Fermerin gəlirini, torpağın ömrünü necə uzatmaq olar? – TƏHLİL
Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatına xüsusi diqqət ayrılır, fermerlər mütəmadi olaraq yeni texnologiyalar barədə maarifləndirilir, hətta bunun üçün dövlət tərəfindən stimullaşdırıcı addımlar atılır. Bütün bunlarla yanaşı, torpaqların münbitliyi və təyinatına uyğun əkilməsi məsələsi də mühüm önəm daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində torpaq münbitliyinə nəzarət strateji əhəmiyyət kəsb edir. Bu ölkələrdə torpaq münbitliyinin idarəolunması ilə məşğul olan qurumlar torpağın keyfiyyətini nəzarətdə saxlamaq üçün mütəmadi olaraq vahid elmi-texniki siyasət həyata keçirirlər.
Məsələ ilə bağlı “Kaspi” qəzetində məqalə yayımlanıb.
Azərbaycanda da “Azərkəndkimya birliyi” adında bir qurum olub, lakin 1990-cı ildə həmin birlik ləğv edilib və bir çox funksiyaları müxtəlif icra orqanlarına həvalə olunub. Ancaq həmin icra orqanları arasında informasiya mübadiləsinin olmaması və onların praktikada olan problemlərə vahid prizmadan yanaşmaması torpaqların münbitliyinin idarə olunmasında, aqrokimyəvi xidmətdə xaotik vəziyyətin yaranmasına səbəb olub. Eyni zamanda, o dövrdə ölkədə mövcud olan torpaq analizi üçün laboratoriya şəbəkəsi də ləğv edilib. Nəticədə ölkənin bütün regionlarında torpaqların münbitliyi sürətlə azalmağa başlayıb. Gübrələrin kortəbii tətbiq olunması isə torpaqların ekoloji durumu pisləşib. Lakin son bir neçə ildə kənd təsərrüfatı sahəsində aparılan işlər, formalaşdırılan yeni qurumlar artıq əkin torpaqlarının münbitliyi məsələsinə xüsusi diqqət ayırıb. Torpağın arqo-kimyəvi analizlərinin aparılması da ölkənin qida təhlükəsizliyinin qorunmasına əsaslanaraq fermerlərə dəstək olmağı özündə ehtiva edir. Fermer öz torpağını aqrokimyəvi analizə verməklə hansı məhsulun daha səmərəli olduğunu, hansı gübrələrdən və nə qədər istifadə edilməsini dəqiqləşdirə bilir. Bu, nəticə etibarı ilə az xərclə bol məhsuldarlığa gətirib çıxarır. Bəs görəsən, bu sahədə vəziyyət nə yerdədir? Sahibkarlar aqro-kimyəvi analizlərə maraq göstərirmi?
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, ekspertiza və sertifikatlaşdırma mərkəzinin direktoru Rəşad Vahabzadə bildirdi ki, əkindən qabaq torpaq analizlərinin aparılması onun münbitliyinin aşkar olunması, düzgün gübrə, qida rasionunun təyin edilməsi məqsədilə edilir: “Bu, daha çox aqro-kimyəvi analiz adlandırılır. Əkinçilikdə üç ana məfhum var – bağ, bitki və gübrə. Yəni bu üçbucağın tələblərinə riayət olunmalıdır. Torpağı analiz etdiyimiz zaman bilirik ki, burada nə əkiləcək, nə qədər qida maddələri ilə təmin olunacaq. Yəni fermer özü müəyyənləşdirir ki, məsələn, 10 hektar yerdə taxıl və ya yonca əksə, filan qədər xərci çıxacaq. Fermer bu addımı ilə öz xərclərini bir növ əvvəlcədən optimallaşdırır. Bundan sonra həm makro elementlər, həm də mikro elementlər cəhətdən gübrələmə dozaları müəyyən olunur. Artıq bundan sonra bəlli olur ki, bu torpaqda nə bitər. Fermer ümumi gübrələmə tətbiq etdiyi zaman torpağın məhsuldarlığını bilir. Tutaq ki, ona məxsus torpaqda 40 kiloqram azot var və 50 sentner məhsul almaq üçün lazım olan əlavə azot və digər gübrələri verməyi planlaşdırır. Yəni öz xərcini əvvəlcədən müəyyən etmiş olur”.
Direktor bir sıra fermerlərin bu metoda maraq göstərmək istəməməsinə toxunaraq vurğuladı ki, həmin şəxslərə məsələnin mahiyyəti izah edilir: “Onlara deyilir ki, torpaq sizin olsa da, ölkənin ərzaq təhlükəsizliyi də var. Yəni izah edilir ki, torpağı düzgün istifadə etməməklə, misal üçün, ölkədə taxıl ehtiyatının azalmasına dəstək vermiş olurlar. Amma işə düzgün qaydada yanaşılsa, deyək ki, ölkənin taxıla olan tələbatına bir faiz də olsa, köməklik edirlər. Belə deyək ki, həm də fermerin gəliri artır. Bir məqama diqqət edək, fermer kortəbii formada torpağa iki kisə azot gübrəsi verir. Amma normalda bu, ya azdır, ya da çoxdur. Beləcə, kortəbii şəkildə görülən işin nəticəsi olaraq, ilin sonunda 20 ton taxıl olur. Ancaq qeyd edilən qaydalara əməl edilsə, bəlkə də bu göstərici 30 ton olardı və artıq əldə etdiyi 10 ton taxılı gəlirinə sərf edərdi. Biz neçə illərdir laboratoriya analizləri ilə məşğuluq. Yəni bizə müraciət edən, verdiyimiz tövsiyələrə əməl edən şəxslərin böyük əksəriyyəti razılıq edir ki, çəkdiyi xərclər azalıb, məhsuldarlıq artıb”.
R.Vahabzadə qeyd etdi ki, 2018 və 2019-cu illərdə, təxminən 100 min hektar ərazi analiz edilmişdirsə, artıq analiz edilmiş ərazilərin hektar sayı 500 minə yaxınlaşır: “Təbii ki, söhbət payızlıq əkindən gedir. Bu artım digər təyinatlı yazlıq və çoxillik əkinlərdə də özünü büruzə verir. Qısa vaxt keçməsinə baxmayaraq, bu, çox böyük nəticədir. Onu qeyd edim ki, bu proses artıq gübrə bazarında da satışın düzgün təmin olunmasına gətirib çıxarır. Məsələn, kortəbii formada istifadə üçün 1-2 adda gübrə gəlirdisə, artıq belə deyil. İndi torpağın analiz nəticələrinə uyğun gübrə tərkibləri gətirilməyə başlanılıb”.