21 Noyabr 2024

Dünyaya çıxarılmalı yazıçımızı niyə görməzdən gəlirik? – Tənqid

Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “Almaların bitməyən sirri” essesini təqdim edir.

Biz ədəbiyyata cürbəcür “rəngli” təriflər versək də, nəticə etibarı ilə o, həm də fərdin sosiumda özünütəsdiq motivi ilə sıx bağlıdır. Həm Ataqam, həm də Sərdar Aminin bu yöndəki çabaları təqdirəlayiqdir. Sərdar Aminin “Atamın əlləri” hekayəsi təbii təhkiyəsi, “susqun” alt yapısı, mövzu “təzəliyi” və stixiyasına görə müəllifin həyatında dönüş nöqtəsi olacağına inanıram. (Hərçənd ki, Sərdarın buna qədər də yaxşı mətnləri vardı). Ataqam isə təvazökarlıq edib özünü yazıçı hesab eləməsə də (Bu həm də onun dünyanın ünlü yazarlarına sonsuz etiram və sevgisini simvollaşdıran vacib amillərdən biridir), zənnimizcə, artıq özünü təsdiq etmiş kamil bir yazıçıdır.

Atasının əlləri “üstündə” öz uşaqlıq çağlarına qayıdan (“Atamın əlləri” hekayəsi) müəllifin beynində “gözlənilmədən” vaxtilə “palıd yarpaqlarının arxasından” onların “bağını pusan”, indi isə o əbədi “sükutlar” ölkəsində özünün bütün əsrarəngiz qadın gözəlliyini “səxavətlə” soyuq daşa bağışlayan Reyhan xala ilə bağlı xatirələr işıqforun işıqları kimi yanıb sönür. Qəribədir, niyə məhz bu anda işıqfor gəldi ağlıma?! Çünki “nağılçı” öz atası ilə Reyhan xanımın yaşadığı eşq macərasına “giriş”i məhz bir şərqli mentalitetindən irəli gələn abır-həya səbəbindən qırmızı işıqla əngəlləyir. Bir söz: Olmaz! Bu, həm də ölən xanımın ruhuna bir hörmət əlamətidir! Amma mətnin “yaşıl” işıq yanan yerlərindən oxucu o “qırmızı ərazi”yə də daxil ola bilir. Bizə görə, hekayənin ən böyük bədii-estetik məziyyəti də elə budur! Demişik, təkrar edirik: Yazı prosesində müəllifin oxucu zövqünü “nəzərə alması” və ya “yaşıl” sinidə hər şeyi “hazır” bir halətdə ona təqdim etməsi doğru yol deyildir. Sirlilik, gizlilik mətnə oxucu marağını artırır, onun çəkici edir.

Müəllif Reyhan xalanın həyətə gizli boylanışını müxtəlif prizmalardan izah etməyə “çalışır”:

  1. “…İçib evdə dava saldığı üçün” əri Niftulla dayını güdür. İstəyir ki, içməsin.
  2. Ərindən qorxduğu üçün.

Yalnız hekayənin sonunda məlum olur ki, təhkiyəçinin uşaqlıq xatirələrində “ilişib” qalan hər iki variant, sən demə, həqiqətə o qədər də uyğun deyilmiş. Mətn məlum postulatı bir daha təsdiqləyir: Əsl həqiqətə yol yanlışlıqlardan keçir. Təhkiyəçinin bu taktiki gedişini mətndə “qazanılmış” bir vaxt, bir fürsət kimi dəyərləndirirk. Məhz həmin sürədə müəllifin öz ata-anasına, dogma yurduna, onun adamlarına, daşına, torpağına, dağına, dərəsinə nə qədər dərin tellərlə bağlılığı üzə çıxır. Hətta əcdadlarının əbədi uyuduğu yurd qəbiristanına da.

