09 Dekabr 2022

“Total” şirkətinin Xəzərdəki aktivləri Azərbaycanın xeyrinə dondurula bilər

Fransaya haqq etdiyi dərs-əməkdaşlıq dayandırılsın, səfir geri çağırılsın…

Fransanın riyakar siması, Azərbaycana qarşı tutduğu qərəzli mövqe haqlı olaraq hiddətlə qarşılanır. Milli Məclisin bir gün əvvəl keçirilən iclasında Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edilib. Milli Məclis  Azərbaycan hökumətinə təklif edir ki, Fransanın Azərbaycan və Ermənistan arasında normallaşdırma prosesinə cəlb edilməsinə icazə verilməsin, Fransanın Azərbaycanda hansısa aktivləri aşkar edilərsə, onlar dondurulsun, Fransa şirkətlərinin enerji sektorunda Azərbaycanla əməkdaşlığına yenidən baxılsın.  Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransa cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırsın, Türk Dövlətləri Təşkilatı çərçivəsində Fransanın türkofobiya siyasəti, İƏT çərçivəsində Fransanın islamafobiya siyasətinin gündəliyə çıxarılsın. Qeyd edək ki, Milli Məclisdə “Fransadakı səfirimiz oradan geri çağırılsın” fikri də səslənib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın 35 milyard 556,4 milyon dollar olan xarici ticarət dövriyyəsində Fransa birinci onluqdan çox uzaqda qalıb. Dünya ölkələrindən Azərbaycana ixrac olunmuş məhsulların cəmi 1.6 faizi bu dövlətin payına düşür. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Fransa ilə apardığı ticarət mübadiləsinin həcmi 387,55 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalıb. Məsələ ondadır ki, 2009-cu ilin fevralında SOCAR-la “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsü sazişi imzalayan TOTAL şirkəti indiyə qədər qaz çıxarmayıb. Bu gedişlə heç gələn il də çıxara bilməyəcək. Sazişdə öhdəliyinə baxmayaraq, nə terminal tikir, nə qaz ixracı infrastrukturu yaradır, nə qazın marketinqi layihəsi üzərində çalışır. Bütün bunlar azmış kimi, cəmi bircə istismar quyusu qazmaq öhdəliyi götürüb, amma hələ də ortada bir nəticə yoxdur. Fransanın Azərbaycanda hansısa aktivlərinin olması mümkündürmü? Münasibətlərin səfirin məsləhətləşmələr üçün geri çağrılıması həddinədək gərginləşməsi gözləniləndirmi? 

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra ermənilərə qardaş deyən ölkələrin bizə qarşı aqressiv münasibət sərgiləyəcəyi gözlənilən idi. Bu sırada ilk yerdə duran İran molla rejimi və təəssüf ki, Avropa Birliyinin dayaq ölkələrindən biri hesab edilən Fransa hökuməti xüsusi cənfəşanlıqları ilə seçilir: “Biz hər iki erməni dostunun şıltaqlıqlarına artıq öyrəşmişik. İllərdir bizə qardaş deyib Ermənistana bölgədə xüsusi nəfəslik verən İran hakimiyyətinin Azərbaycan sevgisinin “iç üzü” həmişə qara olub. Çünki gerçəkdə İran bizə düşmən mövqeyində olub və bu gün bu yöndəki mövqeyini getdikcə daha da dərinləşdirməkdədir. Biz qalib bir ölkə olaraq öz yolumuzla gedir və haqq etdiyimiz nə varsa onu əldə edirik və bundan sonra da bu belə olacaq. Fransanın çabaları da “anlaşılandır”. Erməni lobbisinin güclü olduğu bu ölkədə Azərbaycana qarşı sərgilənən münasibət Azərbaycanla Fransa arasında müstəqillik dövrümüzdə bağlanmış müqavilələrin ruhuna uyğun gəlmir. Bu səbəbdən bizə düşmənçilik mövqeyində olan ölkə ilə bağlanmış müqavilələrə yenidən baxılmalı və onların qüvvədən düşməsi istiqamətində addımlar atılmalıdır. Digər tərəfdən, Fransa hökumətinə xəbərdarlıq olunmalıdır ki, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı “tövsiyə” xarakterli qərarlarını geri oxusunlar. Bunun edilməyəcəyi təqdirdə diplomatik əlaqələrin dondurulmasına qədər addımların atılacağının qaçılmaz olacağı Fransa Senatının və prezidentinin diqqətinə çatdırılmalıdır. Bir şəxs prezident kimi ağılsız olub, emosiyaya qapanaraq Qafqazın iqtisadiyyatının 70%-ə qədərinə sahib olan bir ölkə ilə münasibətlərin korlanmasına imza ata bilər – lakin biz buna seyrçi qalmamalıyıq. Bir sözlə, qətiyyətli olmalıyıq. 44 günlük müharibə meydanındakı qətiyyətimizi indi siyasi meydanda ortaya qoymaqdan çəkinməməliyik. Belə olan halda özlərini erməni qardaşı hesab edən fransız başbilənləri daha ciddi düşünməyə məcbur olacaqlar.

