Dünyanın çörək imtahanı – ABŞ nazirliyindən bədbin proqnoz
Qlobal buğda istehsalı azalacaq; Azərbaycanda buğda əkinləri kiçilir, səbəb nədir?
Ukraynada davam edən müharibə qlobal ərzaq bazarında bu ilin ikinci yarısında gözlənilən qiymət stabilləşməsini mümkünsüz edib. Ötən ilin sonlarında beynəlxalq analitik mərkəzlər qlobal ərzaq qiymətlərində müşahidə olunan bahalaşmanın 2022-ci ilin ikinci rübündən sonra stabilləşmə ilə əvəz olunacağını proqnozlaşdırırdılar. Lakin Rusiyanın Ukraynaya hücumu nəticəsində Qara dəniz limanlarından əsas ərzaq məhsullarının daşınmasının mümkünsüz hala gəlməsi bu proqnozların dəyişməsinə səbəb olub. Artıq gözləntilər bu ilin payızında ərzaq bazarında qiymətlərin yenidən və daha kəskin formada bahalaşması yönündədir. Beynəlxalq birlik bunda Ukraynadan Qara dəniz limanları vasitəsilə taxıl məhsullarının ixracını bloklayan, eyni zamanda ölkə ərazisinə hücum etməklə taxıl əkinlərinin 30 faizdən çox kiçilməsinə səbəb olan Rusiyanı günahlandırır. Hesab olunur ki, məhz Rusiyanın Ukraynaya hücumu nəticəsində ən strateji ərzaq məhsulu olan buğdanın istehsalı kəskin azalacaq.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) proqnozlarına əsasən 2022-2023-cü il mövsümündə buğda istehsalı Ukraynada (11,2 milyon ton), Avropa Birliyində (1,9 milyon ton), Çində (1,9 milyon ton), Argentinada (2,2 milyon ton), Mərakeşdə (5,5 milyon ton), Hindistanda (1,1 milyon ton), Pakistanda (1,1 milyon ton) – ümumilikdə 24 milyon tona yaxın azalacaq. Qazaxıstanda (1,2 milyon ton), Kanadada (11,3 milyon ton), Rusiyada (4,5 milyon ton), Türkiyədə (1,5 milyon ton), İranda (1,2 milyon ton), Misirdə (-0,8 milyon ton) və Braziliyada (0,8 milyon ton) – 21 milyon ton artacaq. Beləliklə də bu mövsümdə qlobal buğda istehsalı 4,5 milyon ton azalmaqla 774,8 milyon ton təşkil edəcək.
USDA-nın gözləntilərinə əsasən bu il dünyada buğdanın istehlakı 3 milyon ton azalmaqla 787,5 milyon ton təşkil edəcək. USDA-da bu il buğdadan heyvan yemi kimi istifadənin azalacağı, insanların istehlakının artacağını gözləyirlər. Buna dünyada COVİD-19 pandemiyasından sonrakı bərpa prosesinin sürətlənməsi səbəb olacaq. Nəticədə istehlak istehsalı üstələdiyinə görə dünyada buğda ehtiyatları son 6 ildə ən aşağı səviyyəyə – 267 milyon tona düşəcək.
Bu il ümumilikdə taxıl məhsulları ixracı 204,9 milyon tona çatacaq. Bu zaman Rusiyadan ixracat 39 milyon ton, Avropa Birliyindən 36 milyon ton təşkil edəcək. USDA bu il Rusiyada buğda istehsalını 80 milyon ton civarında proqnozlaşdırır. Lakin bir neçə gün əvvəl prezident Vladimir Putin istehsalın rekord həcmə – 87 milyon tona çatacağını bəyan edib.
Hindistanda buğda istehsalının azalması isti hava şəraiti ilə bağlı olacaq. Hökumət əvvəlcə bu il üçün ölkənin buğda ixracı potensialının 10 milyon tona çatacağını gözləyirdi. Lakin mart ayında başlayan və hələ də davam edən kəskin isti hava buğdanın məhsuldarlığını xeyli azaldır.
