29 Mart 2024

Fransada pensiya islahatı ilə bağlı qanun qəbul edilib, insanlar küçələrə axışıb

Fransanın ən böyük həmkarlar ittifaqları ölkənin Baş naziri Elizabet Bornun parlamentdə səsvermədən yan keçməklə müvafiq qanunun qəbulu barədə qərarından sonra pensiya islahatlarına qarşı etiraz və tətilləri davam etdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu “Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının nümayəndəsi Ketrin Perret bildirib.

“Həmkarlar ittifaqı yığıncağında pensiya islahatlarının geri götürülməsi tələbinin davam etdiriləcəyi ilə bağlı qərar qəbul olunub. Həmkarlar ittifaqı həmçinin böyük tətil və nümayişlərin martın 23-də keçirilməsinin tərəfdarıdır”, – deyə o vurğulayıb.

Bu arada, Parisin mərkəzində, “Place de la Concorde” meydanında hökumətin islahatı parlamentin təsdiqi olmadan qəbul etməsindən sonra etirazlar hazırda davam edir. Minlərlə insan meydana toplaşıb, bəziləri hökumətin istefasını tələb edən plakatlar tutublar. Vəziyyətin gərgin olduğu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının barrikada qurduğu, bəzi etirazçıların məşəl yandırdığı və polisə müxtəlif əşyalar atdığı qeyd edilir.

Qeyd edək ki, Fransanın Baş naziri Elizabet Born cümə axşamı günü hökumətin ölkə konstitusiyasının 49.3-cü maddəsinə uyğun olaraq, Milli Assambleyanın razılığı olmadan pensiya islahatı qanun layihəsini qəbul etmək qərarını açıqlayıb.

Açıqlamadan sonra ifrat sağçı Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen hökumətə etimadsızlıq səsverməsi üçün müraciət edəcəyini bildirib. “Le Figaro” qəzeti yazıb ki, deputatların müvafiq prosedur üçün sorğu təqdim etmək üçün 24 saat vaxtı var. Müraciət təqdim olunarsa, gələn həftənin bazar ertəsi, martın 20-də məsələ müzakirə oluna bilər.

Pensiya islahatı qanun layihəsi Fransada geniş rezonansa səbəb olub. Cümə axşamı Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib. Bildirilib ki, təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin 345 senatordan 193-ü lehinə, 114-ü isə əleyhinə səs verib.