27 İyul 2024

Əməkdar jurnalist nazirliyə müraciət etdi – Kəlbəcərdə təbiətə qəsd kütləvi xarakter alır

Əməkdar jurnalist, “Azərnəşr”in baş direktoru Əlövsət Ağalarov Kəlbəcərdə təbiətin məhv edilməsi hallarının kütləvi xarakter alması ilə bağlı həyəcan təbili çalır. O, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlayıb.

Koordinat.az xəbər verir ki, müraciətdə Tərtər çayında balıqların elektrik cərəyanı ilə məhv edilməsindən, nadir ağacların doğranmasından, yol çəkən tikinti şirkətinin “Xöləzək qayası” adlanan böyük bir təbiət abidəsini dağıtmasından bəhs olunur. Əməkdar jurnalist nazirliyin rəhbər şəxslərini və ekoloqları Kəlbəcər rayonunda təbiətə qarşı yönəldilmiş bu qəsdin qarşısının alınması üçün müvafiq tədbirlər görməyə çağırır. 
Əlövsət Ağalarovun həmin müraciətini olduğu kimi təqdim edirik:
“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
Hörmətli ekoloqlar!
Otuz ildən artıq bir müddətdə erməni vandalizminin ən vəhşi talanına məruz qalan füsunkar təbiəti ilə dünyada ən yüksək yerlərdə dayanan Qarabağımızın və 7 rayonumuzun varidatı, qəbristanlıqları, tarixi-mədəni arxitektura abidələri, həmçinin təbiət abidələri bu gün sizlərdən imdad diləyir. Bildiyiniz kimi, 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın mahir diplomatik gedişi və şanlı Azərbaycan Ordusuna əsl sərkərdə kimi rəhbərlik etməsi sayəsində torpaqlarımız işğaldan azad olunmuşdur. Azad olunan təkcə Vətən torpaqlarımız deyil, eyni zamanda 30 il murdar düşmən caynağında inildəyən milli ruhumuz, milli mənliyimiz və dəhşətli dərəcədə ciddi zədə almış qürurumuz bərqərar olmuşdur. Torpaqsız da yaşamaq olar, amma milli mənliksiz, qürursuz yox! Bu cahanşümul qələbəmiz Azərbaycan xalqını, deyərdim ki, bütün Türk Dünyasını yenidən qürurlandırıb özünütəsdiq dərəcəsinə çatdırmışdır. Şəhidlərimizin müqəddəs ruhları və qəhrəman qazilərimizin qarşısında baş əyirik! Millət olaraq, qədirbilən xalq olaraq bu möhtəşəm hissləri əbədiyyətə qədər yaşadacağıq!
Bütün bu sevincli günlərimizdə bəzi təşkilatlar, şirkətlər bəzən məyusedici halları da yaşatmalı olurlar. Doğulub boya-başa çatdığım Kəlbəcərin əsrarəngiz gözəlliyinə, təbii sərvətlərinə, tarixi abidələrinə zərbə vuran bir neçə halı deməmək olmur. Kəlbəcərə dünyada bənzəri olmayacaq möhtəşəm yol çəkilir. Bu yol dünyanın ən gözəl yollarından biri olacaq. Yolu çəkən şirkət, mühəndislər, mütəxəssislər hər kiçik nüansı nəzərə alıb təbiət muzeyinə mümkün qədər az ziyan vururlar. Bəzən gözəl bir qayanı, nadir ağac növlərini qorumaq üçün, nə qədər çətin olsa da, həmin ərazilərdən kiçik tunellər vururlar. Bunlar alqışlanmalı hallardır. Ancaq bunu bəzi tikinti şirkətləri haqda söyləmək çətindir. Bütün kəlbəcərlilərin çox sevdiyi bir qılınc kimi sivrilib göylərə ucalan İstisu Sudoldurma Zavodunun yanındakı “Xöləzək qayası” deyilən təbii abidə dinamit qoyulub partladılır. O qayanın heç nəyə maneəsi yoxdur. Sadəcə, tikintini aparan mühəndəslərin şıltaqlığımı, yoxsa laqeydliyi və ya səriştəsizliyimi deyim, nədirsə, böyük bir təbiət abidəsini məhv edirlər. Sizdən bütün kəlbəcəlilər adından xahiş edirəm təcili müdaxilə edib hörmətli Prezidentimizin təbirincə desək: “Dünyanın ən gözəl bölgəsi olan Kəlbəcərin” gözəlliyinin qorunmasını təmin edəsiniz.

Bu hal tək hadisə deyil, Tərtər çayının “Qızıl Kitab”a düşən nadir balıqlarını elektrik cərəyanı ilə məhv edirlər, nadir ağacları odun kimi doğrayıb istifadə edirlər, haqlı olaraq “Təbiət Muzeyi” adlandırılan Kəlbəcərin ecazkar təbiətinin məhv olunmasına biganə qalmayın. Sovet vaxtı da Kəlbəcərə laqeyd, dağıdıcı münasibəti Allah bizlərə bağışlamadı və İlahi ədalətinmi deyim, ədalətsizliyinmi deyim, qarşısında 30 il məşəqqətli ömür sürdük. Bu təbət abidələrinin qorunması sizin Nazirliyin boynunun borcudur. Laqeyd qalsanız, sizləri də nə gələcək nəsilıər, nə də tarix bağışlayacaq! Çox xahiş edirəm, əməkdaşlarınızdan, mütəxəssizlərinizdən ibarət səlahiyyətli bir komissiya yaradıb dərhal Kəlbəcərə ezam edin ki, təxirəsalınmaz tədbirlər nəticəsində bu dünya gözəli Kəlbəcərin gözəlliyini qoruya biləsiniz”.