Əsas ərzaq məhsullarının ixracı məhdudlaşdırılır
Hökumət yerli istehsalçıları qorumaq üçün də addımlar atmalıdır
Azərbaycan hökuməti Rusiyanın Ukraynaya hücumu nəticəsində dünya ərzaq bazarında bahalaşmanın sürətlənməsini, qlobal daşıma zəncirindəki qırılmalar üzündən mümkün qıtlıq perspektivini nəzərə alaraq bir sıra əsas ərzaq məhsullarının ölkədən çıxarılmasına məhdudiyyət tətbiq edib. Nazirlər Kabinetinin bununla bağlı qəbul etdiyi qərara əsasən buğda, un, diri ətlik heyvan, ət, süd, yağ, kartof(istixanada yetişdirilən faraş kartof istisna olmaqla), şəkər,vyumurta və sair məhsulların Azərbaycandan ixracı üçün İqtisadiyyat Nazirliyindən xüsusi icazə alınacaq.
İqtisadiyyat Nazirliyi qərarda qeyd olunan məhsulların ixracatçısı olan sahibkarlara müraciət edərək, bayram günlərində də işləyəcəklərini və müraciətləri 5 gün müddətində cavablandıracaqlarını bəyan edib.
Maraqlıdır ki, kartof və şəkər istisna olmaqla, qərarda adı keçən məhsulların əksəriyyətinin Azərbaycandan ixracı ya yoxdur, ya da çox cüzi həcmdədir. Bu isə deməyə əsas verir ki, hökumət sanksiyalarla üzləşən Rusiyada yaranması gözlənilən əlverişli qiymət şərtlərinin Azərbaycandan bu ölkəyə ixracı stimullaşdırması ehtimalını nəzərə alaraq müvafiq qərarı qəbul edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin sözlərinə görə, dünya bazarlarında enerji qiymətlərinin yüksəlməsi, dəyər və logistika zəncirinin məhdudlaşması, baş verən geosiyasi reallıqlar və münaqişələr, o cümlədən pandemiya şəraitində yaranan və müvəqqəti irs buraxan müəyyən iqtisadi çətinliklər dünya ölkələri arasında ərzaq təhlükəsizliyi üçün təhdid yaradıb:
“Belə ki, 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlindən etibarən dünya bazarında istehsal qiymətləri indeksində müşahidə olunan artım, habelə qida və qeyri-qida məhsullarının quru və su nəqliyyatı vasitəsilə daşınmasında yaranan məhdudiyyətlər inflyasiya meyllərini daha da tətikləyib. Bu gün inkişaf etmiş ölkələrin faiz dərəcələrində proqnozlaşdırılan artım da sözügedən inflyasiya təzyiqinin azaldılmasına hesablanıb. Baş Nazir tərəfindən imzalanan Qərar Azərbaycanın beyəlxalq iqtisadi təhdidlər fonunda ərzaq təhlükəsizliyinin tənzimləməsi faktoru kimi çıxış edə bilər. Verilən qərara əlavə edilən məhsulların ölkədən aparılması istiqamətində həyata keçiriləcək tənzimləmələr Azərbaycan vətəndaşlarının geoiqtisadi risklərdən qorunması və sığortalanması xarakterini daşıyır. Siyahı əsasında izlənilən məhsullar Azərbaycan vətəndaşının minimum istehlak səbətinə daxil edilən məhsullardır. Qeyd olunan siyahının tərkib hissəsinə idxal edilən aralıq istehlak məqsədli və son istehlak məqsədli məhsullar aiddir. Aralıq istehlakla bağlı tənzimlənmənin əsas məqsədi yerli istehsal üçün zəruri olan xammal zəncirin riskinin minimumlaşdırılması ilə birbaşa bağlıdır”.
Mərkəz rəsmisi bildirir ki, siyahıya daxil olan məhsulların tərkibində yer alan 0102 və 0204 nomenklaturalı malların 2021-ci il üzrə ölkəyə idxalının ümumi dəyəri 47,6 milyon dollar təşkil edib:
“Bu kod altında yerləşən məhsullar diri iri buynuzlu (keçi, qoyun, düyə, inək) heyvan məhsullarıdır. 0201 və 0204 nömrəli soyudulmuş, sümükdən ayrılmış və ayrılmamış heyvan məhsullarının ölkə ərazisinə idxalı 21,7 milyon dollar təşkil edib. Sözügedən kodlar üzrə 2021-ci ildə ölkə ərazisindən ixrac cəmi 38,4 min dollar olub. 0207 (11,12,13 və 14 (istisna ilə birgə)) kodu altında ticarət olunan ev toyuqları ilə əlaqədar müxtəlif növ məhsulların idxalı 38,2 milyon dollar, ixrac isə 642 min dollar təşkil edib. 0402 kodlu məhsulları özündə əhatə edən süd və qaymaq, onların müxtəlif növ məhsulları üzrə ölkə ərazisinə idxal 8,5 milyon dollar, ixrac isə 934 min dollar olub. 0405 kodunu özündə əhatə edən kərə yağı və süd pastaları üzrə idxalın dəyəri 78,9 milyon dollar, ixracı isə 1,3 milyon dollar təşkil edib. 0407 kod altında istehlak edilən inkubasiya üçün mayalanmış və inkubatorda yetişdirmək üçün lazım olan ev quşlarının yumurtaları üzrə idxal 10,4 milyon dollar təşkil edib. Bu kod altında 2021-ci ildə ixrac həyata keçirilməyib. 0701 kodlu kartof məhsulunun tərkibi faraş kartof istisna olmaqla, həyata keçirilən idxalı 11,1 milyon dollar təşkil edib. Faraş kartof üzrə Azərbaycanın ixracı 2021-ci ildə 40,1 milyon dollar olub. 10, 11, 12 kod altında formalaşan qruplar Azərbaycanda sözügedən siyahı üzrə ən çox idxal edilən mallar qrupuna daxildir. Bu siyahıya 270,4 milyon dollarla yumşaq buğda, 58 milyon dollarla bərk buğda başçılıq edir. Sözügedən kodlar altında 85 növdə məhsul idxal olunur ki, bunların ümumi dəyəri 446 milyon dollar olmaqla, ümumi idxalın 3,8 faizini təşkil edir. Adıçəkilən kodlar üzrə ixrac isə cəmi 17,4 milyon dollar təşkil edir. 1509 kodu daşıyan emal edilməmiş zeytun və zeytun yağları üzrə 2021-ci ildə cəmi iki məhsulun dövriyyəsi mövcuddur. Bunların idxalının ümumi dəyəri qeyd edilən il üzrə 1,6 milyon dollar, ixracı isə 231 min dollar təşkil edib.
Siyahıda yer alan əsas məhsullardan biri də vətəndaşların qida rasionunda mühüm yer tutan bitki yağlarıdır. Bu siyahıya xam şəkildə günəbaxan və qarğıdalı, onların fraksiyaları və onlara məxsus digər məhsullar, bitki piyləri və yağları, onların fraksiyaları daxildir. 2021-ci ilin yekunlarına əsasən, xam və digər şəkildə ölkəyə idxal olunan günəbaxan yağlarının dəyəri birgə 73,6 milyon dollar təşkil edib. Qarğıdalı yağı ilə əlaqədar xam və digər şəkildə idxal isə birgə 35,8 milyon dollar təşkil edib. Sözügedən yağların tərkib hissəsində yer alan xam hesab edilməyən günəbaxan yağının ixracı 9,6 milyon dollar, qarğıdalı məhsulunun ixracı isə 1,3 milyon dollar olub. Bitki yağları və onların fraksiyaları üzrə idxal 2,2 milyon, ixrac isə 11,4 milyon dollar təşkil edib. Qeyd etmək olar ki, bitkidən hasil olan piylər və yağlar, onların fraksiyaları qeyri-neft ixracında əsas yerlərdən birinə malikdir. Bitki və heyvan mənşəli piylər və yağların idxalında isə əhəmiyyətli artım müşahidə edilir. Belə ki, adıçəkilən məhsul üzrə idxal 34,3 milyon dollar təşkil edib. Siyahıya müvafiq olaraq heyvan yemləri ilə əlaqədar mallar da tənzimləmə predmeti olub. Heyvan yemləri üzrə 2021-ci ildə Azərbaycana 6 rəqəmli nomenklatura əsasında, 16 müxtəlif növ mallar idxal olunub ki, onların ümumi dəyəri 90,4 milyon dollar təşkil edir. Sözügedən qrupa daxil olan soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantıların idxalı 2021-ci ildə 54,7 milyon dollar olub. Bu məhsul 23 qrupa daxil olan heyvan yemlərinin 60,5 faizini təşkil edir”.
Qeyd edək ki, hazırda bir sıra sahələrdə yerli istehsalçılar ucuz idxalın təzyiqi altındadırlar. Bunlar arasında süd, quş əti və yumurta xüsusi yer tutur. Belə ki, ildə Azərbaycana orta hesabla 30 min tondan yuxarı quş əti idxal olunur. Bundan əlavə, on milyonlarla damazlıq və süfrə yumurtaları gətirilir. Bu məhsulların idxalına əlavə rüsumlar tətbiq olunsa da, onlr müəmmalı şəkildə Azərbaycan bazarına yerli istehsal məhsullarından ucuz qiymətə daxil olur. Təkcə bu ilin yanvar ayında Azərbaycana 2 min tondan yuxarı ev toyuqlarının əti və əlavə məhsulları, 1,3 milyon ədəddən çox damazlıq və süfrə yumurtası gətirilib. Halbuki ölkənin quşçuluq təsərrüfatlarının daxili tələbatı tam təmin etmək gücü var.
Azərbaycan Quş Əti,Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin Musavat.com-a dediyinə görə, yerli istehsalçıların yumurta ixracı potensialı yaranıb:
“Hazırda bizim istehsalçıların daxili bazara heç bir korluq vermədən gündəlik 1 milyon, aylıq 30-40 milyon süfrə yumurtası ixracı imkanı var. Kiçik təkmilləşmə ilə yaxın 4-5 aya bu potensialı 60 milyona qədər artıra bilərik. Bizim həmçinin damazlıq yumurta istehsalı potensialımız da müəyyən həcmlərin ixraca yönəldilməsinə imkan verəcək həddə çatıb, hazırda bazarda təklif artıqlığı yaşayırıq. Bu baxımdan, biz ayda 1-1,5 milyon əddə damazlıq yumurta da ixrac edə bilərik”.
Qeyd edək ki, Rusiyada son günlər süfrə yumurtasının qıtlığı və bahalaşması müşahidə olunmaqdadır. Ölkənin süfrə yumurtası tələbatının 30 faizdən çoxu, özü də əksəriyyəti Ukraynadan olmaqla idxal hesabına təmin olunur. Hazırda beynəlxalq yükdaşıma şirkətlərinin Rusiya mallarını daşımaqdan imtina etməsi, həmçinin Ukrayna ilə müharibə nəticəsində ölkəyə yumurta idxalı demək olar ki, tamamilə dayanıb. Bu vəziyyətin yaxın aylarda davam edəcəyi gözlənilir, çünki Rusiyada quşçuluq təsərrüfatlarının qısa müddətdə istehsalı daxili tələbatı tam təmin edəcək səviyyəyə çatdırmaq potensialı yoxdur. Bu baxımdan, ehtimal etmək olar ki, İqtisadiyyat Nazirliyi və Azərbaycan hökuməti yerli quş əti və yumurta istehsalçılarının mənafeyini nəzərə alıb, ixraca şərait yaradacaq, eyni zamanda ucuz idxalın qarşısını alacaq.
Eyni addımın süd idxalı ilə bağlı da atılması zəruridir. Ötən ilin payızından etibarən Azərbaycan bazarına İran və digər ölkələrdən külli miqdarda ucuz süd daxil olur. Təkcə bu ilin yanvarında ölkəyə 400 tondan yuxarı qatılaşdırılmamış və şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməmiş süd və qaymaq idxal olunub. Bu isə yerli süd istehsalçılarına çox ciddi problemlər yaradır.