Keçən il Ukraynanın buğda ixracı potensialı 14 milyon ton olub. Rusiya 30 milyon ton, Kanada və ABŞ-ın hər biri 26 milyon ton, Fransa isə 19 milyon ton buğda ixracı imkanında olublar. Bu il isə Ukraynanın ixracı minimuma enəcək. ABŞ-da əlverişli qiymət konyukturu şəraitində fermerlər buğda əkinlərinin sahəsini genişləndirməyə çalışsalar da, müşahidə olunan quraqlıq məhsuldarlığın aşağı düşməsini şərtləndirir. Eyni vəziyyət Fransada da müşahidə olunur. Əsas ixracatçılardan yalnız Kanadada iqlim şərtləri istehsalı artırmaq üçün əlverişli hesab olunur. Avstraliyada isə limanların artıq ixracı ötürmək imkanı olmadığına görə ölkə buğda istehsalını artıra bilmir.
Beləliklə, aydın görünür ki, payız aylarından əsas ərzaq məhsullarının qiymətindəki bahalaşma sürətlənəcək. Düzdür, Azərbaycanın buğda aldığı hər iki ölkədə – Rusiya və Qazaxıstanda bu il buğda istehsalında artım proqnozlaşdırılmaqdadır. Bu o deməkdir ki, buğda qıtlığı yaranmayacaq. Lakin Azərbaycan qlobal bazar qiymətlərinin bahalaşması fonunda buğda bazarında kəskin qiymət rəqabətilə üzləşəcək. Aydın məsələdir ki, Qazaxıstan və Rusiya istehsalçıları məhsullarını mümkün qədər yüksək qiymətə satmağa çalışacaqlar. Bu isə Azərbaycanın idxal etdiyi buğdanın indikindən 15-20 faizədək baha başa gəlməsini şərtləndirəcək. Məlumdur ki, yanvar ayında buğda, un və çörəyin qiymətindəki bahalaşmadan sonra dövlət buğda və un idxalçıları, həmçinin un istehsalçılarına dəstək mexanizmi işə salmaqla təkrar qiymət bahalaşmasının qarşısını alır. Lakin qlobal bazar qiymətlərinin sürətlə bahalaşması fonunda dövlət dəstəyinin qiymətləri sabit saxlamaq üçün yetərli olmayacağı indidən məlumdur. Bu isə ən uzağı payız aylarında Azərbaycanda un və çörəyin qiymətinin yenidən artacağı deməkdir.
Onu da qeyd edək ki, Azərbaycanda yerli istehsal ərzaqlıq buğda tələbatının çox cüzi bir hissəsini qarşılamaq imkanındadır. Ölkədə istehsal olunan təxminən 1,8 milyon ton buğdanın keyfiyyət baxımından cüzi bir hissəsi ərzaqlıq istifadə üçün yararlı olur. Buna görə də tələbatı qarşılamaq üçün ildə 1,2-1,3 milyon ton ərzaqlıq buğda idxal edilir. Bu il ölkə üzrə buğda əkinlərinin sahəsində azalma müşahidə olunmaqdadır. Belə ki, ötən il ölkədə 608,5 min hektar sahədə buğda əkilmişdisə, bu il məhsulu üçün əkin sahələri 6,4 min hektar azalmaqla 602,1 min hektara düşüb. Rəsmi statistikaya əsasən ümumilikdə 2022-ci ilin məhsulu üçün 1015,9 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib. Bunun 413,6 min hektarı (40,7 faizi) arpa və 0,2 min hektarı (0,02 faizi) çovdardır. 2022-ci ilin yanvar-mart aylarında isə 114,1 min hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 17,1 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 2,2 min hektarı dən üçün qarğıdalı), 29,1 min hektar sahədə kartof, 24,6 min hektar sahədə tərəvəz, 4,4 min hektar sahədə bostan bitkiləri, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,7 min hektar sahədə dən üçün günəbaxan səpilib. Mart ayında regionlarda müşahidə olunan qarlı hava şəraiti səpin prosesinin bir qədər ləngiməsinə səbəb olub. Bu baxımdan, aprel ayı ərzində əkin sahələrinin genişləndiyini gözləmək olar.
