28 Mart 2024

Fransa Senatının qərarı erməni lobbisinin təsiri altında hazırlanıb

“Fransa hər zaman ermənipərəst mövqeyi ilə seçilib və bu gün də bu mövqeyini utanmadan davam etdirərək Ermənistanın maraqlarını müdafiə etməyə, Ermənistanı dünyaya günahsız ölkə kimi qələmə verməyə, tanıtmağa çalışır. Halbuki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə Fransa bir dəfə də olsun Azərbaycanın haqlı mövqeyini dilə gətirib, Azərbaycanın müdafiəsinə qalxmayıb”.

“OLAYLAR” xəbər verir ki, bu fikirləri “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə səsləndirib. İctimai Birlik rəhbəri deyib ki, Fransa rəhbərliyi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük vətən savaşını yox sayıb hələ də mövcud olmayan qondarma bir qurumu tanımağa və tanıtmağa cəhd edir:

“Fransa Senatı “Dağlıq Qarabağ Respublikası tanınmalıdır” deyə biyabırçı, utancverici, ikiüzlü bir qərar qəbul edib. Hesab edirəm ki, bu qərar Azərbaycana qarşı qərəzli və erməni lobbisinin təsiri altında alınan bir qərardır. Əgər Fransa Azərbaycana və təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə münasibətdə bu kimi mövqe sərgiləməkdə davam etsə, şübhəsiz ki, Fransa özü Azərbaycan-Fransa münasibətlərini məqsədli şəkildə korlayacaq”.

Lamiyə İsazadənin sözlərinə görə, bəzi ermənipərəst dövlətlər eləcə də Fransa dövləti hələ də anlamaq və qəbul etmək istəmir ki, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi 2020-ci ildə tarixin arxivinə getdi:

“Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları çoxdan pozuldu, həmin planların bərpası isə bundan sonra qeyri-mümkündür. Beynəlxalq qurumların leksikonunda artıq “Dağlıq Qarabağ” sözü yoxdur. Sadəcə Qarabağ var. Qarabağ isə yalnız Azərbaycanındır!”