Dünyada aclıq fobiyası – Azərbaycan üçün təhlükə varmı?
İqtisadçı: “Düşünmürəm ki, problemlər deyildiyi qədər qıtlıq səviyyəsinə gətirəcək”
Dünyada ərzaq məhsullarının sürətlə bahalaşması prosesi gedir. BMT-nin ərzaq təhlükəsizliyi ilə bağlı hər il təqdim olunan bülletenində ardıcıl olaraq ümumi göstəricilərdə bahalaşmanın olduğu vurğulanır. Ekspertlər hesab edirlər ki, pandemiya dövrü bu prosesi daha da aktivləşdirib. Üstəgəl, Rusiya-Ukrayna müharibəsi vəziyyəti bir az da çətinləşdirib. Odur ki, dünyanın inflyasiya “bataqlığı”na düşməsi aşkardır. Bəs görəsən, Azərbaycanda qiymət artımlarının qarşısı necə alınacaq? Nazirlər Kabineti, digər rəsmi qurumlar bununla bağlı nə planlaşdırır? Maaş və pensiyalar qiymət artımının öhdəsindən necə gəlir? Dünyada ərzaq məhsullarının bahalaşması sonda nə ilə nəticələnə bilər? Böyük üsyanlar, qırğınlar, müharibələrin labüd olduğunu iddia edənlə var…
İqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Onun fikrincə, bahalaşmanın səbəbləri əvvəl pandemiya, ardınca onun yaratdığı iqtisadi böhran, bundan sonra da Rusiya-Ukrayna arasında baş verən müharibə oldu ki, bunlar da dünyada ərzaq qıtlığı ilə bağlı ciddi təhdidlər yaratdı. Nəticədə qiymət artımına gətirib çıxardı. Təbii ki, buna qarşı həm Nazirlər Kabineti, həm də digər qurumlar tərəfindən sistemli şəkildə, ardıcıl tədbirlər həyata keçirirlər. Bu tədbirlərə ərzaq ehtiyatlarının yaradılması, eyni zamanda ölkədəki ərzaq məhsullarının digər ölkələrə ixracı ilə bağlı məsələlərdə müəyyən qədər məhdudiyyətlərin təqdim olunmasını göstərmək olar. Buna həm də ixracın tənzimlənməsi deyə bilərik. 28 adda məhsulun tənzimlənməsi prosesi məhz İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilməli idi. Eyni zamanda yerli sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, investisiya mühitinin təşviq edilməsi kimi proseslər məhz bu bahalaşmaya qarşı aparılmış sistemli yanaşmalardır. Paralel olaraq da Mərkəzi Bankın uçot dərəcəsini 0,25 faiz artırmasıdır ki, bu da antiinflyasiya tədbirləri çərçivəsində atılan mühüm addımdır. İqtisadi böhran nəticəsində qiymətlərin süni artırılması hazırda bizdə müşahidə edilən qiymət artımlarının üçüncü bir tərəfidir. Bununla bağlı ölkənin 68 şəhər və rayonunda vaxtaşırı monitorinqlər həyata keçirilir. Qiymət artımına səbəb olan təsərrüfat subyektləri müəyyənləşdirilərək müəyyən addımlar atılır. Nə dərəcədə nail olunur? Buna tam şəkildə nail olmaq mümkün deyil. Təbii olaraq ciddi şəkildə nəzarət edilir. Amma nəzərə alsaq ki, azad bazar şəraitində buna ehtiyac yoxdur. Sadəcə olaraq, bizdə müəyyən mal və xidmətlərin istehsalçısının, o cümlədən də idxal məhsullarını bazarlara təqdim edən təsərrüfat subyektlərinin inhisarçı mövqelərinə tez-tez rast gəlinmə hökumət qarşısında zərurət yaradır ki, bazarlara ciddi şəkildə nəzarət olunsun”.
