27 May 2024

Hər bir ölkə, xalq üçün sağlamlığın keşiyində dayanmaq ən ümdə vəzifədir

Prezident İlham Əliyevin idmana, idmançılara diqqəti və qayğısının əlbəttə nəticələri də hər zaman olacaq. İdmana qayğı hər zaman dövlətimizin prioritet məsələlərindən biri olub. Azərbaycanda bugünkü idmanın mövcudluğu və inkişafı bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir. Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman sahəsini də əhatə edir. İdmançılarımızın ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Bu gün dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülür. Bu əməyin nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır.

İdman sağlamlıqdır. Hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifədir. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda sağlam düşüncə tərzi, siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək edir.

Azərbaycan Prezidenti İlham Əliyev Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak etdi.  Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev  çıxış edərək hər il olduğu kimi, keçən ilin də Azərbaycan idmanı üçün uğurlu il olduğunu qeyd etdi.

Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Hazırda Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha  azad edilmiş şəhərlərin hər birində idman obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu və bu işlərin Baş planlar əsasında aparılacağını bildirdi.

Sonda Prezident İlham Əliyev əldə edilmiş bütün uğurlar münasibətilə idmançıları, onların məşqçilərini, idman ictimaiyyətini təbrik edərək onlara yeni qələbələr, uğurlar arzuladı və 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə mənzil və ordenlər təqdim etdi.

Səbinə İsgəndərli

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı