25 Aprel 2024

Ətin qiyməti ucuzlaşacaqmı?- Ekspertdən açıqlama

Bu günlərdə ətin qiymətinin artımı ilə bağlı xəbərlər yayılıb. Bəzi yerlərdə mal ətinin 1 kiloqramının qiyməti 12 manatdan 14 manata, qoyunun əti isə 15-16 manatdan 17-18 manata qədər artıb. Qiymət artımına əsas səbəb kimi yemin bahalaşması və otlaq sahələrinin azalması göstərilir. Hətta belə davam edərsə, ətin 1 kiloqramının 20 manat və daha çox ola bilməsi də istisna edilmir.

Bəs bu bahalaşmanın qarşını hansısa üsulla almaq mümkündürmü?

İqtisadi ekspert Natiq Cəfərli Musavat.com-a açıqlamasında deyib ki, bununla bağlı hökumətin tədbir görməsi vacibdir. Ekspert qeyd edir ki, kəndlilərə, fermerlərə işlək dəstək proqramları olmalıdır ki, bolluq yaransın. Bolluq yaransa qiymət də düşəcək.

“Ətin bahalaşmasının qarşısını almaq üçün yeganə çıxış yolu yerli istehsalın artımıdır. İşğaldan azad olunmuş torpaqlar bunun üçün bizə çox gözəl fürsət verir. Ənənəvi maldarlıq rayonlarımız var Qubadlıda, Laçında, Ağdamda məskunlaşmanın sürətləndirilməsi mütləqdir. Bundan əlavə kənd təsərrüfatı ilə məşğul olmaq istəyən əhaliyə dövlət tərəfindən ciddi dəstək göstərilməsi və ət istehsalının artırılması lazımdır. İqtisadi qanunlar bu şəkildə işləyir. Harada rəqabət varsa, harada bolluq varsa, qiymət də aşağı düşür. Bizdə iri və xırdabuynuzlu mal-qaranın sayı getdikcə azalır. Son 5 ildə təqribən 7 faizə yaxın azalma var. Bu onu göstərir ki, əhali artır və tələbat artır, iribuynuzlu və xırdabuynuzlu mal-qara isə azalır. Təbii ki, belə olan halda qiymət də artmış olur. Bununla bağlı hökumət tədbir görməlidir. Kəndlilərə, fermerlərə işlək dəstək proqramları olmalıdır ki, bolluq yaransın. Bolluq yaransa qiymət də düşəcək”.

Dürrə Həsənova