18 Aprel 2024

Ermənilər Laçın yoluna görə Klaara hücum etdi

Avropa İttifaqının Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Laçın dəhlizi ilə bağlı dedikləri Xankəndi seperatçılarını özünüdən çıxardı

“Avropa İttifaqının Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Laçın dəhlizinin blokadası ilə bağlı vəziyyətlə bağlı  mövqeyi neytral vasitəçi statusunun saxlanılması baxımından ciddi suallar yaradır”.Xankəndidəki qondarma rejimin “xarici işlər nazirliyi” Klaarın  açıqlamasına etiraz olaraq yaydığı bəyanatda belə deyilir. 

Yada salaq ki,  APA-ya müsahibəsində  Toivo Klaar deyib ki, Bakının Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması istəyi legitimdir.   “Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik.  Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur. Düşünürəm ki, bunun bir neçə yolu var. Hesab edirəm ki, Ermənistanda belə bir fikir var ki, bunlar (Laçın və Zəngəzur – red.) iki ayrı məsələdir. Təbii ki, bizim fikrimiz budur ki, şəffaflığın olması, həqiqətən, qanunidir, eyni zamanda, insanlar üçün, Qarabağ erməniləri üçün təhlükəsiz hərəkət edə bilmək hissi də vacibdir”, – Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.

Erməniləri qəzəbləndirən budur ki, Klaar Azərbaycanın Laçın dəhlizi ilə bağlı tələblərini legitim hesab edir.  Separatçı rejimin qondarma qurumu isə hesab edir ki,  “Azərbaycan üç aya yaxındır ki, qanunsuz olaraq Laçın dəhlizini bloklayır və bununla da nəinki 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini pozur, həm də  erməni xalqının fundamental hüquqlarını kobud şəkildə pozur”.  

Separatçılar bəyanatda Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə bağlı  qərarını xatırladıb.  “Bunun fonunda Bakının qeyri-qanuni iddialarını dəstəkləyən bəyanatlar Azərbaycan tərəfinə  kart-blanş kimi qəbul edilir: “Əgər Aİ-nin xüsusi nümayəndəsi həqiqətən də regionda gərginliyi artıran hərəkətlərdən narahatdırsa, o zaman biz Azərbaycanın hərbi təxribatlarına, təcavüzkar və militarist bəyanatlarına diqqət yetirməyi tövsiyə edirik”, deyə, vurğulayıb.

Qeyd edək ki, Klaar martın 9-da Tvitter hesabında da son vaxtlar ölümlə nəticələnən toqquşmaların sayından və atışmalarla bağlı yeni xəbərlərdən dərin narahat olduğunu bildirib. “Zorakılığa heç bir əsas yoxdur, bütün məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bölgə qarşıdurmalardan kifayət qədər zərər çəkib. Davamlı və ədalətli sülh üçün birgə çalışmağın vaxtıdır”,- deyə o bildirib.