Təhkiyəçinin qəbiristan sevgisi oxucunu çox duyğulandırır. İstər-istəməz Mübarək Peyğəmbərimizin bu sözləri yada düşür: “Darıxarkən tez-tez qəbiristanlığa gedin, orada rahatlıq taparsınız”. Yüz faiz əminəm ki, o mistik “rahatlığ”ın içərisində çox müəmmaların açılış sirləri də gizlənib. Maraqlıdır, təhkiyəçi məhz qəbiristanlıqda həqiqətə gedən “ağappaq” yolu görür…

Azərbaycan və dünya nəsrində ən mükəmməl “Qəbiristan”ı İsa Muğanna yaradıb. Əslində, romanın strukturu da qəbiristanvaridir; sanki əski başdaşıları kimi sıralanan, əslində sıralanmayan, iç-içə yığılan, bir-birinin üstündə “dəfn olunan” və ya bir-birinin üstünə yıxılan cümlə konstruksiyalarından yığılıb həmin “Qəbiristan”. İsa Muğanna əvvəlki əsərlərindən bizə tanış olan qəhrəmanlarını da uyuduqları məkanlardan çıxarıb sanki keçmişlə gələcəyin layihəsi əsasında hazırlanan həmin “kosmik gəmi”yə – qəbiristana toplayır. Amac: insanlığın xilasıdır!

Öz kiçik hekayəsində qəbiristana “geniş” yer ayıran Sərdar Amin də öz dahi sələfi İsa Muğannanın “Qəbiristan”ına hansı magik şifrələrlə bağlı olduğunu özü də hiss eləmədən, intuitiv bir şəkildə reallaşdırır. Hekayə həm də çox incə, həssas bir israrla bəzən başdaşılarına obrazları həkk olunan gözəl qadınların taleyində nəsə bizə məlum olmayan bir sirrin, gizliliyin olduğunu da şəkilləndirir…

Ataqamın “Dişlək alma”sı ilə Sərdarın “Atamın əlləri”ni birləşdirən ortaq nöqtə hər ikisində dünyanın baş açmadığı və heç bir zaman baş açmayacağı qadın müəmması hüdudsuzluğunun “xırda” bir mozaik parçasını maddiləşdirmək cəhdləridir. Qeyd elədiyimiz kimi, Sərdarın mətnindəki simvolik “işıqfor” müəyyən məhdudiyyət və yasaqları rəsmiləşdirir. Ataqamda isə belə “işıqfor”, ümumiyyətlə, yoxdur. Çünki hadisələr “işıqfor”un bəlkə də hələ “mövcud olmadığı” arealda baş verir. Müəllifin mətnin əvvəlində verdiyi izahatverici qeydi heç yerinə düşmür: “Primitivizm üslubunda hekayə”. Heç Sərdar Amin də ondan “geri” qalmır. O da hekayənin əvvəlində ithaf xarakterli bir cümlə yazıb: “Baş daşından boylanan gözəl qadınlara…”. Bu cür izahat tipli qeydlər haradasa mifik çoxəlli ilahənin əllərini kəsib üstünə qışqırmaq kimi bir şeydi: “- Sus! Bir cüt əl də bəsindi!

Hər dəfə Ataqamı oxuyanda qeyri-iradi öz-özümə deyirəm: Bu gün dünyaya çıxara biləcəyimiz 5-6 yazıçıdan (Söhbət onun təmsil etdiyi nəsildən gedir!) biridir bu adam. Biz isə görməzdən gəlirik. Niyə? Çünki onun haqqını kəsib, özünü utanmadan “yazıçı” hesab edənlərə vermək üçün bu, qabaqcadan düşünülmüş (çünki “payımız” da bizə göz vurur!) murdar bir üsuldur. Ən azından, onun adını soruşanda deyə bilək: “-Hm, hm, bizdə belə bir yazıçı varmı?!” Ürəyinizi buz kimi saxlayın, cənablar, yoxdu! Bu yerdə “fikir zadəganı” Hüseyn Cavidin aşağıdakı sözlərini bütün kor gözlər və kar qulaqlardan asmaq istərdim: “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Yüksək intellekt və erudisiyalı müəllifin yeni hekayəsi də çox maraqlı dil və struktura malikdir. Ataqam hadisənin baş verdiyi məkan və zamana uyğun “dil” seçir. Təbii ki, dünya nəsrində və bizdə modernizmdən gələn belə ədəbi təcrübə vardır. Tutaq ki, Markes “Patriarxın payızı”nı nikaraqualı şair Ruben Darionun poeziyası dili üzərində qurduğunu deyir. Kamal Abdullanın da “Yarımçıq Əlyazma”sı “Dədə Qorqud” eposu və Şah İsmayıl dövrünün dili üzərində qurulması şübhəsizdir. “Dişlək alma”nın dili, əslində, hər iki romanın dilindən fərqli olaraq daha əski çağlara gedib çıxır. O çağlara ki, orada dil ən bakirə sürəsini yaşayır, ona epitet, təşbeh və metaforaların “bic” nəfəsi dəyməyib hələ. Maraqlıdır ki, hekayənin dili haqqında düşünəndə ağlımıza ilk gələn “Sehirbazlar dərəsi” olur.

