İctimai nəqliyyatda xidmət haqqı: Artım istəyi əsaslıdırmı?
Xəbər verildiyi kimi, Bakı şəhərində və paytaxt ətrafında müntəzəm sərnişindaşıma xidməti göstərən 19 özəl daşıyıcı şirkət mövcud tariflərə yenidən baxılması və özəl daşıyıcılara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edib. Tarif Şurasından isə bildirilib ki, hazırda qurumda ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tariflərinin dəyişdirilməsi məsələsi müzakirə olunmur. Vurğulanıb ki, sözügedən məsələnin müzakirə olunması üçün subyektlər tərəfindən təkliflər Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun təqdim olunmalıdır. Məlumatlar bu Qaydalara uyğun təqdim edildikdən sonra məsələyə Şuranın iclasında əhalinin alıcılıq qabiliyyəti, istehlakçıların və bu sahədə xidmət göstərən subyektlərin maraqlarının uzlaşdırılması, dövlət büdcəsindən ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və s. bu kimi amillər nəzərə alınmaqla baxılır və məqsədəuyğun hesab olunduğu təqdirdə tariflərin dəyişdirilməsi barədə qərar qəbul edilir.
Bəs, şirkətlərin məlum müraciətləri nə dərəcədə əsaslıdır?
Müraciətdə deyilir ki, ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bildirilir ki, sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarını risk altına salıb. Qeyd edilir ki, cari ilin geridə qalan 3 ayı ərzində Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqının dəyəri artıb.
Qeyd edək ki, ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər sonuncu dəfə 2018-ci ilin iyul ayının 30-da artırılıb. Belə ki, buna qədər avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tarifləri 11 il əvvəl – 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 7 il əvvəl – 2011-ci ilin 24 noyabr tarixində artırılmışdı. Bununla da artım qərarı ötən dövrdə ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması ilə əsaslandırılmışdı.
Görünən odur ki, hələ 2018-ci ildəki qərarla avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi kimi tədbirlərin görülməsi nəzərdə tutulmuşdu. Lakin bu tədbirlərin tam icra edilmədiyini görmək üçün paytaxtın marşrut şəbəkəsində qısa müşahidə aparmaq kifayət edir. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli hələ 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirmişdi ki, 2015-ci ildən indiyədək 968 avtobus yenilənib ki, bunun da 724 ədədi dövlət vəsaiti hesabına alınıb. Başqa sözlə, ötən ili nəzərə almasaq, 2015-ci ildən bəri özəl şirkətlər tərəfindən cəmi 244 yeni avtobus alınıb. İctimai nəqliyyatın 80 faizə qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra etsələr də yenilənən avtobusların 25 faizi onlara aid olub.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ictimai nəqliyyat sahəsində təkmilləşdirmə istiqamətində islahatların aparıldığını bildirsə də, özəl sektora bəslənən ümidlərin özünü doğrultmadığını vurğulamışdı: “Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır”.
Türkiyə, Rusiya, İran və Gürcüstanda ictimai nəqliyyatda gediş haqqının dəyərinin artmasının qiymət artımı üçün arqument gətirilməsinə gəlincə, bu ölkələrdən 3-də yanacağın qiyməti Azərbaycanla müqayisədə xeyli yüksəkdir. Bundan başqa, Azərbaycanda dizel yanacağı ilə çalışan avtobuslarla dövlət tərəfindən tənzimlənən tariflərə uyğun müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara subsidiya verilir.
Sözügedən müraciətdə mövcud tariflərin daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyması, borclanmanı daha da artırması, fəaliyyət imkanlarını risk altına salması bildirilsə də hazırda paytaxtın ictimai marşrut şəbəkəsində 27 daşıyıcı subyektin olması və bunun yalnız 1-nin dövlətə məxsus olması onu deməyə əsas yaradır ki, bu sahədə rentabellilik heç də aşağı səviyyədə deyil.
Bütün bunlarla yanaşı,müraciətdə, həmçinin deyilir ki, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına səbəb olub.Lakin tam əminliklə demək olar ki, sərnişin axınının azalması əhalinin sosial və iqtisadi aktivliyi azalması ilə yox, ictimai nəqliyyatda xidmətin səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır. Hərçənd ki, istənilən halda sərnişin axının azalması gediş haqlarının artırılması üçün əsas ola bilməz.
Ölkədə koronavirus pandemiyasından irəli gələrək ara məsafəsinin gözlənilməsi tələbinin qüvvədə olmasına baxmayaraq paytaxtın ictimai nəqliyyatında sərnişin sıxlığı pik səviyyədə qalmaqda davam edir. Təsadüfi deyil ki, müraciətdə vurğulanır ki, şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərmir. Bu, o deməkdir ki, paytaxtın marşrut şəbəkəsində mövcud olan 2014 avtobusun 35 faizi xətlərə buraxılmamaqla süni sıxlıq yaradılır.
Hər üç avtobusdan birinin xəttə buraxılmaması sərnişin sıxlığı ilə yanaşı, şirkətlərin xərclərinin əhəmiyyətli dərəcədə azalması deməkdir. Hərçənd ki, sözügedən 19 şirkət müraciətdə dizel yanacağına görə verilən subsidiya ilə yanaşı, xərclərinin azalmasından da bəhs etməyiblər.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının artması Bakı və Abşeronda ərazisində hərəkət edən istehsal ili köhnə olan avtomobillərin sayını artıracaq. Bu məsələnin, həmçinin ictimai nəqliyyatdan istifadə edənlərin sayının azalmasına, taksilərdə xidmət haqqının artmasına səbəb olacağını vurğulayan ekspert daşınma qiymətlərinin artmasının bir sıra xidmət sahələrində də qiymətlərə təsir göstərəcəyini istisna etməyib.