“Dövlət subsidiyalarla qiymət artımının qarşısını ala bilər”
Bahalaşmanın qlobal proses olduğunu qeyd edən ekspert deyib ki, pandemiya dövründə dünya iqtisadiyyatına təqribən 20 faiz həcmində əlavə pul kütləsi buraxılıb: “85 trilyon dollarlıq ÜDM-ə qarşı 17 trilyon dollarlıq vəsait buraxılıb. Bu da real sektora yönəlmədiyindən iqtisadiyyatda ciddi şəkildə inflyasiya meylləri yaranıb. ABŞ-ın Federal Ehtiyatlar Sistemi 2018-ci ildən 2022-ci ilə qədər uçot dərəcəsini demək olar ki, sıfırda saxlayırdı. Amma artıq bu il uçot dərəcəsini qaldırmağa başlayıb. Növbəti illərdə də bunu bir neçə dəfə qaldırması planlaşdırılır. Bu da inflyasiyanın boğulması üçün atılan addımlardır. Bu gün dünyada siyasət belədir ki, dövlətlər monetar siyasət vasitəsilə inflyasiyaya qarşı mübarizə aparmağa çalışırlar. Eyni zamanda, öz daxili tələbatlarını ödəmək üçün hissə-hissə ixraclarına qarşı məhdudiyyətlər qoyurlar. Misal üçün, Qazaxıstan yaxınlarda taxıla, Rusiya şəkərə, Türkiyə duru yağlara və sairə. Azərbaycanın idxal etdiyi məhsullar arasında ərzaq məhsulları və ölkənin qida təhlükəsizliyində rol oynayan məhsullar, ərzaqlıq buğdanın demək olar ki, böyük əksəriyyətinin idxal olunmasını inflyasiyanın 60-70 faizinin məhz ”idxal inflyasiya” olaraq adlandırırıq. Burada müəyyən qədər həqiqətlər də var”.
E.Əmirov maaş və pensiyaların artması məsələsinə də fikir bildirib: “Statistikaya baxsaq, orta hesabla maaş və pensiyalar 20 faiz qaldırılıb. Ərzağın qiyməti təxminən 17-18 faiz qalxıb. Ümumi anlamda 12.7 faizlik inflyasiya var. Ərzaq inflyasiyası isə 17-18 faiz həcmindədir. Əmək haqqı isə 20 faiz artıb. Təqribən əməkhaqlarının artımı inflyasiyanın artım tempini kompensasiya edir. Amma gəlin etiraf edək ki, bütün insanların əmək haqqı qalxmayıb. Yalnız müəyyən sahələr üzrə çalışanların, dövlətdən əmək haqqı alan şəxslərin maaşında artım olub. Lakin, böyük hissə var ki, onların əmək haqları artırılmayıb. Görünən odur ki, insanların gəlirləri və mövcud inflyasiya arasında olmuş bir vəziyyət müəyyən sıxıntılar yaradır. Lakin, bu ölkədə hər hansı qıtlığın, aclığın, ciddi şəkildə problemlərin yaranacağı demək deyildir. Bəli, inflyasiya var, amma bu o demək deyil ki, aclıq başlayacaq, üsyanlar olacaq. Belə bir təhdid düşünmürəm ki, var. Sadəcə olaraq, müəyyən qurumlar var ki, öz varlıqlarını, planetdə olduqlarını sübut etmək üçün qorxunc proqnozlar verirlər. Biz bunu BMT-nin alt təşkilatlarının açıqlamalarında zaman-zaman görmüşük. Ümumdünya Səhiyyə Təşkilatının, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamalarında da görmüşük. Bir problemi qlobal şəkildə böyüdərək təqdim edirlər. Bu səbəbdən də düşünmürəm ki, problemlər deyildiyi qədər aclıq, qıtlıq səviyyəsinə gələcək. O ölkələrdə ki, pandemiyadan əvvəl normal həyat olub, yaşam tərzi olub, bu ölkələrdə hər hansı ciddi problemin olacağını düşünmürəm. Azərbaycanın hazırda ən ciddi problemi taxıldan olan asılılıqdır, biz əvvəl təqribən 80-85 faiz Rusiyadan, 15 -20 faiz isə Qazaxıstandan taxılımızı idxal edirdik. Taxıla olan tələbatımızın təxminən 40 faizi idxal idi. Amma həmin 40 faiz daha çox ərzaqlıq buğda idi. Çünki bizdə istehsal olunan buğda keyfiyyət baxımından problemli idi. Rusiyada olan problem səbəbindən artıq 80 faiz Rusiyanın payını biz 46 faizə qədər endirmişik. Əvəzində Qazaxıstanın payını 54 faizə qaldırmışdıq. Sadəcə olaraq, Qazaxıstan da iyunun 15-nə qədər taxıla qadağa qoydu. Azərbaycanın başqa seçimləri var. Yəqin ki, logistik olaraq uzaq ölkələrə müraciət edilməli olacaq. Bu da logistik xərclərin artması, nəticədə taxılın qiymətinin ölkədə artmasına gətirib çıxaracaq. Bunun üçün dövlət subsidiyalarla qiymət artımının qarşısını ala bilər. Fikrimcə, subsidiya mexanizmi ilə qiymət artımının qarşısı alınacaq”.