Qədim Hind-Çin fəlsəfi təlimlərinə görə, insanda aydınlanma (Nirva) daha çox uşaqlıq xatirələrinə qayıdarkən baş verir. Biz bunu Sərdarda da hiss etdik. Dildə də eyzən bu cürdü! Kamal Abdulla birnəfəsə “Sehirbazlar dərəsi”nə – ana dilin uşaqlıq çağlarına enib. Səssiz, dilsiz çağlarına. Bəlkə də o çağlardan qayıdır! Ataqam isə gedir… Onların yolda bir-birinə rast gələcəyinə əminəm. “Ədəbi varislik” deyilən şey elə budur!

Ataqam “səbrsizlik” edib hekayəsini primitivizm üslubunda yazdığını qeyd edir. Bunun yaxşı tərəfi də vardır; ən azından, oxucuya kiçik bir ipucu verir. Yaxşı olmayan tərəfini də yuxarıda qeyd etdik. Həmin fikrə əlavə olaraq demək istəyirik ki, tənqidçi, təhlilçi və ya ədəbiyyatşünas-alimin missiyasını yazıçı öz çiyninə götürməyə borclu deyildir. Burada kolumbiyalı dahi Markesin qəddar təcrübəsindən istifadə etmək lazımdır. O, müsahibələrin birində deyir ki, romanlarımı təhlil edən tənqidçilərin necə canfəşanıqla baş sındırmalarına baxıb həzz alıram! Zənnimcə, yazıçı tipinə ən qəddar nümunə Markes sayıla bilər! Bəli, yazıçı külli-kainatda iblislə ittifaq bağlayan insanların sırasında ilk “qızıl” onluğa daxildir! Buna şübhəniz olmasın!

Qayıdaq hekayəyə. Əgər o “andıra qalmış” qeyd olmasaydı, indi çoxdan qayıtmışdıq…

XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində dünya incəsənətinin bütün sahələrində zəlzələ effektli inqilabi dəyişimlər baş verdi. Primitivizm də bir cərəyan kimi bu dövrdə yaranaraq incəsənətin müxtəlif sahələrinə nüfuz etdi. Lakin daha çox rəssamlıqda qabarıq görünməyə başladı. Dahi fransız Qogen (1848-1903) impressionizm və primitivizmin ən böyük nəhənglərindən sayılır. Adətən, onun haqqında belə deyirlər: “Rənglərin və qadınların kralı”. Sivilizasiyanı qəbul etməyən dahi Taitidə və Markiz adalarında yaşayır və ömrünün sonuna qədər sadəlik, təbiilik, adilik, bir sözlə, primitivizm cazibəsindən çıxmır.

Gələcək şöhrətindən xəbərsiz məşhur gürcü rəssamı Niko Pirosmani (1862-1918) primitivizmin ən böyük ustadlarından biri sayılır. Sadə kənd həyatından götürülən mövzular onun tablolarını misilsiz edir. Rəsmlərinin adları da mövzuları kimi sadə və gözəldir: “Beqonun kampaniyası”, “Kaxetiya çaxırı”, “Beş zadəganın şənlənməsi”, “Zürafə”, ”İnək sağan”, “Odun daşıyan” və s.

Pirosmaninin müasiri olan böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev də nəsrimizdə primitivizmin banisi sayılmalıdır. Çünki o, rəssamlıqda olduğu kimi, ən sadə, “bəsit”, çox da nəzər-diqqəti cəlb etməyən “primitiv” hadisə və obrazları gətirib ədəbiyyata. “Çeşmək”, “Mütrib dəftəri”, “Diş ağrısı” və s. hekayələr primitivizm üslubunda yaradılıb. Klassik təməl üzərində dayanan çağdaş nəsrimiz Ataqam kimi istedadlı qələm adamlarının sayəsində durmadan inkişaf edir, mövcud ənənələr “paketi” modern formatda dünyaya təqdim olunur. “Dişlək alma”da olduğu kimi…

Cümə günü Zuridən körpəsi doğulan Baruti doğum evinin pəncərəsinə baxan ağacın budağından yellənə-yellənə uşağa ad da tapır: ”Afia”. Baruti ilə eyni qəbilədən olan qadın şənbə günü “körpəsini qucağına alıb doğum evinin darvazasına çıxır” ki, əri gəlib onu Yarobara qəbiləsinə aparsın. Amma o gözləsə də, Baruti gəlib çıxmır. Bu zaman Kvame adında tanımadığı orta yaşlı bir kişi ona yaxınlaşıb azacıq söhbətdən sonra bəzək-düzəksiz: “- Mən sizin əriniz olacam, siz də körpənizin anası, – deyib “Kvamenin qəbiləsinə – Saritaraya gedirlər”.

