31 Yanvar 2023

Fransada Rusiya hakimiyyətinin ən güclü təbliğat resursu bağlandı

“RT France” bağlandığını elan edib.

Media1.az “Report”a istinadən xəbər verir ki, bu barədə telekanal dərc etdiyi press-relizdə bildirib.

“5 illik inadkar mübarizədən sonra hakimiyyət öz məqsədinə – “RT France”ın bağlanmasına nail olub”, – press-relizdə vurğulanıb.

Qeyd edək ki, RT (keçmiş adı ilə “Russia Today”) Rusiya hökuməti tərəfindən – ilk növbədə dövlət büdcəsindən maliyyələşdirilir. Beynəlxalq şəbəkəyə məxsus telekanala əsas ingilisdilli xəbər kanalı “RT International”, “RT Arabic”, “RT en Español”, “RT France”, “RT DE” telekanalları, həmçinin ingilis dilində “RT Documentary” və rus dilində “RT Doc” kanalları daxildir.

Media mütəxəssisləri kanalı təbliğat və bilavasitə Rusiya hökumətinin xarici siyasət xəttini izləyən kimi xarakterizə edirlər. Bir sıra xarici dövlətlərin daxili işlərinə qarışmaqda ittiham olunduğu üçün kanalın bu dövlətlərdə fəaliyyətinə məhdudiyyət qoyulub. Kanal Qərb siyasətçiləri və ekspertləri tərəfindən təbliğat aparmaqda ittiham olunur. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra kanalın yayımına Avropa İttifaqında və əksər Qərb ölkələrində məhdudiyyət qoyulub.