25 Aprel 2024

Yunis Eyyubov:Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ənənəvi olaraq şanlı Zəfərimizin ikinci ildönümünü də Şuşada hərbçilərlə birlikdə qeyd etdi. Hərbçilər qarşısında geniş nitq söyləyən Prezidentimiz tarixi fikirləri ilə bir daha öz böyüklüyünü, əsil Vətən sevgisini, qətiyyətli sərkərdəlik qabiliyyətini, dönməz iradəsini nümayiş etdirdi. Şuşadan dünyaya səslənən dövlətimizin başçısı müharibədən sonrakı dövrdə cərəyan edən proseslərə aydınlıq gətirdi və cəsarətlə bəyan etdi ki, bütün məsələlər yalnız qalib Azərbaycanın diktəsi və razılığı ilə həll oluna bilər. Son dövrlər erməni havadarlarının hədyan çıxışlarına, məkrli siyasətlərinə tutarlı cavab verməklə cənab İlham Əliyev hər şeyi faktlar və sübutlarla ortaya qoydu və bir daha bəyan etdi ki, Azərbaycan oğullarının qanı-canı bahasına qazanılmış tarixi qələbəyə heç kim kölgə sala bilməz. Eyni zamanda erməni vandalizminin ağlasığmaz fəsadlarını qeyd etməklə bəzi erməni dostlarına da layiqli mesajlarını verdi.

Çıxışında Prezident qeyd etdi ki, “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Möhtərəm Prezident erməni işğalçılarının iç üzlərini bir daha ifşa edərək kimin kim olduğunu, belə vəziyyətdə kimə dost, kimə düşmən deməyi bəzi dövlətlərə öyrətdi. “Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz.Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənis tan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.

Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik. Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar regionun sabitliyi üçün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanat Azərbaycanın hərbi-siyasi və diplomatik meydanda qələbə çalmasını təsdiq etdi. Azərbaycanın qalib ölkə olaraq Cənubi Qafqazın yeni inkişaf perspektivlərini müəyyənləşdirən alternativsiz siyasəti birmənalı olaraq qəbul edildi.

Yunis Eyyubov

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi