04 Noyabr 2024

Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan həmvətənlilərimizin təşkilatlanması, ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Diaspor quruculuğu işi daima Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edib. Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan Heydər Əliyev olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, ümumi milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoydu. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması kimi məsələlərin, zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu ideologiyanın gerçəkləşməsinə istiqamətləndi.

Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan diasporu təşkilatlanaraq, ölkəmizin milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrilib. Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası sonsuzdur. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiliklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlayıb və tarixi Vətənlə əlaqələrini itirməyiblər.

Bütün Türk dünyasının mədəniyyət beşiyi qədim Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi tariximizdə yeni səhifə açdı. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının V qurultayında söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Qurultayda Prezident İlham Əliyev öz çıxışında “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır.”

Tağı İmamverdiyev YAP Ağstafa rayon təşkilatının məsləhətçisi