabrın 24-də keçirilən görüşün bir sakral məqamı da var. İlham Əliyev cənabları məhz öz doğum günündə Qərbi Azərbaycan İcması üçün ayrılan inzibati binada bir qrup ziyalı ilə görüşdü və “Mən son illər öz ad günümdə məcburi köçkünlərlə, işğaldan azad olunmuş rayonlarımızın sakinləri ilə bərabər olmağa üstünlük vermişəm. Bu dəfə də mən sizinləyəm, demək olar ki, öz doğmalarımın əhatəsindəyəm, əminəm ki, yaxın gələcəkdə, bir vaxtlar bu binada məskunlaşan Şuşa İcra Hakimiyyəti öz daimi ünvanına qayıtdığı kimi, Qərbi Azərbaycan İcması da doğma yurdlarında fəaliyyətini davam etdirəcək” – dedi. Bu, çox qətiyyətli və əhəmiyyətli bir mesajdır. Cənab Prezidentin bu siyasi ümidlərinin həqiqətə çevriləcəyi gün uzaqda deyil”.