28 Mart 2024

Füzulidə Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib YENİLƏNİB

Füzuli şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icraçı olduğu tədbirlər üzrə görülmüş işlər, o cümlədən yeraltı və yerüstü su mənbələrinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması, mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı və qiymətləndirilməsi barədə məlumat verib. O cümlədən “Qarabağın təbii ehtiyatlar atlası”nın, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə rəqəmsal tematik xəritələrin hazırlanması, hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, mövcud sahələrin genişləndirilməsi, məhv edilmiş meşə sahələrinin bərpası və artırılması, fauna növlərinin reintroduksiyası layihələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında əməkdaşlıq çərçivəsində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması istiqamətində fəaliyyətlər haqqında danışıb.

Bildirilib ki, nazirlik tərəfindən bu tədbirlərin icrası istiqamətində azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq, ümumilikdə, 160 hektara yaxın sahədə 121 min 420 ədəd ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiya quraşdırılıb və həmin stansiyaların məlumatları mütəmadi qaydada Milli Hidrometeorologiya Xidmətinin situasiya mərkəzinə ötürülərək təhlil olunur.

İşğaldan azad edilmiş ərazilərdə mineral-xammal ehtiyatlarının qiymətləndirilməsi aparılıb. Füzuli rayonu ərazisində yerləşən Quruçay qum-çınqıl yatağının, Dövlətyarlı əhəngdaşı yatağının, Dilağardı əhəngdaşı yatağının istismar olunduğu, Cəbrayıl dağətəyi düzənliyi yeraltı su hövzəsinə daxil olan Füzuli yeraltı su yatağında yeraltı şirin su quyularının tamamilə məhv edildiyi, rayon ərazisində mövcud olmuş bütün kəhriz sistemlərinin dağıdıldığı qeydə alınıb. Füzuli rayonu ərazisinin geoekoloji və radioaktivlik şəraitinin qiymətləndirilməsi məqsədilə kompleks geoloji tədqiqatlar aparılıb, Füzuli şəhəri və ətraf ərazilərin radioaktivliyi qiymətləndirilib.

Azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi məqsədilə tikinti materiallarına olan tələbatın ödənilməsi üçün Füzuli rayonu ərazisində yerləşən Dövlətyarlı əhəngdaşı yatağının, Aşağı Güzlək, Quruçay qum-çınqıl yataqlarının istismarına icazə verilməsi planlaşdırılıb.

Füzuli rayonu ərazisində 1 ədəd meteoroloji stansiyanın quraşdırılması üçün cihaz və avadanlıqların alınması üçün podratçı şirkətə sifariş verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli şəhərinin yaxınlığında yaşıllıq sahəsinin salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış 251,1 hektar torpaq sahəsinin 60 hektarında torpaq hazırlığı işləri yekunlaşıb və növbəti əkin mövsümündə əkin işlərinin aparılması nəzərdə tutulur.

İşğal dövründə ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi, məqsədilə beynəlxalq ekspert qrupunun Azərbaycana səfəri çərçivəsində ekspertlər Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Füzulidə məhv edilmiş təbiət obyektləri və dağıdılmış infrastruktura yerində baxış keçiriblər.

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı, fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə 2022-ci il oktyabrın 19-20-də 33 baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb və hazırda onların izlənilməsi monitorinqi aparılır.

Həmçinin 2022-ci il ərzində Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına 417 min 500 fərd, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 440 min fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri (ümumilikdə 857 min 500 fərd) buraxılıb. Nazirlik tərəfindən reintroduksiya və su bioresurslarının artırılması layihələrinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Sonra işçi qrupun üzvlərinə işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə üzrə aparılan minatəmizləmə fəaliyyəti, bu ərazilərdə baş verən yanğın hadisələrinin qarşısının alınması tədbirləri, turizm infrastrukturunun yaradılması sahəsində, eləcə də Füzuli rayonu ərazisində mineral xammal ehtiyatları və yeraltı suların monitorinqi və təftişi, Köndələnçay su anbarlarının təmir-bərpası üzrə görülən işlərə dair məlumat verilib və bu mövzular ətrafında müzakirələr aparılıb.

İclasdan əvvəl tədbir iştirakçıları və media nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının yaxınlığında 100 ədəd Eldar şamı ağacı əkiblər.