27 İyul 2024

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri qlobal əhəmiyyət daşıyır

Qardaş ölkələrin çoxşaxəli əməkdaşlığı hər iki dövlətin qətiyyətli siyasi iradəsi əsasında inkişaf edərək daha da möhkəmlənir. Çox doğru olaraq bu gün Azərbaycanla Türkiyənin qarşılıqlı münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi səciyyələndirilir. Dünya miqyasında elə iki dövlət tapmaq mümkün deyil ki, onlar bizim ölkələrimiz kimi bir-birinə yaxın olsunlar. Hazırda daim yüksələn xətlə inkişaf edən əlaqələrimizin kökləri tarixin dərin qatlarından, dil və din eyniliyindən, ortaq ənənələrdən, milli mədəniyyətlərimizdən, xalqlarımızın həyat tərzindən və bu kimi digər amillərdən qaynaqlanır.
Eyni zamanda, geostrateji planda meydana çıxan yeni çağırışlar Azərbaycan-Türkiyə müttəfiqliyinin möhkəmləndirilməsinin zəruriliyi həqiqətini ortaya qoyur. Bir sıra ekspertlərin də vurğuladığı kimi, bu gün regional əməkdaşlığı və təhlükəsizliyi iki dövlətin müttəfiqliyindən kənarda təsəvvür etmək mümkün deyil. Bütövlükdə, Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli olmaqla böyük regional və qlobal əhəmiyyət daşıyır. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Türkiyə ilə münasibətlərinin möhkəmlənməsinə böyük önəm verirdi.
Səciyyəvi haldır ki, Azərbaycanla Türkiyə arasında müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşməsinə yönələn təşəbbüslər davamlı şəkildə hər iki tərəfdən gəlir. Başqa sözlə desək, Azərbaycan-Türkiyə müttəfiqliyi hər iki dövlətin qətiyyətli siyasi iradəsi əsasında inkişaf edərək daha da möhkəmlənir. Bu münasibətlərin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri respublikamız 1991-ci ildə XX yüzillikdə ikinci dəfə müstəqillik qazandıqdan sonra yenidən bərpa olunub. Qardaş ölkə dünyada ilk dövlət olaraq 9 noyabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.
5-8 may 1997-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə ikinci rəsmi səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə daxil olmasının təzahürü idi.
12-17 mart 2001-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyəyə növbəti dəfə rəsmi səfər edib. Türkiyənin dövlət və hökumət rəhbərləri ilə görüşlərdə iki dövlət arasında münasibətlərin vəziyyəti və inkişaf perspektivləri müzakirə mövzusu olub. Səfər zamanı imzalanan Azərbaycan təbii qazının Türkiyəyə nəql edilməsinə dair saziş və digər sənədlər qarşılıqlı faydalı əməkdaşlıq siyasətinin davam etdirilməsinə daha yaxşı şərait yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Müstəqil Azərbaycanın bütün istiqamətlərdə apardığı siyasətin varisliyini təmin edən Prezident ilham Əliyev, həmçinin Ulu Öndərimizin qardaş Türkiyə ilə yaratdığı strateji əməkdaşlıq münasibətlərini yeni əsaslarla davam etdirib daha da möhkəmləndirməyə böyük səy göstərir. Qeyd edək ki, Azərbaycan Prezidenti ilham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşan səmimi münasibətlər, onların bir-birilərini “qardaşım” deyə çağırmaları ölkələrimiz arasında siyasi dialoqun daim yüksələn xətlə inkişafına çox güclü impuls verir. Bu gün
Azərbaycanla Türkiyə arasında siyasi dialoqun ən yüksək səviyyəyə yüksəlməsinin ifadəsi olaraq Azərbaycan Prezidentinin dövlət başçısı seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi, eləcə də Türkiyə Prezidentinin dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırması gözəl bir ənənəyə çevrilib, iki qardaş ölkənin rəhbərləri müntəzəm qaydada qarşılıqlı səfərlər edirlər, ikitərəfli və digər platformalarda davamlı olaraq görüşürlər. Bu görüşlərdə regional və qlobal əməkdaşlıqla, təhlükəsizliklə bağlı ciddi müzakirələr aparılır. Qardaş ölkələr beynəlxalq müstəvidə fəaliyyətlərini daim əlaqələndirirlər və müxtəlif məsələlərə münasibətdə bir-birilərini dəstəkləyirlər.
Aşağıdakı nümunə Azərbaycanla Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini qətiyyətlə dəstəkləmələrinə yaxşı nümunədir. Prezident ilham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”, – deyə bildirmişdi. Azərbaycan Prezidentinin bu cavabı Türkiyədə böyük coşquya səbəb oldu. Təsadüfi deyil ki, qardaş ölkənin mediası, bütün cəmiyyəti bunu Ermənistanın sabiq prezidentinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirdi.
2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarındanTürkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı. Müharibədən dərhal sonra 15 iyun 2021 –ci il tarixində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə çox vacib sənəd idi.
Eyni zamanda onu da qeyd edə bilərəm ki, 7 fevral 2024- cü il son prezident seçkilərindən sonra İlham Əliyevin ilk rəsmi səfərinin məhz Türkiyə dövlətinə etməsi yüksək səviyyədə davam edən əlaqələrin bariz nümunəsidir. Eyni zamanda hər iki dövlət başçısının mətbuata verdiyi birgə bəyanatdan bir neçə bəndi misal olaraq göstərə bilərik ki, ikitərəfli əməkdaşlıqda uzun dövr üçün nəzərə alınmış bir neçə əsas bənd var .Məsələn
-Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək

  • Ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb.
    -Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.
     
    Bərdə rayon Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta
    məktəbin direktoru – Elgün Qocamanov