Məlumat üçün bildirək ki, rəsmi statistika 2021-ci ildə Azərbaycanda 1885,4 min ton buğda istehsal olunduğunu deyir. Bu zaman hər hektardan orta məhsuldarlıq 32,9 sentner təşkil edib ki, bu da kifayət qədər aşağı göstəricidir. Ölkə üzrə buğda əkinlərinin xeyli hissəsi dəmyə ərazilərdə – suvarılmadan həyata keçirilir. Bu isə son illərdə müşahidə olunan quraqlıq şəraitində məhsuldarlığın aşağı olmasını şərtləndirir. Azərbaycan hökumətinin ortamüddətli dövr üçün hədəfi ərzaqlıq buğda istehsalını ölkənin tələbatının 70 faizi səviyyəsinə çatdırmaqdır. Buna nail olmaq üçün buğdanın müasir aqrotexniki tələblər əsasında və suvarma imkanları olan ərazilərdə əkilməsi məqsədəuyğun hesab edilir. Bu baxımdan, işğaldan azad olunan ərazilərdə imkanlar daha yüksək qiymətləndirilir, çünki su ehtiyatları ilə zəngindir. Bəzi məlumatlara əsasən bu il azad olunan ərazilərdə bir neçə on min hektar sahədə buğda əkilib. Buna baxmayaraq, ümumi buğda əkinlərinin sahəsi azalıb ki, bu da suvarma imkanları olmayan ərazilərin əkin döviyyəsindən çıxarılmasının nəticəsi ola bilər.
Toğrul Qafarbəyli
Azərbaycanın aqrar tədqiqat institutlarında yerli iqlim şərtlərinə dözümlü yeni buğda sortlarının yetişdirilməsi işlərinə diqqət artırılıb. Kənd Təsərrüfatı Nazirliyinin protokol rəhbəri Toğrul Qafarbəylinin dediyinə görə, nazirliyin tabeliyində olan elmi tədqiqat institutlarının apardığı araşdırmalar yeni və daha məhsuldar buğda növlərinin hazırlanmasına yönəlib. Onun fikrincə, ölkənin buğda ilə birbaşa təminatının yerli toxumlar üzərində aparılması, qida təhlükəsizliyi baxımından çox önəmli rol oynayır: “Burada elmi tərəflə yanaşı suvarma və su təsərrüfatının formalaşdırılması çox böyük faktorlardan biri hesab olunur. Hesab edirik ki, bu vəhdətin formalaşdığı yerdə yüksək göstəricilər əldə oluna bilər”.
Maraqlıdır ki, son aylarda İsrail mətbuatı Azərbaycanın buğda istehsalında bu ölkənin texnologiyalarını tətbiq edəcəyinə dair çoxsaylı məlumatlar dərc edir. Həmin məlumatlarda yaxın 3 ildə İsrail texnologiyalarının tətbiqi nəticəsində Azəraycanın buğda ixracatçısına çevriləcəyi qeyd edilir. İsrailin “Israel Hayom” nəşrinin dünən yazdığına görə, bu gün ölkənin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycana səfər edəcəklər (Report). Nəşr bildirir ki, İsrail nümayəndə heyəti taxıl yetişdirilməsi, suvarma və süd məhsullarının istehsalı üzrə təcrübəsini bölüşəcək. İsrailin Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanla uzunmüddətli əməkdaşlığa ümid edir. Xatırladaq ki, üç həftə əvvəl İsrailin maliyyə naziri Aviqdor Liberman Azərbaycana səfər etmişdi. Bu səfərin məqsədi taxıl, neft və karbamid kimi xammalların İsrailə Rusiya-Ukrayna müharibəsi nəticəsində pozulmuş tədarükünü təmin edən müqavilələr imzalamaq olub. Nəşr qeyd edir ki, İsrailin məqsədi Azərbaycanın yalnız taxıl idxalından asılılığının aradan qaldırılması deyil, həm də ixrac potensialının yaradılmasıdır. Bunun üçün İsrail buğda istehsalında əldə etdiyi müasir texnologiyaları Azərbaycanla bölüşəcək, əvəzində Azərbaycanın daxili tələbatdan artıq olacaq məhsulunun İsrailə ixracını təmin edəcək. Həmçinin qəzet yazır ki, İsrail nümayəndə heyətinin bəzi üzvləri təqdimatda, digərləri isə biznes forumda iştirak edəcək. Burada məqsəd təkcə texnologiyanı təqdim etmək deyil, həm də ehtiyaclar və həllər arasında qarşılıqlı əlaqə yaratmaqdır. İsrail Kənd Təsərrüfatı Nazirliyində Xarici Ticarət və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Yakov Poleqin sözlərinə görə, İsrail həlləri bir neçə sahəni əhatə edir. Bura heyvandarlıq (daha səmərəli süd və dəniz məhsulları istehsalı) həlləri, suvarma və İsrailin səhrada kənd təsərrüfatı və digər çətin iqlim şəraitləri üçün hazırladığı müxtəlif texnologiyalar və həllər daxildir.
O da maraqlıdır ki, Azərbaycan hökumətindən indiyədək İsrailin ölkədə buğda istehsalı planları barədə hər hansı açıqlama verilməyib.