Olsun ki, özlərini sivil dünya vətəndaşı hesab edın bizlər, urbanistik proseslərdən və meqopolislərdən ayrı düşmüş, lakin öz qədim adət-anənələrinə sədaqətlə boyun əyən və qəbilə halında yaşayan insanlara bir az qəribə baxaq. Məlum olur ki, qəbilə həyatı çox bəsit və primitiv qanunlarla idarə olunur. Biz də o yolu keçmişik. Sonralar insanlar özləri öz həyatlarını qəlizləşdirib müxtəlif qayda-qanunlar, tabu və qadağalar yaratmaqla öz azadlıqlarını qurban vermişlər. Əslində, həyat çox sadədir. Baruti olmasın, Kvame olsun, nə fərqi vardır? Əsas odur ki, körpəsinin atası olacaq. Sonra Baruti günlərin bir günü “tapılırsa”, burada yenə də qorxulu heç nə yoxdu. Ən azından, güclü əzələli Kvame onu boğub, Zuri ilə bir yerdə basdırıb öz həyatlarını davam etdirə bilərlər…

Qəbilə həyatındakı təbiilik, sərbəstlik və azadlıq havası dilə də yansıyıb. Maraqlıdır ki, hekayənin qəhrəmanları da sadə və “primitiv” qəbilə dilində danışırlar. Ataqam demək olar ki, dili ana qaynağından uzaqlaşdıran bədii təsvir və ifadə vasitələrinə “əlvida” deyir. Bir anlıq düşünək, Mirzə Səfəri də atasının yanında“bədbəxt” və “xəcil” edən onun qafiyə axtarışı olmadımı?! (Ə.Haqverdiyev. “Mirzə Səfər” hekayəsi) Bugün də “alovlu” şair baxışlarını tavana dikib təşbeh və metafora ovuna çıxan nə qədər “şeir bülbüllərimiz” (Mirzə Cəlil) və o “bülbüllər”ə züy tutub, onların o tavanda “gördükləri”ni bədii tapıntı kimi qələmə verən “alim”lərimiz vardır. Hekayənin alt qatı “uğuldayır…”

Əminliklə deyə bilərik ki, “sürüşkən”, ziqzaqlı, paradoksal və təbii ki, möhtəşəm qadın obrazları qalereyasına Ataqamın Zurisini də əlavə etmək olar. “Barışdırıcılıq” missiyasına görə o bizə qırx oynaşlı Boğazca Fatmanı (“Yarımçıq Əlyazma”) xatırladır. Demək olar ki, “bacılı”dırlar. “Ubulili” (görəsən, Ataqam bu sözü haradan tapıb?!) üstə iki kişi arasında düşən davanı onlara uzatdığı iki alma ilə “sakitləşdirən” Zurinin növbəti qadın hiyləgərliyinə lap “heykəl” qoymaq olar…

Hekayənin adı da çox maraqlıdır: “Dişlək alma”. Ad bizə çoxüzlü rakurs təklif edir. Amma əsas odu ki, o, qadını – Zurini simvolizə edir. “Sivil” insanın yozumunda Zuri başqa birisinin “artığı”, yəni, dişlək almasıdır. Ataqam, görünür, məhz bu nöqtədə “qəbilə sirri”ni saxlaya bilməyib, özünü ələ verir. Əgər Kvamenin bundan xəbəri olsaydı, sözsüz ki, müəllifin işini bitirərdi…

Sevindirici haldır ki, hər iki müəllif – həm Sərdar Amin, həm də Ataqam daima axtarışdadırlar. “Axtarış”ın qarşısında “daima” yazmaq da heç doğru deyildir. Axtarış varsa, əbədi, daimi fasiləsizlik də vardır…

Mehman Qaraxanoğlu

Mehman Qaraxanoğlu