Fikrət Yusifov: “Tarif dəyişiklikləri qiymətlərə ciddi təsir etməyəcək”

 Fikrət Yusifov

Bir neçə il bundan əvvəlin rəsmi məlumatlarına görə Fransanın Azərbaycanda 40-a yaxın şirkəti fəaliyyət göstərirdi. Bu istiqamətdə də onların fəaliyyətini daraldacaq addımların atılması yerinə düşərdi”.

Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Fransa bir neçə epizod üzrə son illər qlobal səviyyədə imzaladığı sazişlərə və öhdəliklərinə məsuliyyətsiz yanaşır: “Bəzi öhdəliklərini isə sazişdə nəzərdə tutulmayan şərtlər əsasında həyata keçirməyə çalışırlar. Məsələn, Fransanın “Total” şirkəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bir yana, həm də xüsusi arzularını da ortaya qoyub. “Total” məsələsində Fransanın hər hansı müsbət addımına da rast gəlinmir. Yəni bu şirkətin 2009-cu ildən indiyə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi üzündən Azərbaycana və digər payçılara dəyən böyük zərəri məhz Fransadan tələb etmək lazımdır. Bunun üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək vacibdir. Xəzər dənizinin İrana yaxın hissəsində “Total”ın aktivləri var. Ümumiyyətlə, Xəzər dənizində “Total”ın aktivləri Azərbaycanın xeyrinə dondurulmalıdır.

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

 Yeganə Hacıyeva

Bunun üçün kifayət qədər hüquqi əsas yaranıb. 2009-cu ildən bu yana iştirakçılıqda onlar bizə böyük iqtisadi ziyanlar vurublar. Azərbaycan təktərəfli qaydada “Total”dan imtina etməli və hasilatda iştirakçılığı daha məsuliyyətli tərəfdaşa verməlidir. Dəymiş ziyanın ödənilməsini isə Fransadan tələb etməlidir. Fransanın qeyri-neft sektoruna aid şirkətlərinin də Azərbaycanda aktivləri var. Onların da fəaliyyətini araşdırıb ortaya çıxan nəticələrə uyğun addımlar atıla bilər. O ki qaldı Fransadakı səfirimizin geri çağırılması məsələsinə, münasibətlərin bu həddə qədər gərginləşməsi gözləniləndir. Fransa Azərbaycana qarşı fəaliyyətini davam etdirsə, təbii ki, bütün bunlar gözləniləndir”.

Aydın Hüseynov: “Ölkəmizin iqtisadi imkanlarının daha da artacağı real  proqnozlardır”

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirdi ki, Fransa ilə iqtisadi əlaqələrimizə yenidən baxılmalıdır: “Mən parlamentdə də bu fikrimi ifadə edərək bildirmişəm ki, Fransa şirkətlərinin Azərbaycanın enerji sektorundakı layihələrində iştirakının dövlət sifarişi və digər layihələr qarışıq tutumu 6,2 milyard dollardır. Eləcə də Azərbaycan Fransaya 2 milyarddan çox investisiya yatırıb və hər birimizə də məlumdur ki, bu gün dövlətlərin başlıca məqsədi öz iqtisadi əlaqələrini genişləndirmək, öz vətəndaşlarının rifahını yüksəltməkdir. Normal dövlətlərdə bu baxış var. Bəs indi görəsən, Azərbaycanla Fransa arasındakı iqtisadi əlaqələr normal şəkildə olduğu bir halda Fransanın Azərbaycana olan bu münasibətinin əsasında nə dayanır? Mən uzunmüddətli, 30 illik tarixə nəzər salarkən düşünürəm ki, əslində Fransanın bu proseslərdəki bəlası onların prezidentlərinin bəlasıdır. Yəni 50 milyondan çox fransız xalqı az miqdarda olan bir erməni lobbisinin əlində əsir-yesir olub həm beynəlxalq hüququ tapdalayır, həm özünün iqtisadi əlaqələrini qura biləcək bir dövlətlə əlaqələrində gərginlik yaradır. Bu gün proseslərin, bu münasibətin başında birbaşa prezident Makronun istəkləri və erməni lobbisindən prezidentlik kürsüsü üçün ala biləcəyi dəstək dayanıb. Əlbəttə, Fransa öz tarixinə nəzər salsa, görər ki, 50-dən çox ölkəni işğal edib və işğal etdiyi hər bir ölkədə qırğınlar törədib, genosidlər törədib, dilini əlindən alıb. Bir çox ölkələr var ki, bu gün də dövlət dilləri fransız dilidir, nəyə görə? Çünki vaxtilə fransızlar onları bax, bu tərzdə davranmağa məcbur ediblər. Fransanın özündə çoxlu sayda, milyondan çox erməni yaşayır. Halbuki bu gün Qarabağda 30 minə qədər erməni yoxdur. Düşünürəm ki, Fransa ilə iqtisadi əlaqələrimizə yenidən baxmalıyıq. Əgər Fransa ermənilərə daha çox dəstək göstərmək istəyirsə, onlar üçün bir havadarlıq etmək istəyirsə, elə Fransanın özündə onlara dövlət də versin, muxtariyyət də versin və nə istəyir onu da etsin. Digər tərəfdən isə əgər Fransa belə böyük bir demokratik dövlətdirsə, elə onda Korsikanın özündə bu problemləri həll etsin”.

Etibar SEYİDAĞA